Balabağman məhəlləsi

Bala Bağman məhəlləsiGəncənin məhəllələrindən biri.

Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Tağıyevlər, Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır.

Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə "İtli küçə" deyilərdi.

Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub.

Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər. Məhəllə sakinləri calaqçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olublar. El arasında "Bala Bağban" sakinlərinə zarafatla "Calaq oğrusu" da deyirlər.

Tarixi məxəzlərdə Gəncə öz ipəyi ilə məşhur olub. Gəncədə ipəkçiliyin tarixi çox qədimdir. Burada istehsal olunan "Ərəş" ipəyi Yaxın və Orta Şərq dövlətlərində çox məşhur idi. Məhəllədə calaqçı Qədir, İsmayıl kişi məşhur idilər. Məhəllə sakinlərinin əkin yeri Qızıl qaya və Todanlıda olub. Onların üç su dəyirmanı var idi. İki daşlı "Tümən" dəyirmanı, üç daşlı "Söyüdlü", iki daşlı "Aşırqulu" dəyirmanları Gəncə çayının suyu ilə işləyirdi. "Tümən" dəyirmanının xərabəliyi indi də durur. Məhəllədən Hacı Mir Qasım ağa və "Ozan" kəhrizi keçirdi. Bu kəhrizlərin üstündəki quyular indi də durur. Hacı Mir Qasım ağa kəhrizi hazırda da işləyir. Kəhrizin üstündəki quyular "El yolu" adlı indiki İsmət Qayıbov küçəsində yerləşir. Hacı Mir Qasım ağa kəhrizi 1914-cü ildə, "Aşır Qulu" və "Ozan" kəhrizləri XIX yüzilliyin ortalarında çəkilib.

Məhəllədə yaşayan Rəfibəylilərdən Mirzə bəy Rəfibəyli 1874-cü ildə Sankt-Peterburqda ali təhsil almışdır. Onun atası Mirzə Kərim bəy isə rus ordusunun zabiti idi. Onun təşəbbüsü ilə Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin axundu Gəncədə gözəl avaza malik, mərsiyaxan Kərbalayi Molla Möhsüm olmuşdur.

Rəfibəylilərin bəxtinə həbslər, sürgünlər yazılsa da onlar hər yerdə nəslin adına layiq yol tutmuşlar. Mahmud bəy Rəfiyev Stalin mükafatına layiq görülüb. Bu nəslin nümayəndələrindən biri də Azərbaycanın xanım şairəsi Nigar xanım Rəfibəyli idi. Bala Bağbanda Ələkbər bəy, Cavad bəy, Bağır bəy Rəfibəylilər kimi şəxsiyyətlər yaşayıblar. Ələkbər bəyə Gəncəlilər "Millət atası" deyərdilər. Mərhum "Difai" partiyasının Gəncədə yaradıcılarından biri idi. Şəhərdə onun xeyirxahlığı haqqında el arasında indi də xoş sözlər söylənilir.

Türk ordusunun zabiti Hüsaməddin Tuğac yazır:

"Gəncənin yaşlı fəqət çox dəyərli və təcrübəli bir Ələkbəri daha vardı. Soyadı Rəfibəyli idi. Dostlarım məni bu zatın evinə apardılar. Elə ilk görüşməmizdən aramızda yaxın və səmimi bir yaxınlıq yarandı. Ən böyük diləyi ölməzdən öncə Türkləri və türk ordusunu görmək olduğunu duyğulu sözlərlə deyirdi: Bu təmiz diləyi gerçəkləşəcəkdi bir neçə ay sonra türk ordusunu Gəncədə gördü, az sonra da öldü".

1914-cü ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvləri siyahısında Ələkbər bəy, Bağır bəy, Məşədi Əsgər və Xudadat bəy Rəfibəylinin adları var. Onlar ayda cəmiyyətə 20 manat üzvlük haqqı verirdilər.

"Sovet tarixçiləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları "adsız" şəhidlər siyahısına qarışmış və yox olmuşdur.

Hüseyn Baykara "İstiqlal mücadiləsi", İstanbul.

Mərhum Ələkbər bəyin oğlu Xudadat bəy Xarkov Tibb Universitetini bitirib, Gəncədə cərrah işləyirmiş. Deyilənə görə, kasıb xəstələrə öz pulu ilə dərman alarmış. Cümhuriyyət dövründə səhiyyə naziri, sonra isə Gəncənin general qubernatoru oldu. Oğlu Səməd bəy (Sayqın) Türkiyəyə mühacirət etdi və orada türk ordusunda general (paşa) rütbəsinə kimi yüksəldi.

Cavad bəy Hadı bəy oğlu Rəfibəyli isə Gəncə Gimnaziyasını medalla bitirib, 1911-ci ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Müsəlman olduğu üçün onun rus dilindən dərs demək imtiyazı olmur. Ona görə də o, Saratovda tarix-filologiya üzrə Sınaq Komissiyası qarşısında imtahan verib II dərəcəli diploma layiq görülür.

Dövlət İmtahan Komissiyasından Cavad bəylə əlaqədar bir sənəd qalıb: Professor Vixirin imzaladığı qısa xasiyyətnamə: "Он был женат на русской девочке. Азиатская хитрость. Отлично владеет русским, немецким, латинским, французким языком. Жалко не словянин".

R. Hüseynov. “Rəfibəylilər”. Bakı, 1996, səh. 549.

Bağır bəy Rəfibəyli Gəncə şəhər bələdiyyəsinin qərarı ilə "Mirab"lıq edirmiş. O da xeyirxah, millət sevər bir şəxs imiş, 1927-ci ildə rəhmətə gedib.

Rəfibəylilər nəslinin nümayəndələri Qazaxıstanda, Qırğızıstanda, Rusiyada, İranda, Türkiyədə mühacirət həyatı keçiriblər. Onların bəxtinə həbslər, sürgünlər yazılıb.

"Sovet hakimiyyəti dövründə doqquz dəfə sürgünə, həbslərə uğradılmış, dünyanın dörd bucağına səpilməyə məcbur olmuş bu nəslin yetirmələri harada olsalar da, daima soyadlarının yüksək mənəvi keyfiyyətlərinə sadiq qalmış, maarifçilik, millətin dirçəliş yolunda çalışmış, ən dəhşətli dövrlərdə belə ucalıqlarını hifz etmişlər. Bu nəslin taleyi XX yüz il Azərbaycanının təlatümlü taleyinin ayrılmaz və rəmzi bir parçasıdır".

R. Hüseynov. "Rəfibəylilər". Bakı, 1996, səh. 2.

"Bala Bağban" məhəlləsində repressiyaya uğrayanlardan biri də Müşkiyevlərdi. Nəslin nümayəndəsi həkim Vaqif Müşkiyevlə söhbət əsnasında öyrəndik ki, onun ulu babası Əkbər bağbanlarda iri torpaq sahibi imiş. Mərhum məşhur bağban olub. Gəncədə yaxşı alma yetişdirmək mümkün deyildi. Almanın vətəni Azərbaycanda Qubadır. Amma Əkbər baba gözəl ətirli almalar yetişdirirdi. Onun yetişdirdiyi yeni alma müşk ətri verirmiş. Elə ona görə də, ona Əkbər yox, Müşk Əkbər deyirlərmiş. XX-ci əsrin əvvəllərində isə soyad tətbiq olunanda bu nəslə "Müşkiyev" deyiblər. Əkbər babanın Əkbər və Cahangir adlı iki oğlu olub. Kiçik oğlu 1893-cü ildə anadan olub, 1923-cü ildə Cəbərrüt Musaqızı ilə evlənib. Bu izdivacdan Cabir adlı bir oğulları olur. 1937-ci ildə isə Cahangiri həbs edirlər və Orta Asiyaya sürürlər. Səbəb mülkədar olması olub. Sonra oğlu Cabiri 1947-ci ildə tuturlar. Guya o, atasını Qazaxıstandan qaçırıb, Gəncədə gizlədir. Sübut tapılmadıqdan sonra Cabiri iki ildən sonra 1949-cu ildə buraxırlar. 1949-cu ildə Cabir atasının Özbəkistanda olduğunu öyrənir və dalınca ora gedir. 1957-ci ildə isə Cahangir bəraət alaraq Gəncəyə gəlir. Bir müddət vətəndə qaldıqdan sonra yenidən Özbəkistana qayıdır. 1975-ci ildə birdəfəlik oğlu Cabirlə birgə Gəncəyə qayıdır. Cabirin böyük oğlu Arif Səmərqənd Kooperativ İnstitutunu bitirir. İkinci oğlu isə Vaqif Namanqan Tibb Universitetini, qızı Zibeydə Namanqanda pedaqoji institutu bitirib.

1920-ci ildə Gəncə üsyanı yatırıldaqdan sonra Cahangir kişinin qardaşı Əkbəri ermənilər öldürür. İzi itirmək məqsədilə müsəlmanların meyidini yığıb, araba ilə aparıb Çaykənd də xəndəyə tökürlərmiş. Cahangir yaxın qohumu Babakişi ilə gedib Əkbərin meyidini gətirir və "Səbiskar" qəbiristanlığında sərdabədə basdırırlar. Sonra Cahangir bir gün yuxuda görür ki, qardaşı Əkbər ona deyir ki, qardaş bura çox dardı. Sən bura gəlmə. Cahangir qardaşının yuxuda ona dediyi bu sözləri oğluna deyir və vəsiyyət edir ki, məni "İmamzadə" qəbiristanlığında dəfn edərsiniz. Cahangir kişi 1920-ci illərdə qardaşının intiqamını ermənilərdən alır. O, 1932-ci ilə kimi dağlarda yurd salan qaçaqlarla əlaqə saxlayaraq, erməni alçağını gəbərtdirir. Repressiya illərində Müşkiyevlərin bir qolu İmişlidə gizlənir və soyadlarını Məmmədov yazdırırlar. İmişliyə qaçan Məmməd və Səfər qardaşlarının orada oğlanları və nəvələri var.

Məhəllədə həmçinin Abidlilər nəslindən olan mülkədar tacir Tahir bəy də yaşayırdı. Tahir bəy Sankt-Peterburqda meyvə mağazası işlədirdi. Peterburqla Gəncə arasında meyvəçilik işinə baxırdı. Bala Bağman hamamı ilə üzbəüz olan 2 mərtəbəli mülk o zamanlar Tahir bəyin idi. Tahir bəy dəfələrlə repressiyaya məruz qalmış və 1918-ci ildə vəfat etmişdir. Qəbri "Səbirkar" qəbiristanlığındadır.

"Aşır Qulu", "Ozan" kəhrizləri bu məhəllədən keçir. Məhəllənin güneyində yerləşən "Todanlı" məhəlləsi yeni salınmış məhəllədir. Deyilənə görə, buranın sakinləri Todan kəndindən gəliblər. Hazırda burada yerli əhali də az deyil. Burada "Ağamirzə", "Cəlil bəy" dəyirmanları olub. Məhəllədə "Qızıl qayalılar" kimi tanınan ailələr də var. Onlar 1934-cü ildə yaradılmış "Şərq qadını" kolxozunda işləyən, sonra məhəllənin içərisinə köçən "Bala Bağban" sakinləridirlər. Səhvən bu termin gah tayfa, gah da küçə kimi işlənir. Ümumiyyətlə, Bala Bağbanın əhalisi bağlarını Gəncə çayı və dəyirman arxı suyu ilə suvarırdılar. Əkin yerləri isə Todanlı, Üç Təpə və Bala Bağbanda yerləşirdi. Məhəllənin sakinləri "Üç Təpə"-də yaradılmış Kirov kolxozunda işləyirdilər.