Əlicançay — Kürün sol qoludur. Oğuz, Şəki və Yevlax rayonlarından, Mingəçevir ərazisindən axır.
Əlicançay | |
---|---|
Ölkə | Azərbaycan |
Rayonlar | |
Şəhər | |
Mənbəyi |
Oğuz çayı, Daşağıl çayı və Xalxal çayı |
Mənsəbi | Kür |
Uzunluğu | 98 km |
Su sərfi | 2,56 m³/san |
Su sistemi | Kür |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 1010 km² |
Uzunluğu 98 km, hövzəsinin sahəsi 1010 km²-dir. Oğuz, Daşağıl və Xalxal çaylarının birləşməsindən əmələ gəlir. Əsas qolu Xalxalçay hesab edilir ki, onun da mənbəyi Böyük Qafqazın cənub yamacında (3500 m) yerləşir. Axımının 60%-i yeraltı, 23%-i yağış, 17%-i isə rap suları hesabına əmələ gəlir. Yazda rap, payızda yağış suları çayda daşqın əmələ gətirir. Payız fəslində yağışlar hesabına davamiyyəti qısa (3-5 gün) olan daşqınlar keçir. Bu zaman su sərfi orta illik sərfdən 10-15 dəfə artıq olur. Orta illik su sərfi 3,93 kub m/san-dir. Bunun da 34%-i yazda, 18%-i yayda, 25%-i payızda, 23%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 8-10%-i məsrəf olunur.
Çayın asılı gətirmələr sərfi 2,56 kq/san, orta lillənməsi isə 650 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta mineral-laşması 150-500 mq/l arasında dəyişir.
Başxalxal kəndindən Daşüz silsiləsinin şimal yamacına kimi olan sahədə çayın suyu bütünlüklə istifadə edilir. Kür sahili düzənliyində çay bir çox qollara ayrılır.
Çayın suyundan suvarmada istifadə edilir. Çayın üzərində Şəki və Oğuz rayonlarının sərhəddində Daşyüz silsiləsinin dağarasında su anbarının tikilməsi nəzərdə tutulur. Suvarılma sahəsi 16 min hektar, su anbarının tam həcmi 77,5 mln m³ , faydalı həcmi 70 mln m³, bəndin hündürlüyü 46 m olmalıdır.
Əlicançayda qəza daşqınları 5.06.1906, 10.08.1910, 8.08.1926, 27.07.1936, 25.06.1940, 4.06.1993, 13.10.1948, 6.05.1952, 19.11.1960, 7.06.1963, 13.10.1965 15.05.1966, 9.06.1972, 4.06.1973–cü illərdə müşahidə edilmişdir.