Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.[1]

Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Eramızdan əvvəl XVI əsrdə Krit, XIII–XII əsrlərdə Çin, III əsrdə Qədim RomaYunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə — Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H. Z. Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən "Muzey içində muzey" də deyirlər. Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb. Erməni işğalından azad olunmuş doğma və canlı muzey olan Şuşada işğaladək 8 muzey fəaliyyət göstərib. Hazırda bərpa işləri aparılan Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin evi, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı zəngin eksponat sayına görən fərqlənən muzeylərimiz olmuşlar. Çox təəssüflə bildiririk ki, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi erməni vandalları tərəfindən Ağdam şəhəri kimi tamamilə yerlə-yeksan olunub. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey — maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.[2]

  1. 18 may — Beynəlxalq Muzeylər Günüdür [ölü keçid]
  2. "Beynəlxalq muzey günü". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]