Baruto Kayto (把瑠都 凱斗?, 5 noyabr 1984[1]) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu.[3] Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir.[4] O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır.
Baruto Kayto | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Kaido Höövelson |
Vətəndaşlığı | |
Doğum tarixi | 5 noyabr 1984[1] (40 yaş) |
Təhsili |
|
Çəkisi | 188 kq |
İdman növü | cüdo[2], sumo |
Vikianbarda əlaqəli mediafayllar |
2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra[5] biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir.
Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür.[3] Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur.[6] Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.[7] Yeniyemətlik illərində basketbolla məşğul olmuş, cüdo üzrə Estoniya milli çempionatının qalibi olmuşdur.[8]
Hyovelson sumo idmanı ilə cüdo məşqçisi Riho Rannikmaa və Kaqoşima Prefekturası Sumo Assosiasiyasının rəsmisi olan Kazuo Kurazono sayəsində tanış olmuşdur. Onlar Hyovelsonu peşəkar sumo ilə məşğul olmaq üçün cəsarətləndirmişdirlər. Əcnəbi şəxslərin sumo yarışlarına daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə görə Mihoqaseki heyası onun qoşula biləcəyi yeganə heya idi.[8] O, Yaponiyaya eston dostu Ott Yurikaas ilə birlikdə gəlmişdir. Yurikaass İrumaqava heyasına qoşulub sumoçu olsa da, bir turnirdən sonra bu idmandan uzaqlaşmışdır.[9]
Baltik dənizinin adı yapon dilində "Baruto" kimi səsləndiyi üçün döyüş adı bu seçilmişdir. Baruto 2004-cü ilin mayında debüt etdikdən sonra cəmi 8 turnir sonra curyo diviziyasına yüksəlmişdir. 2006-cı ildə keçirilmiş curyo diviziyasını 15–0 hesabı ilə qazanmışdır. Göstərdiyi performansa görə 2006-cı ilin mayında ən yüksək sumo diviziyası olan makuuçi diviziyasına yüksəlmişdir.[10]
Debüt turnirində 11–4 hesabı ilə çıxış etmiş və göstərdiyi performansa görə Döyüşkən ruh mükafatını qazanmışdır. İyuldakı qələbəsindən sonra maeqaşira 1 dərəcəsini əldə etmişdir. Lakin 2007-ci ilin yanvarında zədələndiyi üçün mart turnirinə qatıla bilməmiş və curyo dərəcəsinə qədər geriləmişdir. Mayda curyo turnirində 14–1 hesabı ilə qalib gələrək makuuçi diviziyasına qayıtmışdır. Lakin turnirin açılış günündə üçüncü dəfə dizindən zədələnmiş və turnirdən çəkilmişdir.[11]
2007-ci ilin sentyabrda curyo diviziyasında 13–2 hesabı ilə qalib gəlmiş və noyabrda əsas diviziyaya qayıtmışdır. Turnirin son günlərinə qədər qalib olmağa iddialı olsa da, ozeki Çiyotaykay Ryuci və komusubi Ama Koheyə məğlub olmuş, turniri 11–4 hesabı ilə bitirmişdir. Göstərdiyi performansa görə ikinci dəfə Döyüşkən ruh mükafatını qazanmışdır. 2008-ci ilin yanvar turnirini karyerasındakı ilk mənfi hesabla (7–8) başa çatdırmışdır. Noyabrda sekivake dərəcəsinə yüksəlmişdir. 2009-cu ilin yanvar turnirinə ardıcıl 6 qələbə ilə başlasa da, məğlub olmağa başlamış və turniri 9–6 hesabı ilə bitirmişdir. Mart turnirinə pis başlasa da, son günlərdə qazandığı qələbələr sayəsində dərəcəsini qorumağı bacarmışdır. O, 2002-ci ildən bəri sekivake dərəcəsini ardıcıl dörd turnirdə qorumağı bacaran ilk sumoçu olmuşdur.[12] 2009-cu ilin mayında sekivake dərəcəsini itirsə də, iyul turnirində beş ozekini məğlub etmiş və sekivake dərəcəsinə qayıtmışdır.
2010-cu ilin yanvar turnirində yokozuna Hakuhonu məğlub edə bilmiş, turniri 12–3 hesabı ilə bitirmişdir. O, sanyaku dərəcəsi üzrə üç turnirdə 33-dən çox qələbəsi olub ozeki dərəcəsinə yüksələ bilməyən üçüncü sumoçu olmuşdur. 2010-cu ilin mart turnirində ən yaxşı nəticəsini göstərmiş və turniri 14–1 hesabı ilə bitirmişdir. O, təkcə Hakuhoya məğlub olmuşdur. Turnirdə göstərdiyi performansdan sonra ozeki dərəcəsinə yüksəlmişdir.[4] 2012-ci ilin sentyabrında zədə səbəbindən turnirdən çəkilmiş və sekivake dərəcəsinə düşmüşdür.[13] 2013-cü ilin iyul turnirini zədə səbəbindən buraxmışdır. 2013-cü ilin sentyabrında curyo diviziyasına düşmüş və peşəkar sumo karyerasını başa çatdırmağa qərar vermişdir.[5]
Hyovelson 7 sentyabr 2018-ci ildə Estoniya Mərkəz Partiyasına qoşulduğunu bildirmişdir. 2019-cu ildə baş tutmuş Estoniya parlamentinə seçkilərinə qatılmış, Rapla və Haryu qraflıqları üçün namizəd olaraq 642 səs toplamışdır.[14] Vladimir Arhipovun öz yerindən imtina etməsindən sonra Estoniya parlamentinə seçilmişdir. Deputatlıq fəaliyyəti ərzində əsas fəaliyyətlərindən biri Estoniya ilə Yaponiya arasında iqtisadi əlaqələri gücləndirmək olmuşdur.[15][16] 2023-cü ildəki parlament seçkilərində fərqli qraflıq üçün namizəd olsa da, seçilməmişdir.[17]
Baruto Yaponiyada olarkən sikkə kolleksiyaçılığı və paçinko kimi hobbilərlə məşğul olmuşdur.[9] 2009-cu ilin fevralında Vladivostokdan olan rus Yelena Trequbova ilə evlənmişdir. Onların toyu Yaponiyada baş tutmuşdur.[18] 2017-ci ilin yanvarında oğlu olmuşdur.[19] Hyovelson 2012-ci ildə III dərəcəli "Ağ ulduz" ordeni ilə təltif olunmuşdur.[20][21]