Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum.

Azərbaycan xeyriyyəçisi, milyonçu, Müsəlman Xeyriyyə Cəmiyyətinin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş nümayəndəsi İsmayıl bəy Səfərəliyev.

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi.

Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy TopçubaşovƏsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.[1]

Cəmiyyət əvvəllər, başlıca olaraq, Bakıda və onun ətrafında fəaliyyət göstərirdi. Birinci dünya müharibəsi illərində öz nizamnaməsində bəzi dəyişiklik edərək, geniş fəaliyyət göstərmiş, Qafqaz cəbhəsindən qaçqın düşənlərə, yetim uşaqlara, əsir düşmüş türk əsgərlərinə yardım etmişdir. "Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkilliyin" nəzdində BMXC-nin baş müvəkkili var idi. Bu vəzifə Xosrov Paşa bəy Sultanova həvalə olunmuşdur.

Müharibə dövründə cəmiyyətin onlarla şəhərdə məntəqələri fəaliyyət göstərirdi. Qars, ƏrzurumTiflisdə xüsusi şöbələri açılmış, bu şəhərlərdə onun müvəkkilləri çalışırdı. Cəmiyyətin nəzdində "Fəlakət və hərbzədələrə yardım şöbəsi" yaradılmışdır. Qars şöbəsinə rəhbər Rza bəy Qaraşarlı təyin olunmuşdur.[2]

Qarsa cəmiyyət adından gedən heyətdə Əhməd Cavad da olmuşdur.[2]

Rusiyada Fevral inqilabındansonra BMXC müsəlman ictimaiyyətinin əsas dayaq nöqtəsi olmuşdur. 1917 il martın 9-da cəmiyyətin binasında Bakının bütün müsəlman təşkilatlarının və müsəlman ictimaiyyəti nümayəndələrinin yığıncağı keçirilmiş və Müvəqqəti hökumətlə həmrəylik haqqında qətnamə qəbul olunmuşdur.

Cəmiyyət Azərbaycan Xalq Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirmişdir. Bu dövrdə cəmiyyətin sədri Qasım Qasımov olmuşdur. Cəmiyyət qaçqınlara, yaralı türk əsgərlərinə yardım göstərirdi. Qaçqınlar İçərişəhərdəki keçmiş əsgər kazarmasında, "Səfa" məktəbində, qaçqın uşaqları isə yetimxanalarda yerləşdirilmişdi. 1919 ilin yayında BMXC Bakını azad edərkən şəhid olmuş əsgərlərin qəbri üzərində abidə qoyulması və oraya Şollar su kəməri xəttinin çəkilməsi təklifi ilə çıxış etmişdir.

Cəmiyyət 1920 ilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyinə ərizə ilə müraciət edərək, müsəlman yetimxanalarında dərzilik, çəkməçilik, xarratlıq sənətləri üzrə peşə emalatxanalarının yaradılmasını xahiş etmişdir. BMXC Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında rol oynamışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 228. ISBN 9952-417-14-2.
  2. 1 2 "Arxivlənmiş surət" (PDF). 2016-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-23.