Bozdağ silsiləsi

Bozdağ silsiləsiAzərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqribən 150 km, hündürlüyü təqribən 500 m-dir.

Bozdağ silsiləsi
Bozdağ silsiləsi (solda) və Mingəçevir su anbarı
Bozdağ silsiləsi (solda) və Mingəçevir su anbarı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 520 m
Uzunluğu 150 km
Yaranma dövrü Neogen və Antropogen
Süxurları gil, qum, qumdaşı
Yerləşməsi
40°50′ şm. e. 46°45′ ş. u.HGYO
Ölkə
Bozdağ silsiləsi xəritədə
Bozdağ silsiləsi
Bozdağ silsiləsi

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir. Tikinti materialları var. Neft və qaz yataqları aşkar edilmişdir.

Bozdağ silsiləsi Əlicançay, Türyançay, Göyçay və Dəvəbatançay çaylarının dərələri ilə kəsilmişdir. Dərə və yarğanlarla parçalanmış cənub yamacları dik və sıldırımlıdır. Qocaşen-Göyçay silsiləsindən cənubda, Girdimançayın cənub axınında Qaraməryəm tirəsi uzanır. Tirənin cənub yamacı çox, şimal yamacı isə az meyillidir. Ən uca zirvəsi Çərmədin dağıdır (350 m). Girdimançay aşağı axında beşə qədər qola ayrılaraq tirəni ayrı-ayrı hissələrə parçalayır.

Torpaq və bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Silsilənin hər iki yamacında yararsız sahələr geniş yayılmışdır. Silsilədə (xüsusilə cənub yamacında) yararsız torpaq (bedlənd) sahələri çoxdur. İllik yağıntı təqrribən 450 mm-dir. Bitki örtüyü zəif inkişaf etmişdir. Yovşan, şoranotu, müxtəlif otlar, arid meşələrdə ardıc (arçan), yabanı püstə, nar, qaratikan və s. bitir. Yarımsəhra, quru çöl, arid meşə və kolluq landşaftı var. Bəzi yerlərindən qış otlağı kimi istifadə olunur. Şimal yamaclarında taxıl, üzüm, meyvə yetişdirilir. Arçandağda Türyançay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 376. ISBN 978-9952-441-03-1.