Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir.
Bişkek gerbi | |
---|---|
qırğ. Бишкек герби | |
Detallar | |
Təsis edilib | 1994 |
Təsdiq edilib | 1994-cü il |
Şüar | Bişkek |
İlk variantı | |
İstifadə | 1994-cü ildən |
Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur.
Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir.[1]
Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi. Qalxanın yuxarı sağ küncündə Pişpek mahalının mənsub olduğu Semireçensk quberniyasının gerbi yerləşdirilmişdir. Gerbin ortasında üç gavahın, yuxarı və alt hissələrində isə qızıl arılar təsvir edilmişdir. Bunlar müvafiq olaraq əkinçilik və çalışqanlığın simvollarıdır.[1]
Frunze şəhərinin gerbi 22 sentyabr 1978-ci il tarixində Şəhər Xalq Deputatları Şurası tərəfindən təsdiq edilmişdir.[2]
"Frunzeqorproyekt" işçiləri Q. Mulyavin və A. Soqonov tərəfindən tərtib edilən gerbin rəsmləri şəhərin 100 illiyi münasibətilə keçirilmiş açıq müsabiqədə qalib gəlmişdir. Gerb 1978–1994-cü illərdə istifadədə olmuşdur.[3]
Gerbin mərkəzində qırğız xalq mədəniyyətinin zənginliyini simvollaşdıran yuvarlaq bir ornament təsvir olunmuşdur. Bu dairə şəhərdəki yaşıllığının əhəmiyyətini əks etdirən yarpaqlar ilə əhatə olunmuşdur. Şəhərin sənaye inkişafının simvolu olan dişlilərdən yarpaqlar qalxır. Ornamentin üstündə şəhərin köhnə adını xatırladan bir çubuq təsviri var. Gerbin yuxarısında ağ rəngli dağ zirvələri təsvir edilmiş, onun üzərində isə böyük hərflərlə "Frunze" yazısı mövcuddur.[2]
1991-ci ildə Frunze şəhərinin adı Bişkek olaraq dəyişdirilmiş, "Frunze" yazısı "Bişkek" yazısı ilə əvəz edilmişdir.[3]
Bişkek şəhərinin müasir gerbinin yaradılması təşəbbüsü şəhərin keçmiş meri Feliks Kulova məxsusdur. Qrafik rəssam M. Həsənəliyev və fəlsəfə elmləri namizədi S. İptarovun təqdim etdiyi versiya seçilmişdir.[3]
Bişkek şəhəri bir qala olaraq yarandığından müasir gerbdə qala təsvir olunmuşdur ki, bu da inzibati səlahiyyətin gücünü simvollaşdırır. Təsvir edilən ağ rəngli qar bəbiri cəsarət, iradə, dözümlülük rəmzidir və qırğız xalqının qədim totemlərindən biridir. Ağ bəbirin təsvir olunduğu dairə və kvadrat qədim qırğız fəlsəfəsinə görə zamanın (dairə) və məkanın (kvadrat) birliyini bildirir. Bundan əlavə, kvadratın hər bir bucağı dörd dəyəri – insan, mədəniyyət, ekologiya və iqtisadiyyatı simvolizə edir.[3]
Bişkek meriyasının rəsmi saytında da daxil olmaqla[4] bəzi mənbələrdə[5] Bişkek şəhərinin gerbi səhvən dəyişdirilmiş rənglərdə verilir.[1]