Baba Sadayoşi (馬場貞由?, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎?), Kokuri (穀里?) və Teyyu (貞由?) adlarından da istifadə etmişdir.[1][2] Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur.
Baba Sadayoşi | |
---|---|
Doğum tarixi | 1787 |
Vəfat tarixi | 12 sentyabr 1822 |
Vətəndaşlığı |
Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir.[2] 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur.[2]
1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur.[2] O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır.[2] 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium") əsərinin tərtibində iştirak etmişdir.[2]
O, holland dilində bir neçə kitabın müəllifi olmuşdur.[1] Holland dili ilə yanaşı rus dilini də öyrənmiş, Mixail Lomonosovun şeirlərini rus dilindən yapon dilinə tərcümə etmişdir.[1] Vaksinasiyadan bəhs edən "Tonka hiketsu" (azərb. "Vaksinasiya ilə təbii çiçəyin qarşısını almaq") kitabını 1822-ci ildə rus dilindən tərcümə edərək yazmışdır.[1][3] Bu əsər Yaponiyada vaksinasiya metoduna dair ilk əsər olmuşdur. O, Vasili Qolovninin köməyi ilə rusca-yaponca lüğət tərtib etmiş,[4] eləcə də, onun qeydləri əsasında 1813-cü ildə "Roqo bunpo kihan" (azərb. "Rus qrammatikasının qaydaları") əsərini yazmışdır. Otsuki Qentakuya holland dilindən tibbi mətnlərin tərcüməsində kömək etmişdir.[5]
Baba 1810-cu illərdə Qərb metallurgiyası haqqında "Taysey şiçikin yakusetsu" əsərini yazmışdır.[3] Bu əsər Yaponiyada Qərb metallurgiyasına dair ilk əsər olsa da, ancaq 1854-cü ildə nəşr olunmuşdur.[3] Baba dəmiri bəşəriyyət üçün ən əhəmiyyətli metal hesab etmişdir.[3]
Udaqava Yoan və Rinso Aoci onun şagirdləri olmuş, ondan holland dili dərsləri almışdırlar.[1][6] Udaqava onun təsiri altında "Roşioci on ko" (azərb. "Rus hərfləri və səsləri haqqında traktat") əsərini yazmışdır.[1] Babanın ölümündən sonra onun Tərcüməçilik Bürosundakı yerini Yoşio Çuciro tutmuşdur.[1]