Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir.
Budaq Qəzvini | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | tarixçi |
Budaq bəy 1510-cu ildə[1] Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf etdiyinə görə, o, "vəzir rütbəsinə doğru gedirdi". Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun kargüzarlığını başqasına verdiyi üçün Məhəmməd xandan inciyən Budaq, Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində şahın qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə cəlb edildiyinə görə Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs edildi. O, altı il işsiz qaldı, sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi. Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi. Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq yaşına yetməsinə baxmayaraq, yenə də, "müsibətlər məngənəsindəən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz" qalmaqdadır.[2]
Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin "Cəvahir əl-əxbar" ("Xəbərlərin inciləri") əsəridir. Bu əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır və 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin dövrə qədər çatdırılmışdır). B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi məlumat vermişlər. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma "yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar". "Cəvahir əl-əxbar" ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə - I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir. I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941 (1534-1535)-ci ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir. Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisiteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur. "Cəvahir əl-əxbar" hakimiyyətdə olan II Şah İsmayıla həsr olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.[2]
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s. (Azərbaycanca)
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Elm, 1981, 335 s. (Rusca)