Udaqava Yoan

Udaqava Yoan (宇田川 榕菴?, 9 mart 1798, Edo[d]22 iyun 1846 və ya 1846, Edo[d])Yaponiya alimi və həkimi.[1] Qərb elmlərini öyrənmişdir.[1] O, "Yaponiya botanikasının atası" hesab olunur.[2]

Udaqava Yoan
yap. 宇田川榕菴
Doğum tarixi 9 mart 1798(1798-03-09)
Doğum yeri
Vəfat tarixi 22 iyun 1846(1846-06-22) (48 yaşında) və ya 1846
Vəfat yeri
Vətəndaşlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Udaqava Yoan 1798-ci ildə Yaponiyanın Oqaki hanında doğulmuşdur.[1] Atası Ezava Yoci həkim idi.[2] O, kiçik yaşlardan etibarən təbiətşünaslığa maraq göstərməyə başlamışdır. Atasının etirazlarına baxmayaraq,[3] Tokuqava şoqunluğunun tərcüməçisi Baba Sacurodan holland dili dərsləri almışdır.[1] 1811-ci ildə Qərb tibbi üzrə həkim Udaqava Şinsay tərəfindən övladlığa götürülmüşdür.[3] Babanın ölümündən sonra holland dili dərslərinə Yoşio Çuciro ilə davam etmişdir.[3]

Udaqava 1817-ci ildə Tsuyama klanının rəsmi həkimi postunu qəbul etmişdir.[3] 1822-ci ildə həkim Adaçi Çoşunun qızı olan Adaçi Seyo ilə evlənmişdir.[3] 1826-cı ildə şoqunluğun astronomiya şöbəsinin tərcüməçisi olmuş və holland ensiklopediyalarından birinin tərcüməsində iştirak etmişdir.[1] Holland dili ilə yanaşı alman, yunan, rus, ingilislatın dillərində də oxumuşdur.[1][3] O, ingilis dilini təkmilləşdirmək üçün 1822-ci ildə Takahaşi Kaqeyasudan icazə alaraq Britaniyaya məxsus "Saracen" gəmisində üç gecə keçirmişdir.[3]

Elmi töhfələri[redaktə | mənbəni redaktə et]

Udaqava xarici dilləri, xüsusilə də, holland dilini öyrəndikdən sonra Qərb dünyasının əsərlərini yapon dilinə tərcümə etməyə başlamışdır.[3] Babanın təsiri altında "Roşioci on ko" (azərb. "Rus hərfləri və səsləri haqqında traktat"‎) əsərini yazmışdır.[3] Holland dilində ustalaşdıqdan sonra 1816-cı ildə "Kohi ne setsu" (azərb. "Kofe haqqında məqalə"‎), 1819-cu ildə isə "Engerisu şarien ko" (azərb. "İngiltərədə Epsom duzu haqqında araşdırma"‎) məqalələrini yazmışdır.[3] Naqasakidə xolera epidemiyası başlayanda və heç kim bunun qarşısını almağın yolunu bilməyəndə o, 1822-ci ildə xoleraya qarşı mübarizədən bəhs edən "Korea morubusu setsu" məqaləsini yayımlamışdır.[3]

Udaqava Niderlandla elmi mübadilələr apararaq Yaponiyanı Qərb dünyasının botanika elmi ilə tanış etmişdir.[2] 1822-ci ildə yazdığı "Botanika kyo" (azərb. "Botanika sutrası"‎) Yaponiyada Qərb botanikasına dair ilk əsərdir.[2] O, Kristian LüdviqHerman Burhave kimi botaniklərdən təsirlənərək bütün bitkiləri bitki-heyvan modeli ilə başa düşməyin mümkünlüyünü müdafiə etmişdir.[2] Alman botanik Filip Frans fon Ziboldun rəhbərliyi altında 1834-cü ildə üç cildlik "Şokuqaku keyqen" (azərb. "Botanikanın prinsipləri"‎) əsərini yayımlamışdır.[2] Bu əsərdə sadə botanika terminlərini yapon dilinə tərcümə etmiş və bitki fiziologiyasından danışmışdır.[2] Udaqava botanika rəssamı da olmuşdur.[2] 1825-ci ildə yayımlanmış "Şokubutsu şasey zufu" (azərb. "Bitki rəsmlərinin albomu"‎) əsərinə onun tərəfindən çəkilmiş 82 bitki rəsmi daxildir.[2]

Udaqava farmakologiya, kimya, zoologiya, tarix, dilçilik, coğrafiya, texnologiya, musiqiriyaziyyat sahələrinə də maraq göstərmişdir.[3] 1828-ci ildə "Konçu tsuron" (azərb. "Entomologiya haqqında traktat"‎) əsərini yayımlayaraq Yaponiyanı müasir entomologiya ilə tanış edən ilk şəxs olmuşdur.[3] Vilyam Henrinin "Təcrübi kimyanın elementləri" əsərini holland dilindən tərcümə edərək "Seymi kayso" (1837) adı ilə yayımlamışdır.[1] Bu kitab Yaponiyada sistematik kimyaya dair ilk kitabı olmuşdur.[4] Yaponiyada hələ də istifadə olunan kimyəvi terminlərin çoxu bu kitabdan qaynaqlanır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Kodansha Encyclopedia of Japan
  2. 1 2 3 4 5 6 7 8 9 "Father of Japanese Botany" (ingiliscə). Kew Gardens. 9 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Doke, Tatsumasa. "Yoan Udagawa: A Pioneer Scientist of Early 19th Century Feudalistic Japan" (PDF). Japanese Studies in the History of Science (ingiliscə). 12. 1973: 99–120. 2021-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-10.
  4. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]