Bakı Veloparkı — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində velosiped idmanı ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Velosiped İdmanı Federasiyasının balansındadır.
Hazırda Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunmuşdur.[1] 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş vermişdir. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilmişdir.[2]
Bundan sonra həmin Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılmış, burada minlərlə ağac əkilmiş, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınmışdır.[3] Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində 2015-ci ildə ilk dəfə keçirilmiş Avropa Oyunlarında istifadə olunmuş BMX veloparkı da inşa olunmuşdur.[4] Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulmuşdur ki, onun da sahəsi 6700 kvadratmetrdir.[3]
Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılmışdır.[5] Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulmuşdur.[3][6][7] Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılmışdır.[8] Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb.[9] Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.[3]
Azərbaycan Respublikasının Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva 13 may 2015-ci ildə Veloparkın açılışında iştirak etmişlər.[3][10][11]