Bakı 1501 (roman)

Bakı 1501Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman.

Bakı 1501
Romanın 2015-ci il nəşrinin üz qabığı
Romanın 2015-ci il nəşrinin üz qabığı
Janr roman
Müəllif Əzizə Cəfərzadə
Orijinal dili azərbaycanca
Yazılma ili 1981

Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadənin "Xudafərin körpüsü" (1982), Əlisa Nicatın "Qızılbaşlar" (1982) romanlarında Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr, eləcə də Şah İsmayıl Xətainin şəxsiyyəti, sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə "Bakı-1501" romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər, hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıqfikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.

Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlər də yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.

Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[1]

Tanınmış yazıçı Əzizə Cəfərzadənin 3 hissədən ibarət olan bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımından indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbay­can­da­kı Səfəvilər döv­lə­ti­nin qüdrət­lən­məsindən, qızılbaşların Şa­ma­xıya və Bakı qala­sına hücumundan, Şah İsmayıl Xətainin bir pad­şah, sərkərdə və şair kimi mürəkkəb həya­tın­dan bəhs edir.

Əsər Sovet dönəmində yazılsa da müəllif bü­tün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbay­can di­li­nin əhəmiyyətini cəsarətlə önə çəkib...

Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.

Roman ilk dəfə 1981-ci ildə Bakıda Yazıçı nəşriyyatında, 2015-ci ildə isə Bakı Kitab Klubunda 376 səhifədə, 100 tirajla nəşr olunmuşdur.[2]

1983-cü ildə tarixi romanların müzakirəsi zamanı bu romana iradlar tutulub. Bu iradlar əsasən əsərin üslubu və Şah İsmayılın şəxsiyyəti ilə bağlı olub. Məsələn tarixçi və yazıçı Mahmud İsmayılov Şah İsmayılın "intiqamçı din mücahidi" kimi göstərilməsinə etiraz edib.[3]

Tənqidçi Akif Hüseynov romanı obrazlı təhlil etmiş, müsbət cəhətlərini və qüsurlarını göstərib.[4]

Azərbaycan tarixi romanı haqqında ətraflı monoqrafiya çap etdirmiş professor Yavuz Axundov özünün "Tarix və roman" adlı tədqiqatında bu romana da toxunmuş, diqqəti əsasən Şah İsmayıl obrazına yönəltmişdir.[5]

Ədəbiyyatşünas Cəmilə Məhərrəmova da əsəri qiymətləndirib.[6]

Romanı "marksizm təlimi prinsipləri" ilə təhlil edən tənqidçi Qulu Xəlilovun fikrincə əsərdə Xətai bir tarixi şəxsiyyət kimi təhrif olunub.[7]

Tənqidçi Vilayət Quliyevin fikrincə roman tarixi nəsrin qarşısında qoyulan tələblərə cavab vermir.[8]

Əsərə bir qədər başqa aspektdən yanaşan ədəbiyyatşünas Aida Salahova onu daha çox obraz yaradılışı prizmasından qiymətləndirib.[9]

  1. Əzizə Cəfərzadə. Bakı-1501. Yazıçı,1981, səh 263
  2. "Bakı 1501" (az.)). kitabklubu.org. 2015-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  3. Asifə Telmanqızı. Əzizə Cəfərzadənin bədii dünyası Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine. Bakı - 2000. səh. 72
  4. Akif Hüseynov. Sənət me'yarı. Bakı. Yazıçı. 1986. səh. 221
  5. Yavuz Axundov. Tarix və roman. Bakı. Yazıçı. 1988. səh. 90
  6. Cəmilə Məhərrəmova. Xətai haqqında roman. "Azərbaycan müəllimi". 16 iyun 1982
  7. Quli Xəlilov. Tənqidçilik çətin peşədir. Bakı. Yazıçı. 1986. səh. 287
  8. Vilayət Quliyev. Nəsrimiz və tariximiz. "Azərbaycan". 1984. № 4
  9. Aida Salahova. Xətai dövrünün təsviri. "Ədəbiyyat və incəsənət". 7 may 1982

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]