Beynəlxalq Maliyyə Korporasiyası, BMK (ing. International Finance Corporation) - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərkibinə daxil olan yardımçı təşkilat. Bank, 1956-cı ildə yaradılmışdır və əsas məqsədi, inkişaf etməkdə olan dövlətlərin özəl sektoruna, xüsusilə də mənfəət əldə edən müəssisələrə kreditlər formasında (BMK ümumi vəsaitinin 74%) kapital qoyuluşunu nəzərdə tuturdu. BKM-nin maliyyəsinin digər 26%-i, səhmdar kapitallarda iştirak üçün nəzərdə tutulmuşdur.
Beynəlxalq Maliyyə Korporasiyası BMK | |
---|---|
ing. International Finance Corporation | |
Növü | İnkişaf maliyyəsi təşkilatı |
Yaranma tarixi | 1956 |
Mərkəzi | Vaşinqton |
Üzvləri | 184 dövlət |
ifc.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı ildə yaradılan Beynəlxalq Maliyyə Korporasiyasının hazırda 184 üzvü var[1]. 1973-cü ildə bu təşkilata 100 ölkə daxil idi. BKM heç bir dövlət təminatı tələb etmir, lakin bu təşkilatdan kredit almaq üçün əsas şərt maliyyələşdirilən layihənin 50%-nin yerli və ya xarici özəl kapital hesabına ödənilməsidir. Kreditlərin verilmə tarixi 5 ildən 15 ilədək nəzərdə tutulur. Faizlər illik 5-10% təşkil edir.
Bu təşkilata üzv olmaq üçün əvvəlcə BYİB-ə üzv olmaq lazımdır. BMK-nin kredit portfelinin həcmi 21,6 milyard dollara bərabərdir ki, onun da 6,5 milyard dolları sindikativ borclar şəklində təqdim edilmişdir. 2002-ci ildə 75 ölkənin 204 şirkətinə 3 milyard dollar həcmində kredit verilib. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı, kapital bazarında borclanma vı BYİB-dən alınan vəsaitlər təşkil edir.
BMK-nin mandatı özəl sektorun inkişafı vasitəsilə iqtisadi artımı təmin etməkdən ibarətdir. BMK uzunmüddətli borclar, məsləhət xidmətləri, risqin idarə olunması, zəmanətlər təmin etməklə inkişafda olan ölkələrdə özəl sektorun irəliləyişinə şərait yaradır. BMK xüsusi kapital üçün maraqlı olmayan bölgələrdə müxtəlif layihələrə sərmayə qoyur, həmçinin risqli sayılan bazarlarda özəl sektorun inkişafına çalışır. BMK öz xidmətlərini bazar şərtləri əsasında həyata keçirir və hökumət təminatlarını qəbul etmir.
BYİB-in törəmə təşkilatı olan BMK-nın əsasə, XX yüzilliyin 50-ci illərində qoyulmuşdur. Milli azadlıq hərəkatlarının gedişində istiqlaliyyət qazanmış ölkələrə maliyyə yardımları vasitəsilə, həmin ölkələrdə xarici kapitalın mövqelərini möhkəmləndirməyə çalışan ABŞ hökuməti bu məqsədlə, 1950-ci ilin martında, prezidentə hazırladığı məruzədə qeyd edirdi ki, ABŞ-dən xüsusi kapitalın inkişaf etməkdə olan ölkələrə axını ikiqat və ya üçqat artırılmalıdır, bu geridə qalmış ölkələrin iqtisadiyyatının yüksəldilməsinə həlledici təkan verə bilər. Şübhəsiz, "soyuq müharibə" şəraitində "üçüncü dünya" ölkələrinə belə kapital axınının nəzərdə tutulması, dönyada gedən geosiyasi mübarizə ilə sıx bağlı idi. Lakin, yeni beynəlxalq təşkilatda ABŞ-nin mövqelərinin nə dərəcədə möhkəm olması məsələsi ABŞ diplomatlarını ciddi narahat etdiyi üçün başlamış danışıqlar bir neçə il uzandı.
1955-ci ilin iyununda BYİB-in İstanbul sammitində, Beynəlxalq Maliyyə Korporasiyasının yaradılması haqqında qərar qəbul edildi. Nəzərdə tutulurdu ki, bu təşkilat BYİB-in yardımçı təşkilatı olmalıdır. BMK-nın orqanları 1956-cı ilin iyunundan etibarən yaradılmağa başladı. Digər bank qruplarından fərqli olaraq, BMK başlıca diqqətini sənayeyə yönəltmişdir.
BMK-nın əsas məqsədi, özəl sektorun inkişafına yardım edilməsidir. Bu məqsədi həyata keçirmək üçün, BMK üzv ölkələrdə investisiya qoyuluşu və xarici kapital axınının həyata keçirilməsinə yardım olur və nəticədə bu ölkələrdə iqtisadi inkişaf müşahidə edilir. Kapital və kredit qouyuluşu bir qayda olaraq inkişaf etməkdə olan ölkələrə yönəldilir. Son zamanlar, Şərqi Avropa ölkələrinə daha çox maliyyə yardımı göstərilir. Burada məqsəd, özəl investisiyaların dayanıqlı axınını təmin etmək, bu ölkələrdə yoxsulluğu azaltmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.[2]
BMK-nın rəhbər orqanları BYİB-lə eynilik təşkil edir. BMK-nın nizamnamə kapitalı, 1973-cü il üçün 110 milyon ABŞ dollarına çatmışdır. Bunun 107 milyon dolları qızıl və çevrilən valyuta ilə ödənilmişdir. Hər bir ölkənin üzvlük haqqı onun BYİB-də olan payına proporsionaldır. Bu da ona gətirib çıxarmışdır ki, səsvermə zamanı səslərin üçdə biri Birləşmiş Ştatlara məsxusu olur. BMK-nın ehtiyat fondu mövcuddur. Bu fond gəlirlərin hesabına formalaşmışdır. 1973-cü ildə fondun kapitalı 76 milyon təşkil edirdi. BMK kapital bazalarında öz obliqasiyalarını, səhmlərini yerləşdirir və onları satır.
BMK hüquqi və maliyyə baxımından müstəqil təşkilatdır, lakin təşkilatın idarəçiliyi BYİB ilə birgə həyata keçirilir. Təşkilatın səhmdarları onun 184 üzvlərdir və məhz bu üzvlər BMK-nın nizamnamə kapitalını formalaşdırıblar. BMK-nın ali icraedici orqanı İdarəçilər Şurasıdır. Buraya hər bir üzv dövlət öz nümayəndəsini təyin edir. Adətən nümayəndələr qismində maliyyə nazirləri çıxış edirlər. İdarəçilər Şurası, öz səlahiyyətlərinin bir çoxunu Direktorlar Şurasına ötürür. Direktorlar Şurasında bütün üzv dövlətlər təmsil olunmaqdadırlar. Onlar investisiyalarla bağlı məsələləri nəzərdən keçirirlər. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının prezidenti həmçinin, BMK-nın prezidentidir. İcraçı vitse-prezident isə, BMK-nın fəaliyyətinə operativ nəzarəti həyata keçirir. Planlaşdırma və qərar qəbul etmə işlərində menecer qrupu vitse-prezidentə yardım edir. Buraya 7 vitse-prezident daxildir. Əməliyyatlar üzrə 3 vitse-prezident isə regional və sahə departamentlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Bundan savayı hər bir vitse-prezident ayrıca sahəyə nəzarət edir. BMK-nın layihə və proramlarının qiymətləndirilməsini müstəqil qiymətləndirmə qrupu həyata keçirir. Təşkilatın ombudsmanı da mövcuddur ki, daxili qayda və prosedurların həyata keçirlməsinə nəzarət edir. BMK-nın işçi ştatında 2400 əməkdaş var. Onların 55%-i Vaşinqtonda yerləşən baş qərargahda çalışırlar. 45%-i isə, 80-dən çox yerli şöbələrdə işləyir.
Təşkilatın beş regional və dörd sahə departamenti var. Regional departamentlərə Cənubi Afrika, Asiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrika, Avropa, Latın Amerikası və Karib hövzəsi daxildir. Sahə departamentlərinə aqro-biznes, kimya, neft-kimya və gübrələr, infrasturuktur, neft, qaz və dağ-mədən sənayesi daxildir. Kapital bazarı və korporativ maliyyə xidmətləri departamenti, dövlət müəssisələrinə və hökumətlərə özəlləşdirmə məsələləri üzrə, özəl şirkətlərə maliyyə sturukturlaşdırılması üzrə məşvərətçi xidmətlər göstərir. Bank məşvərətçi komissiyası 10 nəfər sədrdən ibarətdir və tərkibinə beynəlxalq maliyyə institutlarının aparıcı mütəxəssisləri daxildir. Komissiya BMK-nın icraçı heyəti ilə mütəmadi görüşlər keçirir və fəaliyyət barədə fikir mübadiləsi aparır. İşçi konsultativ komitə, dünyanın tanınmış sənayeçi, bankir və dövlət xadimlərindən ibarətdir. Bu komitədə onlar öz təcrübələrini bölüşür və tövsiyələr işləyib hazırlayırlar.