Brahmanizm (q.türk Barmançılıq) — qədim Hindistanda e.ə. I minilliyin ortalarında veda dinindən inkişaf etmiş və hinduizmin əsasını qoymuş dini dünyagörüşü və ayinlərin sistemi.[1]
E.ə. XI-VIII əsrlərdə Hindistanda brahmanlar[2][3][4], veda dinində mühüm dəyişikliklər etdilər. Bu təlimin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı tanrılara sitayişdən, onlara qurban verməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. E.ə.X əsrdə qurbanvermə mərasiminin dərkində, qurbanvermənin mahiyyəti ilə bağlı təsəvvürlərdə də əsaslı dəyişikliklər baş verdi.
Müqəddəs mətnlərin dəqiq məzmununu bilən ruhanilər yaradanın bütöv konsepsiyasını formalaşdırdılar, sonradan bu "Brahma" adlandırılmağa başladı. Həmin konsepsiyaya görə, "Brahma" özü dünyanın yaranmasına qədər digər tanrılara qurban edildi və onun bədənindən kainat yarandı. Beləliklə, qurbanvermə aktı həmin ilk qurbanvermənin təkrarı, yenilənməsidir. Əgər qurbanvermə müntəzəm şəkildə həyata keçirilməsə, inkişaf dayanar, kainatın sonu çatar, yenidən xaos başlayar. Ruhanilər sülhü qoruyan, saxlayan, düşməni marasimlər, cadular yolu ilə məhv etməyin yollarını bilən, ən əsası isə hökmdarlardan qüdrətli insanlara çevrildilər. Bu şəkildə hind cəmiyyətində ruhanilərin üstün qüvvəyə çevrildiyi dövr başladı. Veda dövrü öz yerini brahmanizm mərhələsinə verdi.
Dini təlim olaraq, "Dharma Sutra" və "Dharma Şastra"da əksini tapan brahmanizmin təşəkkül tapdığı dövrdə ikinci dəyişiklik isə "varna" sisteminin formalaşmasıdır. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeyə sahib oldular. Brahmanizmdə veda kitablarının əvvəlki dəyərini saxlamasına baxmayaraq, əsas meyar "Brahmana", "Aranyaka" və "Upanişad"lar idi. Ümumiyyətlə, brahmanizmin batini, ruhani həqiqətləri müqəddəs kitablar sayılan "Vedalar" və "Upanişadlar"da, xarici kult isə "Puranalar"da əksini tapmışdır
Brahmanizm dövründə insan və insanın taleyi haqqında yeni təsəvvürlər yaranmışdı. Ruhun köçü, yenidən doğulma ideyaları indiki həyatda insanın əməllərinin sonrakı həyatda əksini tapacağı haqqında karma təsəvvürünü möhkəmləndirdi. Bu məntiq hər bir kəsin cəmiyyətdə tutduğu statusu özünəməxsus şəkildə əsaslandırırdı. Brahmanizmin inkişafı Hindistanın şərqində arilərin siyasi təsirinin artmasında özünü göstərirdi.
Brahmanizm dövründə varna sistemində "iki dəfə doğulma" anlayışı və iki dəfə doğulanların, yəni "aşram"ların həyatlarının 4 mərhələsi ("brahmaçarin", "qrihastha", "vanaprastha", "sanyasi") haqqında təsəvvür yaranmışdır. Brahmanizm mərhələsi cəmiyyətdə gedən sosial-siyasi proseslərlə sıx bağlı idi, baş verən dəyişiklərin müəyyən detalları "Mahabharata" və "Ramayana" eposlarından məlumdur. Nə qədər mifik sayılsa da, ən azı e.ə. IX əsrə aid olan "Mahabharata" dastanında Brahma nəsilləri (Kauravlar və Pandavlar) arasındakı döyüşlər, "Ramayana" dastanında Ramanın Lankaya hücumu və s. Şimali Hindistandakı tarixi gedişat (ari-dravid münasibətləri) barədə təsəvvür yaradır.
Dehli yaxınlığındakı Hastinapurda aparılmış arxeoloji tədqiqatlara əsasən həmin dövrün müxtəlif hadisələrilə bağlı ehtimallar irəli sürülür. Belə hadisələrdən biri Kurukşetredə baş vermiş döyüşdür. Tarixi mənbələr həmin döyüş haqqında məlumat vermir, amma "Mahabharata" eposunda döyüş barədə şişirdilmiş də olsa təsvir vardır. Bu döyüş e.ə.IX əsrdə Kuru tayfaları arasında müharibələrin bir hissəsi olmuşdur. Həmin dövrədək arilər Koşala və Kaşi (müasir Varanasi şəhəri, əvvəl Benares adlanırdı) ərazilərində dövlət yaratmışdılar. Ehtimal olunur ki, "Ramayana" eposunun qəhrəmanı Rama Koşalanın hökmdarı idi. Lakin bir fakt dəqiq məlumdur ki, onun qohumu Canaka Videhinin hökmdarı, yəni real tarixi şəxs olmuşdur. Qanq çayının sağ sahilində isə arilərin hələ ələ keçirə bilmədikləri Maqadha, Camna çayı ilə Benqal körfəzi arasında bir neçə kiçik dövlət mövcud idi.
Kurilər yerli qeyri-ari tayfalarıni-"mleççhi"ləri özlərinə tabe etdilər, "yadlar" onlarla Kuru-Kaurav adlanan tayfa ittifaqını yaratdılar. "Mahabharata"dan məlumdur ki, şimal tayfaları olan Kauravlar və Pandavlar arasında uzun sürən müharibələr olmuş, Ponçala və Kuru dövlətləri öz təsirlərini itirmiş, siyasi arenada kiçik dövlətlər yaranmışdır. Paytaxt Ayodha və Şravasti olmaqla Koşala dövləti, paytaxt Varanasi olmaqla Kaşi dövləti, paytaxt Qirivraca olmaqla (sonra Racaqiriha, müasir Racqir şəhəri), Biharın cənubunda Maqadha dövləti, paytaxt Mithil şəhəri olmaqla Videha dövləti, paytaxt Ucayani olmaqla Avanti dövləti yarandı. Beləliklə, 3 əsas ərazi mövcud idi: Brahmavarta və ya Aryavarta-arilərin ölkəsi və ya Şimal ölkəsi, Madhyadeşa-Orta ölkə, Dakşinapatha-Cənub ölkəsi.
Brahmanizmin əsas ideoloji prinsipləri 1) "Brahmana etiqad", 2) "Atmana etiqad"[5][6][7][8], 3) "Karma", 4) "Sansara", 5) "Mokşa" (nicat yolu) idi. Bu etiqada görə, Brahman, yaxud Brahma tanrısı varlığın özü, həqiqəti, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur.