Bakının yeraltı yolları — Bakı şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş gizli yeraltı yollar.
Tarixi XII əsrə qədər gedib çıxan Bakının yeraltı yolları tarixən Orta əsr şəhər və qalalarında olduğu kimi ehtiyat üçün tikilmiş yeraltı gizli yollar olmuşdur.[1] Belə ki, bu şəhərdə müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq məqsədilə və müdafiə sistemini asanlaşdırmaqdan ötrü qala divarları boyu yeraltı yollar inşa edilmişdir.[1] Onlar orta əsrlərdə Bakının şəhər infrastrukturunun əsas tərkib hissəsi olmuşdur.[2]
İçərişəhərdə olan gizli yeraltı yollar bir-biri ilə kəsişərək qalereyanı, sanki əsl labirinti əmələ gətirmişdir.[2]
Belə yollardan bir neçəsi Şirvanşahlar sarayının ərazisində də vardır. Beynəlxalq "İntergeo-Tetis" şirkətinin apardığı tədqiqatlar nəticəsində Şirvanşahlar sarayının yalnız yaşayış binasının altından 8 istiqamətə şaxələnən yeraltı qalereya aşkar edilmişdir. Bu qalereyaların yerləşdiyi dərinlik 3 metrdən 9 metrə qədərdir. Şəhər düşmən əlinə keçdiyi zaman yeraltı yollar vasitəsilə Şah, əyan və mühafizəçilər.[3] müdafiə mövqeyinə çəkilirdilər.[2]
Alman səyyahı Engelbert Kempferin 1684-cü ildə çəkdiyi "Bakının ilk qrafik təsviri"ndə, hidroqraf mühəndis-polkovnik K. X. Truzsonun 1796-cı ildə tərtib etdiyi Bakının xəritəsində, rus hidroqrafı, kapitan-leytenant A. F. Ulskinin 1858-ci ildə işlədiyi xəritədə, rus memarı İvan Şeblıkinin 1941-ci ildə çəkdiyi "Bakı XII əsrdə" adlı qrafik rəsmdə Bakının yeraltı yollarına dair cüzi də olsa informasiyalar vardır.[2]
İ. Xoven 1861-ci ildə dənizdən 2 arşın, təxminən 1,4 m hündürlükdə olan 8 qüllənin göründüyünü; lakin sakinlərin söylədiyinə görə, su altında qalmış istehkama Qız qalasından yeraltı yolun olduğunu yazmışdır.[2]
Bakıda Şərq Xalqların Qurultayının keçirilməsinin qərara alınması səbəbindən 1920-ci ilin avqustunda Nəriman Nərimanovun xüsusi tapşırığı əsasında Xan sarayı və Qız qalası təmizlənərək, qaydaya salınmışdır.[3] Həmin vaxt aparılmış arxeoloji qazıntıların hesabatında göstərilmişdir ki, Şirvanşahlar sarayının ərazisində, əsasən də yaşayış binasında xeyli quyu var; həmin quyuların bir neçəsindən yeraltı yollar başlayır.[3] Bundan sonra davam edən arxeoloji kəşfiyyat işləri ilə yeraltı yolların açılması 1923, 1924, 1925-ci illərdə də həyata keçirilmişdir.[3] Bütün bu işlər o zaman Azərbaycan Dövlət Muzeyi nəzdində fəaliyyət göstərmiş Tarixi abidələrin mühafizəsi üzrə komissiyanın sədri Y. A. Paxomovun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılmışırdır.[3]
Qədim Bakıda mövcud olmuş yeraltı gizli yollarla bağlı yerli əhali və şəhərin qocaman sakinlərinin məlumatları əsasında aparılmış arxeoloji tədqiqatlar zamanı – 1924-cü ildə tədqiqatçı V. M. Sısoyev[4] tərəfindən Qız qalasının yaxınlığındakı qazıntılar nəticəsində şəhərin şimalına – Şirvanşahlar sarayına doğru istiqamətlənən gizli yeraltı yolun qalıqları[3] aşkar edilmişdir.[2]
Bir iddiaya görə 1930-cu illərdə bir neçə içərişəhərli uşaq su, ərzaq və neft lampası götürərək, Şirvanşahlar sarayının Divanxanasından başlayan qaranlıq yeraltı yol ilə hərəkət edirlər.[3] Onlar yalnız bir neçə gün sonra Bakıdan 60 km şimaldakı Mərəzə adlı yerdə yeraltı yoldan çıxmışlar.[3]
1982-ci ildə İçərişəhərin şərq tərəfində olmuş köhnə zərgərlik fabrikinin yerində aparılan genişmiqyaslı arxeloji qazıntılar zamanı aşkar edilmiş ilk yeraltı yolun tədqiqi zamanı məlum olmuşdur ki, həmin yol orta əsrlərdə Bakının əsas mərkəzi ticarət küçəsi sayılmış Şamaxı qala qapısından başlayaraq Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində, şimal-cənub istiqamətində yerləşmişdir.[4] Həm də yolun xətti XIV əsrdə tikilmiş Multanı karvansarayının altından keçərək, Qız qalasına doğru gedir.[4] Bu gizli yol dördbucaqlı formada olub, təbii qayanın simmetrik şəkildə kəsilib-oyulması üsulu ilə çəkilmişdir.[4] Düzbucaqlı hamar daş tavalarla onun üst hissəsi səliqəli şəkildə sıx döşənmişdir.[4]
Bu gizli yollardan düşmən mühasirəsi zamanı su, ərzaq və silah əldə etmək, çox təhlükəli hallarda isə, son anda xilas olmaq məqsədilə istifadə edilmişdir.[2]
İçərişəhərdəki şimal qala divarlarının daxili hissəsində olan yeraltı gizli yol əsgərlərin rahat hərəkət etmələri üçün nəzərdə tutulmuşdur.[2] Qalanın müdafiə divarlarının bütün perimetri boyu uzanan yeraltı yol məhz bu məqsədlə inşa edilmişdir.[2]