Banqladeşin dövlət quruluşu

Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır [1]. Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir.

Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir.

Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.

Milli Assambleyanın əsas funksiyalarına qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası və s. mühüm məsələlər aiddir.

Maliyyə tutumlu qanun layihələri yalnız Prezidentin tövsiyəsi ilə Milli Assambleyaya təqdim edilir. Parlament üzvləri tərəfindən səs çoxluğu ilə qəbul edilən qanun layihələri Prezidentin imzasına təqdim olunur. Dövlət başçısı 15 gün ərzində onları təkrar oxunuşda qəbul edilməsi üçün yenidən Assambleyaya göndərməkdə səlahiyyətlidir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Hökumət başçısı (Baş nazir) formal olaraq Prezident tərəfindən təyin edilsə də, bir qayda olaraq Parlamentdə çoxluq təşkil edən partiyanın lideri bu posta sahib olur.

Dövlətin idarə olunmasında geniş səlahiyyətlərə malik olan Baş nazir Hökuməti və onun üzvlərini özü formalaşdırır.

Mövcud Konstitusiyaya görə, Kabinet Parlament qarşısında kollektiv məsuliyyət daşıyır. Belə ki, Baş nazir parlament çoxluğunun dəstəyindən məhrum olarsa, ya istefa verməli, yaxud da dövlət başçısından Parlamentin buraxılmasını xahiş etməlidir. Banqladeş Konstitusiyasına edilmiş çoxsaylı düzəlişlər nəticəsində, hazırda Hökumət Milli Assambleyadan praktikada daha çox səlahiyyətə malikdir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Məhkəmə-hüquq sistemi ənənəvi ingilis ümumi hüquq sisteminə əsaslanan Banqladeş Respublikasında məhkəmə hakimiyyəti, hakimləri Prezident tərəfindən təyin edilən Ali Məhkəmə və ona tabe olan iki bölmə: ölkədə Konstitusiyaya nəzarət funksiyasını yerinə yetirən Yüksək Məhkəmə, habelə mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyası sayılan Apelyasiya Məhkəməsi tərəfindən həyata keçirilir.

  1. http://www.parliament.gov.bd/Constitution_English/index.htm%7Ctitle=Constitution[ölü keçid] of Bangladesh|publisher=Parliament.gov.bd|date=|accessdate=2010-11-28|archiveurl=http://www.webcitation.org/616vllfGa%7Carchivedate=2011-08-21[ölü keçid]