Həsən bəy Ağayev

Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayev (1875, Yelizavetpol19 iyul 1920, Tiflis) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini.[1]

Həsən bəy Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 1875
Doğum yeri
Vəfat tarixi 19 iyul 1920(1920-07-19)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi, həkim
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir.[2] Vətənə qayıdaraq həkimlik etmişdir. 1906–1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. "Difai" təşkilatının üzvü olmuşdur.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və b. ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın — "Türk Ədəmi-mərkəziyyət firqəsi"nin əsasını qoymuşdur (1917). Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-ci il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.

Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir.

19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur

"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il. İkinci cərgədə, sağdan 5-ci Həsən bəy Ağayev

Həsən bəy Ağayev publisistika ilə də yaxından məşğul olmuşdur. Gəncədə "Yujnı Kavkaz" ("Cənubi Qafqaz") qəzetini nəşr etdirmişdir (1911–1912). Müsəlmanlar arasında maarif yayan cəmiyyətin sədri seçilmişdir (1911). Gəncədə Xudadat bəy Rəfibəyli ilə (1878–1920) birgə tibb cəmiyyəti yaratmışdır (1914).

  1. "Görkəmli Azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-18.
  2. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.