Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir.
Zabrat | |
---|---|
40°28′44″ şm. e. 49°56′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir.[1] Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat.
Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar. Əvvəllər kəndin adı Sabirat-yəni sabirlərin yaşadığı yer adlanmışdı. Sonrakı əsrlərdə ad tədricən dəyişməyə başlamışdı. Yəni əvvəlcə S hərfi Z ilə əvəz olunaraq Zabirat kimi tələffüz edilməyə başlamış, sonralar isə Zabrat formasına düşmüşdür. Zabrat kəndi VII əsrlərdə yaranmışdır. Onlar Xəzər dənizinin şimal sahillərində yaşayan tayfalar idi. Sabirlər haqqında ilk dəfə yunan alimi Ptolomey (II əsr) məlumat vermişdir. Sabirlərin Sibirdə, İrtış çayı yaxınlığında yaşamaları ehtimal olunur. Mənbələrdə hunlardan sayılan bu tayfanın VI əsrdən Dərbənd keçidindən keçərək Qafqaz Albaniyası ərazisində məskunlaşması qeyd olunur. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq tayfalar bir yerdən başqa yerə köçmüşlər. Sabir tayfasının bir hissəsi Xəzər dənizi sahillərində məskunlaşaraq Zabrat yaşayış məntəqəsinin əsasını qoymuşdur.[2]
XIX əsrin sonu-XX əsrin əvvəllərində məşhur azərbaycanlı neftxuda Murtuza Müxtarova məxsus neft mədəni və zavod ərazisində yaranmış fəhlə qəsəbəsi. 1936-cı ildə burada eyni adlı dəmir yol stansiyası açılmışdır. XX əsrin 50-60-cı illərində Zabrat kəndi ərazisində yaradılmış sovxoz-yaşayış məskəni, üzüm-meyvə bağıarı, qara-çınqıl taxıl sahələri, çöl bağları və s.mövcuddur. Ləəş bağları- Dəniz kənarında Nardaranla Kürdəxanı arasında çox böyük bağlıq ərazi. Təxminən 900 hektara qədər ərazini əhatə Ləəş bağlarının 2/3 hissəsi Zabrat əhalisinə, qalan hissəsi Maştağa, Balaxanı, Hökməli camaatına məxsusdur. Ləəş bağlarının özünəməxsus iqlimi, flora və faunası, şəfaverici xüsusiyyətə malik qumu vardır. Bu bağlarda yetişən əncir və üzümünün müxtəlif növləri Azərbaycanda məşhurdur.
Zabrat - Maştağa, Ramana, Sabuncu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası (1958-ci ilə qədər Şamaxı quberniyası) Bakı qəzası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı-Ləəş bağlarından başlamışdır, yəni kəndin birbaşa dənizə çıxışı olmuşdur.
İqlim şəraitinin formalaşmasına relyef və səth örtüyü ilə yanaşı Xəzər dənizi və Hava kütlələri də təsir edir. Region günəşli saatların və günlərin miqdarına görə fərqlənir. Regionda yağıntının paylanması Bakının cənub -qərbində 130–150 mm, şəhərdə və yarımadanın cənubunda 200 mm, şimala doğru artaraq 300 mm, Xızı dağlarında isə 300–500 mm-dək düşür. Yağıntının daha çox düşdüyü aylar ilin soyuq mövsümündə xüsusilə noyabr, oktyabr aylarında olur.[3]
AzStat-ın 1 yanvar 2017-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə 27.912 nəfər əhali yaşayır.[4][5] Zabrat əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. 1735-ci ildə Nadir şah Zabrat və bir neçə kəndi Aşur xan Əfşara bağışlayır, o da əfşar tayfasından xeyli nəsilləri bura köçürür, Mehdixanlılar, Şoduqlular, Növbətlilər, Kəblə Rəşidilər, Xalxali nəsilləri bu tayfadan olmuşlar. Kəndin əhali sayı 1842-ci ildə 151 nəfər idi və Bakı kəndləri arasında əhali sayına görə axrıncı yerlərdə olsa da, sonrakı illərdə əhali sayı daha sürətlə artmış, 1886-cı ildə 779, 1904-ci ildə 942, 1913-cü ildə 4461 nəfər idi. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən biri olub, əhali sayına görə 7-ci yerdə idi. XIX əsrin sonunda kənddə neft hasilatı ilə bağlı fəhlə qəsəbələri Kaspiysk, Muxtarov, Həmşəhərlilər məhəlləsi və XX əsrin əvvəli alman muhacirlərinin saldığı Varovski məskənləri yaranmışdı (1941-ci ildə almanlar Qazaxstana sürgün edilir). 1926-cı ildə əhali sayı 7405 və 1939-cu ildə 2225 nəfər olmuşdur. 1920-ci illərdə əhalinin sürətli artımı, 1930-cu illərdə azalması prosesi baş vermişdir. 1936-cı ildə Zabrat kəndinə qəsəbə statusu verildi. Əhali sayı 1959-cu ildə 18,3 min, 1970-ci ildə 16,5 min, 1989-cu ildə 15,6 min, 1999-cu ildə 20,8 min, 2009-cu ildə min və 2017-ci ildə 29,1 min nəfər olmuşdur.
Zabrat əhalisinin məşğuliyyəti əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olmuşdur. Zabratda taxılçılıqla yanaşı, xırçılıq, bostançılıq, bağçılıq, daha məhsuldar bitki növlərinin və sortların yaradılmasında böyük təcrübəyə malik olmuşıar.Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir.Zəfəran sahəsi 250 hertar olmuşdur.[6] Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu vardı. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilmişdi. Zabratda əhali vaxtilə toxuculuq, xalçaçılıq, zərgərlik, dəmirçilik, silahsızlıq, pinəçilik, nalbəndlik,xarratlıq, qalayçılıq, tuluzçuluq, daşyonma, boyaqçılıq və s. sənətkarlıq növləri mövcud olmuşdur.
21 №-li Şəhər Poliklinikası, 22 №-li Uşaq Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi.
Əvəz Paşayev adına Mədəniyyət Evi, 32 nömrəli musiqi məktəbi,Sabunçu rayon MKS-nin 4 və 12 saylı kitabxana filialları fəaliyyət göstərir.