Beynəlxalq İnkişaf Assosiasiyası (BİA; International Development Association, IDA) – Dünya bankının ən yoxsul ölkələrə yardım edən təsisatı. 1960 ildə Dünya bankının baş təşkilatı – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) əlavə olaraq yaradılmışdır; BYİB-ə nisbətən daha imtiyazlı şərtlərlə kreditlər vermək iqtidarındadır. BİA və BYİB vahid təşkilati struktura, həmçinin ortaq heyətə və qərargaha malikdir, hazırda 162 üzvü var. Bu təşkilata üzv olmaq üçün ölkə ilk növbədə BYİB-ə üzv olmalıdır. BİA indiyə qədər ölkələrə 135 milyard dollar məbləğində kredit verib. 2002-ci ildə 62 ölkədə həyata keçirilən 133 yeni əməliyyat üçün 8,2 milyard dollar vəsait xərclənib. Bu təşkilat kreditləri faizsiz olaraq (0,75% həcmində yığım istisna olmaqla), ödəmə müddəti 10–35 il və güzəşt müddəti 10 il olmaqla verir.
Beynəlxalq İnkişaf Assosiasiyası | |
---|---|
Yaranma tarixi | 1960 |
Mərkəzi | |
worldbank.org/ida/ |
BİA-nın strukturu BYİB-in strukturunu analoqudur. BYİB-in prezidenti eyni zamanda BİA-nın da prezidentidir.
BİA-ya daxil olan vəsaitlər Dünya Bankına 2,4 milyard insanın yaşadığı 78 ən yoxul dövlətə ildə orta hesabla 6–7 milyard dollar faizsiz kredit verməyə imkan verir. Bu dəstək olduqca vacib əhəmiyyətə malikdir, çünki həmin dövlətlər bazar şərtləri əsasında borc almaq iqtidarında deyillər. BİA əsas ehtiyacların (təhsil, səhiyyə, təmiz su və s) təmin olunmasına çalışır, məhsuldarlığın artımını və yeni iş yerlərinin yaradılmasını şərtləndirən investisiyaları dəstəkləyir.
BİA-nın kreditləri yalnız hökumətlərə verilir. Eyni zamanda BİA kreditləri yalnız adambaşına düşən gəliri 875 dollardan aşağı olan dövlətlərə verilə bilər. BİA-nın kreditləri Dünya Bankı borclarının təxminən dörddə birini təşkil edir.
40-a yaxın dövlət BİA-nın maliyyələşməsində iştirak edir. Donorların siyahısına Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya, ABŞ kimi inkişaf etmiş ölkələrlə yanaşı, Argentina, Botsvana, Braziliya, Macarıstan, Koreya, Rusiya Federasiyası, Türkiyə kimi inkişafda olan dövlətlər də daxildir.
BİA-nın borcları 2002-ci fiskal ilində rekord həddə çataraq 133 yeni əməliyyat üçün 8,1 milyard dollar təşkil edib (2001-ci ildə 134 yeni əməliyyat üçün 6,8 milyard dollar). BİA-nın borclarının yarıdan çoxu Afrika və Cənubi Asiyaya iqtiqamətlənib. Afrika 2002-ci ildə 63 yeni əməliyyat üçün 3,8 milyard dollar borc alıb. BİA-nın borclarının üçdə birinə qədəri (2,6 milyard dollar) Cənubi Asiyaya istiqamətlənib.
BİA-nın investisiya borcları 5,6 milyard dollar həddə qədər arıtb. Buna Əfqanıstandakı təcili tikinti işləri, təhsil, dövlət idarəçiliyi üçün ayrılan 100 milyon dollarlıq BİA qrantı da daxildir.
BİA borclarının ciddi hissəsi (44 əməliyyat üçün 2 milyard dollar) təhsil, sağlamlıq, sosial xidmətlər, su və sanitariya kimi sahələrə yönəldilib. Dövlət idarəçiliyi ilə əlaqəli 34 əməliyyata 1,6 milyard dollar xərclənib.
BİA imtiyazlı ödəmə müddəti 10 il olan 20, 35 və 40 illik faizsiz kreditlər verir. 2005–2009-cu illərdə BİA tərəfindən dəstəklənən kredit və zəmanətlərin ümumi həcmi 55,3 mlrd. ABŞ dolları təşkil etmişdir; bu məbləğin yarısından çoxu infrastrukturun və sosial sferanın inkişafına yönəldilmişdir. BİA-ya ən böyük borcu olan ölkə Hindistandır; verilən kredit və zəmanətlərin ümumi həcminin 18,8%- i onun payına düşür.
BİA-nın ehtiyatları donor-ölkələrin ödəmələri (hər üç ildən bir), BYİB və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) gəlirlərinin başqa hesablara köçürülməsi, həmçinin əvvəllər verilmiş kreditlərin ödənilməsindən daxilolmalar hesabına artır.