IACA (ing. International Anti-Corruption Academy) — hökumət üzvləri və digər vəzifəli şəxslərə[1] antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən,[2] qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat.[3] Təşkilata üzvlük BMT-yə üzv olan dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlar üçün açıqdır. Təşkilata üzvlük haqqının ödənilməsi məcburi deyil.[4]
Beynəlxalq Antikorrupsiya Akademiyası IACA | |
---|---|
Yaranma tarixi | 8 mart 2011 |
Yarandığı yer | Vyana, Avstriya |
Fəaliyyət göstərdiyi yer | Laksenburq, Avstriya |
Üzvləri |
75 dövlət 4 beynəlxalq təşkilat |
iaca.int | |
Vikianbarda əlaqəli mediafayllar |
Antikorrupsiya təhsilinə yönəlmiş beynəlxalq təşkilatın yaradılması prosesi 2005-ci ilə təsadüf edir. Belə ki, İnterpolun işçi qrupu həmin dövrdə bu təşəbbüslə bağlı müzakirələrə başlayır.[5] İnterpolun 2006-cı ilin sentyabrında keçirilən 75-ci iclasında üzv dövlətlər yekdilliklə "dünya üzrə dövlət xidmətləri sektorunda korrupsiya problemi ilə mübarizə aparmaq məqsədi güdən" akademiyanın qurulmasının lehinə səs verirlər.[6] İclasın ardınca, 9 oktyabr 2006-cı ildə Avstriyanın Daxili İşlər naziri Liza Prokop, İnterpolun baş katibi Ronald Noubl və Daxili İşlər İdarəsinin direktoru Martin Krutner Avstriyanın paytaxtı Vyanada IACA-nı yaratmaq istədiklərini rəsmi şəkildə bəyan etdilər.[7]
2007-ci ilin iyulunda Noubl və Avstriyanın Daxili İşlər naziri Günter Platter Vyanada görüşərkən IACA-nın Laksenburqda yaradılması ilə əlaqədar saziş imzaladılar.[8] Saziş 2007-ci ilin noyabrında İnterpolun 76-cı iclasında təsdiq edildi.[9] 2008-ci ilin oktyabrında Noubl və BMT‐nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru Antonio Mariya Kosta 2005-ci ilin dekabrında qüvvəyə minmiş Korrupsiya əleyhinə BMT Konvensiyasının "daha effektiv icrasını təmin etməkdə" IACA-ya kömək etmək məqsədilə əməkdaşlıq sazişi imzaladılar.[10]
Akademiya 2 sentyabr 2010-cu ildə BMT‐nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, İnterpol, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi (OLAF) və Avstriya Respublikasının birgə təşəbbüsü ilə yaradılmışdır.[11][12] 8 mart 2011-ci ildə IACA beynəlxalq təşkilat statusu əldə etdi və BMT-də qeydiyyatdan keçdi.[13][14]
2019-cu ilin oktyabrında Myanmanın IACA-ya qoşulması ilə 4-ü beynəlxalq hökumətlərarası təşkilat, 75-i isə dövlət olmaqla təşkilatın üzvlərinin sayı 79-a çatmışdır.[15][16]
IACA Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyi tərəfindən aspirantura təhsil müəssisəsi kimi tanınmışdır. Sonradan Bolonya prosesi çərçivəsində aspirantura təhsili təklif etmək səlahiyyəti verilmişdir.[17] İlk magistratura proqramına 2013-cü ilin fevralında başlamış və o zamanlar tədris iki il ərzində 12 günlük yeddi blok şəklində keçirilmişdir.[5]
IACA iki magistratura proqramı təklif edir.[18] ATƏT və Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi IACA-nın magistratura proqramlarına vahid yanaşma tətbiq etdiyini hesab edir.[13][14] El Mundo buradakı araşdırmaların fənlərarası və praktiki aparıldığını qeyd edir.[19] 2018-ci ildə IACA-dan təxminən 1,600 nəfər məzun olmuşdur.[20]
Avstriyanın xəbər qəzeti News-un məlumatına görə, 2014-cü il maliyyə ili üzrə IACA-nın büdcəsi 12.98 milyon avro, 2015-ci il maliyyə ili üzrə isə 13.24 milyon avro təşkil edib; halbuki 2013-cü il üzrə real gəliri 2.3 milyon avro və xərcləri 2.1 milyon avro civarında olmuşdur.[4] IACA News-a bildirmişdir ki, rəqəmlərin yüksəlməsi onların maliyyənin artmasına yönələn hədəflərinin nəticəsidir.[4] 2015-ci ilin sonu 2016-cı ilin əvvəlində IACA kadr dəyişikliyinə məruz qaldı.[4]
IACA-nın üzv dövlətlərin iştirakı ilə 2018-ci ilin sentyabrında keçirilən 7-ci iclasında IACA-nın İdarəetmə Şurasının sədri Eduardo Vetere xarici audit hesabatlarına istinadən IACA-nın müflisləşmə təhlükəsi ilə üzləşə biləcəyini qeyd etmişdi.[21] 2018-ci ilin dekabrında gəlir mənbələrinin yenidən qurulması və digər dövlətlərin üzvlüyə cəlb edilməsi məqsədilə işçi qrup yaradıldı.[22] Elə həmin vaxt Avstriya hökuməti təşkilata 544,000 avro maliyyə ayırdı.[23]
IACA-ya təşkilatın həm də icraçı katibi vəzifəsini icra edən sədr rəhbərlik edir. 2011-ci ilin martından, yəni təşkilatın qurulduğu vaxtdan 2019-cu il yanvar ayının sonunadək Martin Krutner IACA-nın ilk sədri kimi fəaliyyət göstərib.[23] Daha sonra boş qalan vəzifə üzrə səlahiyyətləri təşkilati heyət rəhbəri və ümumi xidmətlər bölməsinin sədri Kristian Pohn-Hufnagel icra etmişdir. 2 mart 2020-ci ildə Tomas Stelzer IACA-nın yeni sədri və icraçı katibi vəzifəsini icra etməyə başladı. Onun ilkin səlahiyyət müddəti dörd il olsa da, uzadıla bilər.[24]