Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki.
İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.[1]