Bakı Sovetinin 25 iyul qətnaməsi

Bu məqalə Bakı Soveti haqqındadır. Digər mənalar üçün Bakı Soveti (dəqiqləşdirmə) səhifəsinə baxın.

Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı.[1][2]

Bakı Soveti
Loqonun şəkli
Ümumi məlumatlar
Növü bələdiyyə
İdarə heyəti
Sədr Stepan Şaumyan, Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər)
2 noyabr 1917 tarixindən
Sədr Prokofi Caparidze, Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər)
Dekabr 1917 tarixindən
Quruluşu
Üzvlərin sayı 52-500
siyasi partiyalar

Sosialist Bloku (77)


Bolşeviklər (51)


Milli Erməni Partiyaları Bloku (41)


Milli Müsəlman Partiyalar Bloku (21)

Qeydlər
Mart 1917 tarixindən 31 iyul 1918 tarixinədək fəaliyyət göstərmişdir.

Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir.

Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.

Bakı Rayonu Fəhlə Deputatları Soveti özünü Bakı fəhlələrinin yeganə səlahiyyətli orqanı hesab edirdi. Sovet öz fəaliyyətini Petroqrad Fəhlə Deputatları Soveti və bütün Rusiya fəhlələrinin fəaliyyəti ilə uyğunlaşdırmaq niyyətini bildirmiş, sırf yerli xarakterli hər cür çıxışların əleyhinə olduğunu, Bakı qarnizonunun ordu və donanmasının Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə həmrəyliyinə nail olmaq vəzifəsini elan etmişdi. Bakı Rayonu Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin ilk müraciəti "Yaşasın Müəssislər məclisi! Yaşasın demokratik respublika!" şüarları ilə bitirdi.

10 may seçkiləri

[redaktə | mənbəni redaktə et]

Martın 7-də Bakı qarnizonunun əsgər və zabit deputatları sovetləri də yaradıldı və martın sonlarında vahid hərbi deputatlar soveti halında birləşdilər. Sovetlərdə əksəriyyət menşeviklərə, eserlərə məxsus idi.

Bakı Rayonu Fəhlə Deputatları Soveti 1917 il mayın 1-dən Bakı rayonunda 8 saatlıq iş günü qoyulmasını özünün ilk qələbəsi hesab etmişdi. Menşeviklər və eserlərin güclü olduğu bir digər qurum 50 min Bakı fəhləsinin daxil olduğu Bakı Həmkarlar Şurası idi. 10 may 1917-ci ildə bu şura vahid bir Bakı Fəhlə və Hərbi Deputatlar Sovetinə birləşdirildi. Bu birləşmə Bakı Sovetində menşeviklərin və eserlərin mövqelərini daha da gücləndirdi. Bolşevik fraksiyası Bakı Sovetində 25, menşeviklər 56, eserlər isə hərbi deputatlar hesabına daha da çox sayda deputatla təmsil olunurdu[3].

Bakı Sovetinə bundan başqa daşnaklar da daxil idi. Müsavat Partiyası isə bu ərəfələrdə Bakı Sovetində təmsil edilmirdi. Bolşeviklərin Bakı Sovetinə rəhbərliyi çox qısa çəkdi. 10 mayda Bakı Sovetinə seçkilərdə bolşevik Stepan Şaumyanın əvəzinə eser Sako Saakyan Sovet Sədri seçildi, menşevik Ramişvili isə İcraiyyə Komitəsinin sədri oldu. 10 may seçkilərində məğlubiyyətdən sonra Bakı Partiya Komitəsinin tapşırığı ilə Məşədi Əzizbəyov, Dadaş Bünyadzadə, Möhsün İsrafilbəyov, Həmid Sultanov və digər bolşeviklər Bakı quberniyası rayonlarında təşviqat və təşkilatçılıq işlərinə başladılar. Xüsusən, əsgərlər arasında aparılan təbliğat effektiv oldu. Bu tədbirlərin nəticəsində 1917-ci ilin yayında Bakı, Şamaxı və Naxçıvan qarnizonlarının mütləq əksəriyyəti bolşeviklərin tərəfinə keçdi.[4]

Bolşevik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Bakı bolşevikləri Sovetdə rəhbərliyi ələ almaq üçün gərgin mübarizə aparırdılar. Bolşeviklər Petroqradda hakimiyyəti ələ keçirən kimi, 1917-ci il oktyabrın 27-də Bakı Sovetinin fövqəladə yığıncağı keçirildi. Sovetin eser-menşevik-daşnak bloku, bolşeviklərin kəskin etirazına baxmayaraq, 168 səsə qarşı 246 səslə Bakıda, ali hakimiyyət orqanı kimi, İctimai Təhlükəsizlik Komitəsinin yaradılması haqqında qərarın qəbul edilməsinə nail oldu.

Sovet Oktyabr çevrilişinin (1917) dinc yolla ləğvini tələb edirdi. Sovetin bu qərarı ilə razılaşmayan bolşeviklər, mədən-zavod komitələri üzvlərinin dəstəyinə arxalanaraq oktyabrın 31-də Bakı Sovetinin geniş iclasını çağırdılar. Onları müdafiəyə gələnlərin sayı Sovetin üzvlərindərı xeyli çox idi. Hakimiyyətin sovetlərə keçməsi ilə razılaşmadıqlarını bildirən menşevik və eserlərin iclas zalından çıxıb getməsi bolşeviklərə olduqca sərfəli idi. İclas Bakı rayonunda bütün hakimiyyətin Bakı Sovetinə keçməsi haqqında qətnamə qəbul etdi.

Noyabrın 2-də bolşeviklər öz mövqelərini daha da möhkəmləndirmək məqsədilə yenidən bütün hakimiyyətin Sovetə verilməsi məsələsini qoydular, geniş iclas çağırmaq taktikasından bir daha istifadə edərək, siyasi qüvvələr nisbətini öz xeyirlərinə dəyişə bildilər. Noyabrın 2-də 468 deputatın qatıldığı növbəti iclasda sağ eserlər, menşeviklər və daşnaklar hakimiyyət məsələsinin müzakirəsini təxirə salmağı təklif edərək Soveti tərk etdilər. Bakı Sovetində 344 bolşevik, onlar ilə müttəfiq olan sol eserlər və bir neçə beynəlmiləlçi menşevik deputat qaldı. Şaumyanın təklifi ilə Bakı Sovetinin İcraiyyə Komitəsinin yeni tərkibi seçildi. Bakı Sovetinin İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı elan olundu.Bununla İctimai Təşkilatların İcraiyyə Komitələrinin ləğv edilməsinə başlandı. İcraiyyə Komitəsinin sədri Stepan Şaumyan, üzvləri isə Caparidze, Fioletov, Əfəndiyev, Basin, Vəzirov, Vaçek, Zərgərov olmaqla 36 nəfər seçildi. Həmin iclasda Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin adının dəyişdirilərək, Bakı Fəhlə və Əsgər Deputatları Soveti adlandırılması qərara alındı. Eser və menşeviklərlə "müsavat"çılar arasındakı ziddiyyətlərdən istifadə edən bolşeviklər Bakı Sovetində əsas vəzifələri asanlıqla ələ keçirə bildilər.

Müsavatın iştirakı

[redaktə | mənbəni redaktə et]

Müsavat 1917-ci ilin yayına qədər Bakı Sovetinə daxil edilmədi. Bunun əsas səbəbi kimi Müsavatın federasiya tərəfdarı olması və Azərbaycanın muxtariyyətini istəməsi idi. Müsavat Bakı Sovetinə daxil olmasa da yerli özünüidarəetmə orqanları seçkilərində iştirak edirdi. Məsələn, 1917-ci il 12 iyul tarixindəki Duma seçkilərində Müsavat çox böyük fərqlə qalib gəlmişdi. Dumanın əsas vəzifələri şəhər təsərrüfatını yaxşılaşdırmaqla yanaşı, kimsəsiz insanlara daha asan yaşayış şəraiti və maddi tələbatlarını təmin etmək idi. Dumanın İcraiyyə Komitəsinin sədri Topçubaşov, müavini isə Məmmədhəsən Hacınski seçilmişdi.[5]

1917-ci ilin payızına yaxın Müsavat Partiyası Bakı Sovetində iştirakına qoyulan qadağaya daha sərt formada etiraz etməyə başladı. "Açıq söz" qəzeti müsəlmanların təmsil olunmamasında sosialistləri günahlandırırdı:

" Hökumət orqanlarının idarəsini öz üzərinə götürən solçu partiyalar Müsavat Partiyasını Sovetə daxil etməməklə ən böyük səhvlərini edirlər, bu səhv eyni zamanda yerli əhaliyə lazımi diqqət göstərilmədiyinin bariz nümunəsidir. "

Müsavatın Bakı Sovetində təmsil edilmə tələbi 8 sentyabrda Bakı Soveti İcraiyyə Komitəsində müzakirə edildi. Bu dəfə də Müsavatın tələbi rədd edildi. Avqusta qədər Müsavat eserlər və daşnaklar kimi müharibəni dəstəkləyirdi. Lakin sentyabr ayında Müsavat münasibətini dəyişdi və müharibədən narazılığını güclü şəkildə bildirdi. Bu münasibət dəyişikliyi müharibə əleyhdarı olan bolşeviklərlə müsavatçıları yaxınlaşdırdı[6]. Məhz bu yaxınlaşma bolşeviklərin istəyi ilə Müsavatın Bakı Sovetinə daxil edilməsi ilə nəticələndi.

Bakının digər siyasi hakimiyyət strukturları Sovetin təkhakimiyyətliliyinə əngəl törətdiyindən Bakı Soveti 1917-ci il noyabrın 12-də İctimai Təhlükəsizlik Komitəsinin, noyabrın 21-də isə İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə nail oldu. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması Bakı Sovetinin rəqibi olaraq qalırdı.

Oktyabr seçkiləri

[redaktə | mənbəni redaktə et]

22 oktyabr 1917-ci ildə seçkilər keçirilmişdir. Seçkilərin nəticəsində Müsavat 9617, Sosialist İnqilabçılar 6305, bolşeviklər 3823, menşeviklər 687, Daşnaksütun isə 528 səs topladı. Bu seçkilər Müsavatın qələbəsi ilə nəticələnsə də bolşeviklər nəticələri tanımadı. Zabrat rayonu istisna Bakının bütün neft-mədən rayonlarında Müsavat qələbə çalmışdı.

Dekabr seçkiləri

[redaktə | mənbəni redaktə et]

22 oktyabrın 1917-ci ildə keçirilmiş ilk seçkilərdə məğlub olan bolşeviklər nəticələri tanımayaraq Bakı Soveti hökumətini və İcraiyyə Komitəsini zorla ələ keçirmişdilər. İkinci seçkini özlərinin tərtib etdikləri sistem üzrə keçirən bolşeviklər bu dəfə istədiklərini əldə etdilər.1917-ci il dekabrın 12–16-da dəyişdirilmiş seçki qaydası əsasında (Bakı 16 rayona bölündü: Qara şəhər, Ağ şəhər, Bibiheybət, Balaхanı, Suraхanı, Binəqədi, Zabrat və başqaları.) Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər səs çoxluğu qazandılar. 1917-ci il dekabrın 12–16-da Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər 51, daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, müsavatçılar 21 və menşeviklər 11 yer əldə etmişdilər. Əvvəllər olduğu kimi bu dəfə də Sovetdə müəyyənləşdirici mövqe esermenşevik-daşnak blokuna aid idi. 31 dekabrda Bakı Soveti yeni tərkibində özünün ilk iclasını keçirmişdi. Stepan Şaumyan yenidən deputatların əksəriyyəti tərəfindən Bakı Sovetinin sədri seçildi[7]. Şaumyanın sədrliyi ilə 31 dekabr 1917-ci ildə keçirilmiş Bakı Şurasının yeni tərkibinin iclasında alınan qərara əsasən, Sovetin İcraiyyə Komitəsinə yalnız Sovet hakimiyyətini dəstəkləyən partiyaların nümayəndələri daxil olmalı idi. Beləcə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser və 2 Müsavatçı İcraiyyə Komitəsinə daxil oldu.

1917-ci ilin dekabrında Stepan Şaumyanın Vladimir Lenin tərəfindən Qafqaz İşləri üzrə Xüsusi Komissar təyin edildi. Bundan sonra 1 yanvar 1918-ci ildə Prokofi Caparidze yekdilliklə İcraiyyə Komitəsinin Sədri, 13 yanvarda isə eyni zamanda Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri seçildi[8].

Bakı Xalq Komissarları Sovetinin yaradılması

[redaktə | mənbəni redaktə et]

1918-ci il aprelin 19-da Stepan Şaumyan şəhər konfransında Bakı Vilayətinin Xalq Komissarları Sovetinin yaradılması barədə bəyanatla çıxış etdi. Elə həmin gün Bakı Şurası İnqilab Müdafiə Komitəsinin daimi və daha geniş bir hökumət orqanı olan Bakı Xalq Komissarları Soveti ilə əvəz edilməsi barədə qərar qəbul etdi. Qəbul edilmiş qətnamədə Xalq Komissarları Sovetinin sol blokun nümayəndələrindən, yəni bolşeviklərdən və sol eserlərdən ibarət olacağı bildirildi[9].

İnqilab Müdafiə Komitəsinin 20 aprel tarixli qərarı ilə Bakı Şəhər Duması ləğv edildi və şəhər özünüidarəetmə funksiyaları Bakı Fəhlə, Əsgər və Dənizçilər Deputatları Sovetinə verildi. İnqilabi Müdafiə Komitəsinin təlimatına əsasən, Erməni və Müsəlman Milli Şurasının fəaliyyəti dayandırıldı. Hakimiyyətin bütün funksiyaları Fəhlə, Əsgər və Dənizçi Deputatları Sovetinə və ya Mərkəzi Sovet hökuməti tərəfindən ayrılmış təşkilatlara aid olmağa başladı. Erməni Milli Şurasının qarşısına hərbi birləşmələrini ləğv etmək və sovet qoşunları ilə birləşdirmək tələbi qoyuldu[10].

25 aprel 1918-ci ildə Zaqafqaziyada ilk Sovet hökuməti olan Bakı Xalq Komissarları Soveti (XKS) quruldu. Xalq Komissarları Şurasına bolşeviklər və sol eserlər daxil idi.

Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti bolşeviklərin Bakı Sovetində möhkəm səs çoxluğuna malik olmaması ilə çətinləşirdi. 1918-ci ilin aprelində Bakı Sovetinin 308 deputatı var idi. Bu deputatların 58-i bolşevik, 2-si bolşeviklərə simpatiya duyan bitərəf deputat, 46 sol eser, 7-si sol eserlərə simpatiya duyan bitərəf deputat, 3 menşevik-beynəlmiləlçi və 4 sol bloka simpatiya duyan deputatdan ibarət idi. Ümumilikdə sol bloka daxil olan deputatların sayı 104 nəfər idi. Digər tərəfdə isə 47 sağ eser, 28 menşevik, 36 daşnak, 23 müsavatçı var idi. Beləliklə, sağ partiyaların 134 nümayəndəsinin olması hökumətə qarşı güclü blok yaradılmasına imkan verirdi (44 deputatın partiya üzvlüyü barədə məlumat yoxdur, qalanları isə partiyasız idi)[11].

25 iyul qətnaməsi və BXKS-nin süqutu

[redaktə | mənbəni redaktə et]

İyulun 25-də XKS-in, Hərbi İnqilab Komitəsinin, regional məclislərin və gəmi komitələrinin üzvləri ilə birlikdə təxminən 500 nəfərin qatıldığı Bakı Sovetinin təcili iclası keçirildi. İclasda Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi. Daşnaklar, menşevikləreserlər ingilis qoşunlarının Bakıya dəvət edilməsi haqqında məsələ qaldırdılar. Bu, Bakı neftinin Sovet Rusiyasının əlindən çıxması təhlükəsi yaradırdı. Odur ki, Şaumyan V Ümumrusiya Sovetlər Qurultayının qərarlarını yerinə yetirərək həmin məsələnin müzakirədən çıxarılmasını tələb etdi. Onun təklifi ilə ingilislərin dəvət edilməsi məsələsinin müzakirədən çıxarılması səsə qoyuldu. Şaumyanın təklifi 208 nəfər lehinə, 257 nəfər əleyhinə olmaqla rədd edildi. Elə həmin gün Rusiya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Y.M.Sverdlov da Bakı Sovetinə teleqram göndərərək "Bakı Sovetinin, bütün fəhlələrin, ordunun, donanmanın qərarına, habelə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin göstərişlərinə danışıqsız tabe olmalarını" qəti tələb etmişdi. Buna baxmayaraq, iclas Stepan Şaumyanın təklifini qəbul etmədi. Məşədi Əzizbəyov, Prokofi Caparidze, Y.Zevin və b. bolşeviklər çıxış edərək, ingilislərin Bakıya çağırılmasının qəti əleyhinə çıxdılar.

Bakı Sovetinin iclasına sədrlik edən Prokofi Caparidze biri bolşevik, sol eser, sol daşnaklar tərəfindən təqdim edilən, digəri sağ eser, menşevik, sağ daşnaklar tərəfindən təqdim edilən iki qətnamə oxudu. Birinci qətnamədə Bakı Soveti, Bakını öz inqilabi qüvvələri və inqilabçı Rusiyanın qüvvələri ilə müdafiə etməsi haqqında idi. İkinci qətnamədə isə vəziyyətdən çıxış üçün ingilislərin dəvət edilməsi və Sovetdə təmsil olunan bütün tərəflərin iştirakı ilə koalisiya hökumətinin yaradılması təklifi idi. Səsvermə nəticəsində vahid sağ blok 259 səs, sol blok isə 236 səs aldı. Qətnamə qəbul edildikdən sonra elan olunmuş fasilə zamanı Bakı Sovetinin bolşevik fraksiyasının iclası keçirildi. Gecədən xeyli keçmiş Bakı Sovetinin iclası yenidən başlandığı zaman Stepan Şaumyan bolşevik fraksiyası adından bəyanatla çıxış edərək bildirdi ki, qəbul olunmuş qərar Sovet Rusiyasına qarşı xəyanatdır; buna görə də bolşeviklər məsuliyyəti öz üzərlərindən götürərək Sovetə daxil olan bütün partiyalardan ibarət koalisiyalı hökumətdə iştirakdan və xalq komissarları vəzifələrindən imtina edirlər. Bolşeviklərin 27 iyul tarixli Ümumbakı partiya konfransı Bakı Soveti bolşevik fraksiyasının qərarını düzgün saymadı.[12] 31 iyul saat 11-də Bakı Sovetinin təcili iclası keçirildi və bu iclasda Xalq komissarları tam tərkibdə istefa verdilər. Elə həmin gün Bakı Bolşevik Komitəsinin iclasında Həştərxana təxliyə edilmə və yenidən qüvvə toplayaraq Bakıya qayıtma haqqında qərar qəbul edildi. Beləcə, Bakıda Sovet hakimiyyəti süquta uğradı.

Bakı Soveti azərbaycanlılara qarşı

[redaktə | mənbəni redaktə et]

Eser və daşnaklara arxalanan Bakı Soveti İcraiyyə Komitəsi müsəlmanları, o cümlədən azərbaycanlıları əksinqilabçı, Bakı istisna olmaqla Azərbaycanın digər yerlərini isə əksinqilab yuvası elan etmiş, Azərbaycan zəhmətkeşləri arasında böyük nüfuza malik olan müsavatçıları isə əksinqilabçı, burjua millətçiləri olduqlarını iddia edirdi.

1918-ci il martın sonlarında türk ordusunun Qafqaz cəbhəsində əməliyyatları gücləndirməsi Bakıdakı daşnaqları və bolşevikləri qorxuya saldı. Vahid cəbhədə birləşən bu qüvvələr vəziyyətdən istifadə edərək Bakıda və Azərbaycanda qanlı 1918-ci il Mart soyqırımını törətdilər.

Mart soyqırımı Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdrəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.[13]

Mart soyqırımından sonra bolşevik-daşnak-eser bloku istiqlalçılara qalib gəldi, Bakıda hakimiyyət tamamilə həmin blokun əlinə keçdi. Bu zaman Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin köhnə tərkibi hələ qalırdı. Belə çoxpartiyalı tərkib isə bolşevikləri qane etmirdi. Onlar yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verirdilər. 1918-ci il aprelin 25-də Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin iclasında Bakı Xalq Komissarları SovetiBakı Kommunası yaradıldı. O Bakı şəhərini və quberniyanın bəzi ərazilərini əhatə edirdi. Stepan Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri seçilmişdi. Bu hökumətdə cəmi üç nəfər azərbaycanlı (Nəriman Nərimanov-şəhər təsərrüfatı Komissarı, Məşədi Əzizbəyov-quberniya Komissarı və Mir Həsən Vəzirov - Torpaq Komissarı) var idi.

1 may 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin qoşunları Qubaya hücum edti və Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri şəhərdə 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar həyata keçiriblər

25 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakıya doğru istiqamət aldığını görən Bakı Soveti İrandakı ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib. Bakı Sovetinin bolşevik fraksiyası qərarın əleyhinə olsa da, qurumdakı eser-menşevikdaşnak çoxluğu ingilislərin Bakıya çağırılmasına səs veriblər Bundan sonra bolşeviklər qurumu tərk edəcəklərini bildiriblər. İngilis qoşunları Bakıya avqustun əvvəlində daxil olsalar da, 1.5 ay sonra Qafqaz İslam Ordusunun hücumları altında şəhəri tərk etməyə məcbur oldular.

Bakı Sovetinin Sədri
Foto
Sədr
Başlama tarixi
Bitmə tarixi
-
Qriqori Ayollo
6 mart 1917
6 mart 1917
1.
Stepan Şaumyan
6 mart 1917
10 may 1917
2.
Sako Saakyan
10 may 1917
16 dekabr 1917
(1.)
Stepan Şaumyan
16 dekabr 1917
dekabr 1917
3.
Prokofi Caparidze
13 yanvar 1918
31 iyul 1918
Bakı Soveti İcraiyyə Komitəsinin Sədri
Foto
Sədr
Başlama tarixi
Bitmə tarixi
1.
Martin Lyadov
6 mart 1917
10 may 1917
2.
İsidor Ramişvili
10 may 1917
13 oktyabr 1917
3.
Stepan Şaumyan
13 oktyabr 1917
2 noyabr 1917
2 noyabr 1917
12 dekabr 1917
4.
Prokofi Caparidze
1 yanvar 1918
31 iyul 1918
  • Bakı Sovetinin qurulması və süqutu
  • 1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclası…
  • "25 İyul qətnaməsi". 23-03-2021. 2017-09-12 tarixində arxivləşdirilib.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider". səh. 255.
  2. "Tarixi həqiqətlərimizi dünyaya çatdırmaq üçün hələ çox iş görməliyik". 2011-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
  3. Əzimov, 1982:25
  4. Smirnov, 1986: 12–13
  5. Balayev, 1998:83
  6. Suny,1990:146
  7. Smirnov,1986:21
  8. Smirnov, 1986: 21–22
  9. Əzimov, 1982:101
  10. Balayev, 1998:174
  11. Smirnov,1986:66
  12. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider". səh. 233-234.
  13. "ADR ŞƏRQDƏ İLK DEMOKRATİK RESPUBLİKADIR". 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
  • Azərbaycan tarixi, 3 cilddə, c. 3, B., 1973;
  • Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001;
  • Azərbaycan Kornmunist Partiyası tarixinin oçerkləri, B., 1964;
  • Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958;
  • Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar.1917–1918-ci illər, B., 1960
  • İbrahimov Z., Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917–1918-ci illər), B., 1957.
  • Азимов, Гаджибаба (1982), Бакинская Коммуна.
  • Балаев, Айдын (1998), Азербайджанское национальное движение в 1917–1918 гг.
  • Бурджалов, Эдуард (1938), Двадцать шесть бакинских комиссаров.
  • Гусейнов, Мирза Давуд (1927), Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем.
  • Шаумян, Степан (1978), Избранные произведения, том 2.
  • Смирнов, Николай (1986), Ушедшие в бессмертие.
  • Grigor Suny, Ronald (1990), Bakü Komünü-Rus Devrimimde Milliyet ve Sınıf.
  • Miéville, China (2018) October: The Story of the Russian Revolution.