Gəncənin yeraltı yolları

Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yollarıGəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları.[1][2]

Tarixi və inşası

[redaktə | mənbəni redaktə et]

Tarixi VIII əsrə qədər gedib çıxan[3] bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir.[1][2] Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur.[4]

Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır.[1][2]

Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur.

Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur.[4]

Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir.[4][5]

Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır.[3] Bəzilərindən isə həbsxana kimi istifadə edilmişdir.[3]

Yeraltı yollar əsasən döyüş zamanı hərbi strateji məqsədlər uçun istifadə olunmuşdur. Belə ki, yadellilərin şəhərə hücum və yürüşləri zamanı bu yollardan istifadə etməklə şəhərin mülki əhalisini qorumaq mümkün olmuşdur.[1][2] Eyni zamanda, burada ərzaq və silah anbarları da yerləşdirilmişdir.

Tədqiqi və bərpası

[redaktə | mənbəni redaktə et]

Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, üç istiqamətdə tikilmiş bu yollar şəhərin demək olar ki, bütün ərazilərini biri-biri ilə birləşdirmişdir.[1][2] Bəzi tədqiqatçılara görə burada hətta ikimərtəbəli fayton yolları da olmuşdur.[3]

Aparılan tədqiqat işləri nəticəsində şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanmış və onun çox hissəsinin hazırda da yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir.[1][2]

2010-cu illərdə Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və AMEA birgə tədbirlər planı təsdiq etmiş və Gəncənin yeraltı fayton yollarının bərpa edilərək muzey kimi istifadə olunması qərara alınmışdır.[1][2] Bu tunellərdə tarixi muzeyin yaradılması məqsədilə Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar toplanılmışdır.[6]

2013-cü ilin fevral ayında ABŞ-nin Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olarkən, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevlə görüşmüşdür.[7] Həmin görüşlər zamanı yeraltı yolların bərpası müzakirə olunmuşdur. Yolların bərpasında robotların iştirakı ilə bağlı layihə hazırlanmışdır; lakin sonradan bərpa işlərinə başlanılmamışdır.[7]

Gəncə arxeoloji ekspedisiyasının fəaliyyətinin araşdırılması məqsədilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun tapşırığı əsasında 19 iyun 2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın əmri ilə yaradılmış komissiya öz yekun rəyində bildirmişdir ki,

"Qeyd olunan ərazidə heç bir yeraltı yoldan söhbət gedə bilməz. Yeraltı yol kimi təqdim olunan qurğular əslində əski binaların bir neçə mərtəbədən ibarət zirzəmiləridir".[8][9]

Həmin komissiyanın tərkibində AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev, tarix elmləri doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Bəxtiyar CəlilovMüzəffər Hüseynov olmuşlar.

  1. 1 2 3 4 5 6 7 Gəncədəki yeraltı fayton yolları bərpa olunduqdan sonra muzey kimi istifadə olunacaqdır Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine. azhistorymuseum.gov.az (az.)
  2. 1 2 3 4 5 6 7 Gəncədəki yeraltı fayton yolları bərpa olunduqdan sonra muzey kimi istifadə olunacaqdır Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. azertag.az, 17.02.2013 (az.)
  3. 1 2 3 4 Gəncənin yeraltı yollarının tədqiqinə başlanılıb. 525.az, 06.02.2013 (az.)
  4. 1 2 3 Gəncə şəhərinin rus işğalına qədərki memarlığı Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. academia.edu (az.)
  5. Gəncədə tapılan yeraltı yolların tarixi sirri — AMEA AÇIQLADI Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine. publika.az, 28.08.2017 (az.)
  6. Gəncənin yeraltı yolları bərpa olunacaq Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. trend.az, 13.02.2013 (az.)
  7. 1 2 Gəncədə yeraltı yolları robotlar bərpa edəcək Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. xalqqazeti.com, 28.02.2013 (az.)
  8. Komissiyanın 20 iyun 2012-ci il tarixli Arayışı, səh. 4. (az.)
  9. Arif Məmmədov (Gəncə arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor). Gəncə: uydurmalar və reallıqlar. Gəncə şəhərinin 4000 il yaşı və orada yeraltı fayton yolları yoxdur Arxivləşdirilib 2019-05-04 at the Wayback Machine. azertag.az, 10.04.2013 (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]