Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı — Nazim Hikmət Kültür və Sənət Vəqfinin təqdim etdiyi mükafat.
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı | |
---|---|
Ölkə | |
Statistika | |
Təsis tarixi | 14 yanvar 1995 |
Nazim Hikmətin ölümündən illər ötsə də onun yaradıcılığını sevənlərin sayı artır, yaradıcılığı və həyatı əsasında dəfələrlə əsərlər yazılaraq dərc olunur. Belə ki, Nazimin yaxın dostları bacısı Samia Yaltırımın və Prof. Dr. Aydın Aybayın başçılığı ilə onun adına vəqf yaratmağı qərara alırlar. 1990-cı ildən vəqfin qurulması üçün hazırlıq işləri başlayır. Beləliklə, 1991-ci il may ayının 22-də şairin dostlarının səyi nəticəsində Samia Yaltırım tərəfindən Nazim Hikmət Kültür və Sənət Vəqfi qurulur. Təşəbbüs qrupu yaradılır, bu qrupa Nazim Hikmətin yaşayan dostları, qohumları, şairlər, sənətkarlar, ziyalılar qoşulur. Bir çox sənətkarlar, müğənnilər, çair və yazıçılar kimi, Nazimin vaxtikən şeirlər həsr etdiyi rəssamlardan Abidin Dino, Avni Arbaş, İbrahim Balaban da vəqfin qurulması üçün vəqfə çəkdikləri tablolardan verərərək öz dəstəklərini əsirgəmədilər.
Nazim Hikmət Kültür Və Sənət Vəqfinin məqsədi bütün dünyada Nazim Hikmətlə bağlı hər hansı bir yazı, kitab, məqalə, şəkil, rəsm, film, musiqi, heykəl, xatirə və s. bu tipli bütün araşdırma və əsərləri və ya onların surətlərini toplayaraq Nazim Hikməti gələcək nəsillərə tanıda biləcək bir mərkəz qurmaq idi. Həmçinin, şairlə bağlı araşdırmalar aparan şəxslərə dəstək vermək vəqfin başlıca məqsədlərindən sayılır.
Vəqf – Nazim Hikmətin xatirəsini daim yaşatmaq, əsərlərinin yayılmasını təmin etmək, xüsusilə isə müasir şairlərin sənətə bəxş etdikləri töhfələrini dəyərləndirmək məqsədilə "Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı"nı təsis edir və 1995-ci ildən başlayaraq mükafatı ilk sahibinə təqdim edirlər. Beynəlxalq mükafat hazırlıq qurumunun tövsiyəsi ilə qurulan Beynəlxalq mükafatın jürisində — Cavad Çapan, Memet Fuat, Səlahəddin Hilav, Con Berger (İngiltərə), Henrik Nodbrandt (Danimarka), Titos Patrikios (Yunanıstan) və Andrey Voznezenski (Rusiya) kimi sənətkarlar qərarlaşdı.
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatının ilk sahibi hazırda Fransada yaşayan suriyalı şair Adonis olmuşdur. Jüri üzvləri Adonisin "əsərlərinin bədii dəyəri və intellektual tərkibinin xüsusiyyəti" nəzərə alınaraq 17 dekabr 1994-cü ildə keçirilən iclasda yekdilliklə qərarlarını açıqladılar. Şənbə günü — 14 yanvar 1995-ci ildə Camal Rəşid bəy konsert salonunda təşkil edilən bir mərasimdə Adonisə 8000 dollarlıq pul mükafatı və plaket təqdim olundu. Türkiyənin o dövrkü Mədəniyyət Naziri Timuçin Savaşın da iştirak etdiyi və Əziz Nesinin açılış nitqi dediyi gecədə Adonisin şeirləri oxunmuş, slayd-şou nümayiş olunmuşdu. Mükafat mərasiminə Sezen Aksu və Arif Sağ kimi məşhur sənətkarlar da öz nəğmələri ilə dəstək vermişdilər.
Adonisdən sonra 1997-ci ildə Martinikalı şair Ame Sezar (Aimé Césaire) — XX əsrdə bütün əzilən insanların azadlıq və bərabərlik həsrətini dolğun şəkildə açıqladığına görə Beynəlxalq Nazim Hikmət Şeir mükafatına layiq görülmüşdür. 2003-cü ildə Fələstinli şair Mahmud Dərviş, 2009-cu ildə danimarkalı şair Erik Stinus – "həyatı boyu bütün əsərlərində ortaya qoyduğu insani mahiyyəti və bədii müvəffəqiyyəti" nəzərə alınaraq mükafata layiq görülmüşlər. Son dövrlərdə Nazim Hikmət Şeir mükafatının hər iki ildən bir verilməsində müəyyən problemlər yaranmışdır. Buna səbəb kimi maddi çatışmazlıqlar və beynəlxalq seçicilər qurumunun toplanmasındakı çətinliklər göstərilir.
Son olaraq isə, uzun fasilədən sonra, 2014-cü il mart ayının 31-də türk dünyasında, xüsusən Türkiyədə ümumtürk ədəbi siması kimi tanınan, əsərləri sevilə-sevilə oxunan Azərbaycanın Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinin qərarı ilə Türk ədəbiyyatına yüksək xidmətlərinə görə "Beynəlxalq Nazim Hikmət Şeir mükafatı" ilə təltif olunmuşdur. Xatırladaq ki, iki ildə bir dəfə dünya yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.