Dövlət Bayrağı Meydanı

Dövlət Bayrağı MeydanıBakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir.[1] 2024-cü ildə yeni bayraq dirəyinin quraşdırılma prosesi aparılıb və yeni bayraq dirəyi qurulub. Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmışdır.

Dövlət Bayrağı Meydanı
Məlumatlar
Ölkə
Sahəsi
  • 60 ± 1 ha
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər" haqqında sərəncam imzaladı. Meydanda tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat əlavə vəsait ayrıldı.[2]

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

I Bayraq dirəyi (2010–2017)

[redaktə | mənbəni redaktə et]

20000 m² ərazisi olan meydanda 2010-cu ildən 2017-ci ilədək ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olmuşdur.

Qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram idi. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Yenidənqurma və bərpa işləri işləri

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar bayraq dirəyi və bayraq muzeyi də təmirə bağlanıb. 2021-ci ildə Türkiyənin Çimtaş şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başladı.2024-cü ilin may ayından Bakıda dünyanın ən hündür bayraq dirək platformasının quraşdırılmasına başlanıldı.

II Bayraq dirəyi (2021-hal-hazırda)

[redaktə | mənbəni redaktə et]
Dövlət Bayrağı Meydanı. 2024 Avqust

Dirəyin ümumi hündürlüyü 191 metrdir. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşən fırlanan seqmentdən ibarətdir. 2024-cü ilin avqust ayından etibarən quraşdırılma yekunlaşıb və test məqsədilə ilk dəfə bayraq asılıb.[3] Açılış müddətinə kimi bir neçə dəfə prosesin təkrarlanması nəzərdə tutulub. 28 sentyabr 2024-cü ildə test məqsədilə yenidən bayraq asılıb.[4] Ginnes Dünya Rekordları Təşkilatı 2024-cü il noyabrın 6-da Meydanda qaldırılan Azərbaycanın dövlət bayrağının dünyada ən böyük bayraq olduğunu təsdiq etmişdir.[5].8 noyabr 2024-cü ildə Meydan yenidənqurma və bərpa işlərindən sonra açılmışdır və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır.[6]

Dövlət Bayrağı Muzeyi

[redaktə | mənbəni redaktə et]

Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuş və bu 2010-cu il sentyabrın 1-də Azərbaycanın paytaxtı Bakı şəhərində təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.

Muzey 6 Sərgi salonundan ibarətdir:

A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.

C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Bu salonda "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib.

D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur.

EF sektorlarında Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Muzeydəki monitorlarda Azərbaycanın qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayiş olunur.

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin noyabr ayının 9-da Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 100000 ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olunmuşdur. Markanın üzərində Dövlət Bayrağı Meydanının təsviri vardır[7][8].

  1. "Arxivlənmiş surət". 2011-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-02.
  2. "Baki_sheherinde__167224.html APA, 26 oktyabr 2009 [ölü keçid]
  3. "Dövlət Bayrağı Meydanında çoxdan gözlənilən hadisə gerçəkləşdi". Oxu.az (az.). İstifadə tarixi: 2024-08-02.
  4. "Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız yenidən DALĞALANIR". Oxu.az (az.). 2024-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
  5. https://www.guinnessworldrecords.com/world-records/largest-flag-flown (#bare_url_missing_title).
  6. "Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb". baku.ws (az.). İstifadə tarixi: 2024-11-08.
  7. Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
  8. 09.11.2011. 9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine (az.)
  1. Dövlət Bayrağı Meydanı. Bakı, 2010, s. 75.
  2. Əhmədov Səbuhi, Məmmədov Vüqar. Azərbaycan Respublikasının Dövlət Bayrağı. Bakı, 2010, s. 156.