Buta

Buta
Buta

Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri.

Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur.

Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.

Butalar forma etibarı ilə 4 qrupa bölünür:

  1. Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta");
  2. Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.);
  3. Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.);
  4. Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.

Azərbaycan dilinin izahlı lüğətində (Bakı, 1966 səh. 331) buta sözünün aşağıdakı mənaları verilmişdir:

  1. Buta –1.Qonçə, 2.Parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.
  2. Buta – (fars – butə) içində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.

Arvaduşaqlı buta

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalçalarında tətbiq edilən bir-birinin içərisində yerləşmiş buta təsviridir. Hər hansı tam görünüşlü buta təsvirinin daxilində bir böyük və onun içində bir və ya iki kiçik ölçülü buta yerləşmişsə onu xalq arasında "Arvaduşaqlı buta" adlandırırlar.[1][2]

Xalçaçılıqda hər hansı bir buta elementinin ortasında əlavə buta təsviri yerləşdirilmiş butaya deyilir.[2][3]

Azərbaycan xalçalarında tətbiq edilən kobud və həm də qabaq tərəfi qabarıq şəkildə görünən buta təsviridir.[2][4]

Azərbaycan xalçalarında tətbiq edilən gülabdana (ətir, gülsüyü saxlamaq və istifadə etmək üçün qab) oxşar buta təsviridir.[2][5]

Buta sadəcə təsviri incəsənətimizin yoxda, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı Məhsəti İsmayıl özünün "Naxçıvan əfsanələri" (Bakı: Elm, 2008) adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlı müddəalara yer vermişdir:

"Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə "buta verilməsi" ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətli sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsalı ilə başa çatır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və s. mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə "buta aldı", "buta verildi" deyilir.

Azərbaycan folklor nümunələrinin bir çoxunda həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti vardır. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, "buta vermə" ilə paralel şəkildə izah etmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xöşbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Demək, buta verilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özəlliklərin daşıyıcısına çevirmişdir. Buta verilməsi, buta alınması yuxuda baş verdiyindən yuxu və buta bir vəhdət təşkil edir. Kamil Vəliyev türklərin yuxuya böyük əhəmiyyət verdiyini, yuxunu və yuxuyozmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gedən gizli dünyanın bəlirtisi və insanın ilk mifi adlandırmışdır.

Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan edən hadisələrin mürəkkəb inkişafı və məqsədi sonda aydınlaşır. Butadan başlanan aşiqliyin yolu məşəqqət və əzablardan keçir. Butanın alınması, yaxud buta verilməsi zahirən sadə, adi görünür. "Aşıq Qərib" dastanında deyilir: " Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misalı bir bağdadı, bunun başının üstündə ceyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: - Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta verirəm, çox çəkməz biri-birinizə çatarsız, deyib çəkildi.

"Qurbani" dastanında deyilir: " Qurbaninin göz evi örtülü, könül evi açıq idi. Onun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xanımın əlini Qurbaninin əlinə verib onları bir-birinə buta elədilər.

"Abbas və Gülgəz" dastanında isə deyilir: "Abbası yuxudan ayılda bilməyəndə kimi deyir huşun itirib, kimi deyir ölüb. Bir qarı nəbzin tutub dedi: - Heç nə olmayıb, o, eşq yuxusuna gedib. Bu saat Təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı ona buta verillər".

"Qul Mahmud" dastanına görə isə Mahmud qardaşı Qəmbərlə Eynəl Yaqut pirində yatanda gecə Eynəl Yaqut Mahmuda bir qab şərab verdi. Mahmud içənnən sonra qabın dibində qalanı verdi Qəmbərə bununla da hər ikisi şair oldu, Mahmud isə Misir şəhərində Cəfər paşanın qızı Nigar xanıma buta verildi.

Məhəbbət dastanlarının əsas kompozisiyasını təşkil edən buta dastan yaradıcılığında əhəmiyyətli rol oynayır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas elementlərdir. Eşq yanğısı verən içki, badə də butanın əsas elementlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir. Qurbani dastanında deyilir:

Kiçiklərdən xəta, böyükdən əta,
Mərd iyid odu ki, dediyin tuta,
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmişəm".

  1. "Arvaduşaqlı buta". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  2. 1 2 3 4 "Buta". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  3. Evli buta[ölü keçid]
  4. Həmli buta[ölü keçid]
  5. "Gülabdan buta". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]