Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[1][2][…], Britaniya Honkonqu[d] və ya Honkonq[4] – 6 may 1979[2][3], Sent-Ayvs[d], Cənub-Qərbi İngiltərə[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı.[5] O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir.[5]
Bernard Liç | |
---|---|
ing. Bernard Howell Leach | |
Doğum tarixi | 5 yanvar 1887[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 may 1979[2][3] (92 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | keramikaçı, incəsənət xadimi |
Fəaliyyət illəri | 1909-cu ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır.[5] Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir.[5] Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır.[5] Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi.[5] Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər.[5] Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur.[5]
Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər.[5] Dünyanın müxtəlif yerlərindən olan peşəkar dulusçular və tələbələr dulusçuluq sənətini öyrənmək üçün Sent-Ayvs studiyasına gəlirdilər.[5] 1956-cı ildə studiyanı Liçin üçüncü arvadı olan, Hamada ilə birlikdə Yaponiyada dulusçuluq sənətini öyrənən Cenet Darnell idarə etməyə başlamışdır.[5] Liç 1929-cu ildə İngiltərənin Darlinqton şəhərində kiçik dulusçuluq studiyası da açmışdır.[5]
Liç 18 ilini Yaponiyada keçirmiş, bu ölkəni dəfələrdə ziyarət etmişdir.[5] Onun başlıca məhsulu seladon və Çin üslubunda olan temmoku kimi Asiyada təkmilləşdirilən daş keramikalar idi.[5] Liç Raku üslubunda olan dulusçuluq sənətindən və çay mərasimi üçün istifadə olunan əşyalardan ilham götürmüşdü.[5]
Liç dulusçuluq sənətindəki yaradıcılığına görə bir çox mükafata layiq görülmüşdür: Amerika Dulusçuluq Cəmiyyəti tərəfindən Binns medalına layiq görülmüş, Milanda Qızıl medalla təltif edilmiş, İngiltərənin Cənub-Qərb Universiteti tərəfindən fəxri doktorantura dərəcəsi almışdır.[5] 1966-cı ildə Yaponiya hökuməti tərəfindən ikinci dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif edilmişdir.[5]
Liç Hamada və Yanaqi Soetsu ilə birlikdə xalq sənətini tanıtmaq üçün hərəkat qurmuş, Yanaqinin xalq incəsənətinin estetikası haqqında olan kitabını "Naməlum sənətçi" (1972) adı altında ingiliscə nəşr etdirmişdir.[5] 1975-ci ildə Hamadanın xatirəsini yad etmək üçün "Hamada, dulusçuluqçı" kitabını yazmışdır.[5] Bu kitablardan əvvəl isə 1940-cı ildə "Dulusçunun kitabı", 1950-ci ildə isə "Dulusçunun portfoliosu" adlı işini nəşr etmiş, bu kitablarda estetik baxışları və dulusçu olması haqqında məlumatlar paylaşmışdır.[5]
Liç növbəti illərdə "Kenzan və onun ənənəsi" (1966), "Dulusçunun sənəti" (1967), "Şərq və Qərbin o tərəfində" (1978) adlı kitablar yazmışdır.[5]