Britaniya-İtaliya sazişi

İngiltərə-İtaliya sazişiCənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart).

İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir.

İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi:

" Ermənilərə deyin ki, mən onların işini öz işim hesab edirəm. "

İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi. Gizli sazişin şərtlərinə görə, Cənubi Qafqazdakı ingilis ordusunun mövqeləri İtaliya ordusuna verilməli, italyanlar Batum limanı vasitəsilə Qafqaza qoşun çıxarmalı idi. Ermənilərin "Aralıq dənizinə çıxmaq" iddiaları, həmin dənizi "İtaliya gölünə" çevirmək istəyən İtaliya hökumətinin regionda mövqelərinin möhkəmlənməsinə xidmət etməli idi.

Lakin ilk dövrlərdə ingilis siyasi dairələri bu məsələdə yekdil deyildilər. Qafqazın bilicisi hesab edilən lord Corc Kerzon B.Britaniyanın xarici işlər naziri A.C.Balfura 25 mart tarixli məktubunda göstərirdi ki, Cənubi Qafqaz İtaliyanın "milli mənafeyinə" uyğun deyildir, onlar Qafqazda bolşevizmə qarşı dura bilməyəcəklər. O yazırdı ki, italyanların Qafqaz xalqları arasında heç bir nüfuzu yoxdur, biz oranı tərk etdikdən sonra hadisələrlə təklikdə üz-üzə dayandıqda onlar vəziyyətdən çıxa bilməyəcəklər. Lakin lord Kerzonun təklifi nəzərə alınmadı, aprelin 9-da İngiltərənin hərbi şurası martın 24-də imzalanmış İngiltərə-İtaliya sazişini bəyəndi. Mayın 10-da isə Britaniya komandanlığı ingilis hərbi şurasının Cənubi Qafqazdan çıxmaq qərarı barədə Azərbaycan və gürcü hökumətlərinə məlumat verdi.

Azərbaycanın mövqeyi

[redaktə | mənbəni redaktə et]

Qafqazdan çıxmaq qərarı barədə Azərbaycan və gürcü hökumətlərinə məlumat verdi. İngilislərin Qafqaza (o cümlədən Azərbaycana) dair mövqeyindəki dəyişikliklər və çağdaş şəraitin sərt tələbi (şimal təhlükəsinə qarşı möhkəm arxa tapılması) "bizi yeni istiqamət götürməyə, italyanlara doğru addımlamağa məcbur edirdi” Ə.Topçubaşov.

Azərbaycan nümayəndə heyətinin başçısı bunu həm də Azərbaycanla bağlı birtərəfli siyasətin yürüdülməsi və onun çox çətin anlaşılan şəkildə meydana çıxması ilə əlaqələndirirdi.

AzərbaycanGürcüstan hökumətləri ingilislərin bu respublikaların ərazisindən çıxmasına və onların italyanlarla əvəz edilməsinə ilk dövrlərdə etiraz edirdilər. Lakin mayın 10-da artıq İtaliyanın bir hərbi korpusu Batuma daxil olmuşdu. 16-da Savoyalı şahzadənin rəhbərlik etdiyi fövqəladə İtaliya missiyası, ondan az sonra isə mayın 22-də polkovnik Melxior Qabbanın başçılığı ilə hərbi ekspertlər qrupu Bakıya gəldi.[1]

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Həsənov C., Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
  • Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), 3 hissədə, h.l [Azərbaycan beynəlxalq münasibətlər sistemində (mart 1917-aprel 1920-ci illər)], B., 2003.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 42. ISBN 9952-417-44-4.