"Heydər Əliyev" ordeni

Bu məqalə "Heydər Əliyev" ordeni haqqındadır. mükafat üçün Heydər Əliyev Mükafatı səhifəsinə baxın.

"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.[2]

"Heydər Əliyev" ordeni

Ölkə Azərbaycan Azərbaycan
Tip orden
Kimə verilir

1. Azərbaycan Respublikasının vətəndaşlarına:
  1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
  1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.
2. Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə.
3. Əcnəbilərə:
  3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
  3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

  3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.[1]
Status təqdim olunur
Statistika
Təsis tarixi 22 aprel 2005
İlk təltif
Son təltif
Təltif sayı 26 nəfər
Ardıcıllıq
Yüksək mükafat yoxdur
Aşağı mükafat "Zəfər" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur.[3] "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir.[1] Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir.[4] Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir.[5]

1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:
1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.
2. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.
3. "Heydər Əliyev" ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:
3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.
4. "Heydər Əliyev" ordeninin qılınclı ulduzu və qılınclı zənciri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində müəyyənləşdirilmiş qaydada verilir.
5. "Heydər Əliyev" ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.
"Heydər Əliyev" ordeninin STATUSU[1]
"Heydər Əliyev" ordeninin ulduzu, orden zənciri, nişanı və vəsiqəsi.

Təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olmuşdur.[1] 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilmişdir.[5]

"Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir.

"Heydər Əliyev" ordeninin döş nişanı

"Heydər Əliyev" ordeninin boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilmişdir. Altlığın üstündə göy mina çəkilmiş dördguşəli ornament yerləşir. Ornamentin dörd ucunun hər birinə brilyant daş bərkidilmişdir. Altlıq və onun üstündəki ornament gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilmişdir. Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnmişdir. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilmişdir. Çərçivə gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir.

Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir.

Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Həmin elementlər aşağıdakılardır:

— zəncirin sağ və sol tərəflərində yerləşən, çarpazlaşdırılmış bayraqlardan ibarət olan, göy, qırmızı və yaşıl rəngli mina çəkilmiş iki bəzək lövhəsi. Lövhələrin mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri vardır;

— zəncirin sağ və sol tərəflərində yerləşən, ağ mina çəkilmiş iki dördguşəli ornament. Onların mərkəzində dairəvi medalyon yerləşdirilib qırmızı minalı ornamentlə haşiyələnmişdir. Medalyonun mərkəzində Heydər Əliyevin inisialları yazılmış venzel vardır. Qılınclı zəncirdə medalyonun altında çarpaz gümüş qılınclar yerləşdirilmişdir;

— zəncirin sağ və sol tərəflərində, habelə yuxarı hissəsində yerləşən göy, qırmızı və yaşıl mina ilə işlənmiş, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan üç lövhə.

Göstərilən elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər (hərəsində 7 brilyant daş olmaqla 16 lövhəcik) vasitəsilə geniş zəncirə birləşir.

Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunmuşdur. Paltara bərkidilmək üçün müvafiq elementi vardır.

3 fevral 2014-cü[5] ilə qədər ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur. Həmin tarixdən ordenin təsvirində dəyişikliklər edilərək, ona aşağıdakılar artırılmışdır:[5]

"Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir.

Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir.

Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.

Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.

Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mm x 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış "HEYDƏR ƏLİYEV" sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.

Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə "Heydər Əliyev" ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir.

Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.

Ölkənin ən yüksək təltifi

[redaktə | mənbəni redaktə et]

Orden 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək təltifidir.[2] Həmin vaxta qədər isə Azərbaycan Respublikasının ən yüksək təltifi "İstiqlal" ordeni olmuşdur.

Təltif edilənlər

[redaktə | mənbəni redaktə et]
Son yenilənmə: 20 dekabr 2017

İndiyə qədər bu ordenlə 26 nəfər təltif olunmuşdur. Onlardan 2-si qadındır. 10 şəxs azərbaycanlı, qalanları isə müxtəlif ölkələrin dövlət və ictimai xadimləridir. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı statusunda olublar.

"Heydər Əliyev" ordeninin ilk laureatı ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Heydər Əliyev" ordeninin Statutunun 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Bu Orden Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunmuş və ona "Heydər Əliyev" ordeninin bir nömrəli vəsiqəsi təqdim olunmuşdur. "Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim etmişdir:[6]

"Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin layiqli davamçısı, öz fəaliyyəti ilə tanınmış siyasi və dövlət xadimi kimi dünya ictimaiyyətinin rəğbətini qazanmış möhtərəm Prezidentimiz İlham Əliyevə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordeninin təqdim edilməsinin Konstitusiya Məhkəməsinin sədri kimi mənə nəsib olmasından hədsiz şərəf və iftixar hissi keçirir, bu hadisəni həyatımın ən unudulmaz və əlamətdar məqamı hesab edirəm.

"Heydər Əliyev" ordeninin statutunda müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Bu, qanunun tələbidir. Möhtərəm Prezidentimiz, eyni zamanda, Sizin həyat yolunuza, siyasi fəaliyyətinizə nəzər salınsa, aydın görünər ki, ordenin statutunda müəyyən edilmiş digər müddəalar da Sizin çoxşaxəli fəaliyyətinizi məhz bu ordenlə qiymətləndirmək üçün tam əsas verir"[6]

"Heydər Əliyev" ordeni poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Heydər Əliyev" ordeninə həsr olunmuşdur.[7][8]

  1. 1 2 3 4 ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine  (az.)
  2. 1 2 "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine  (az.)
  3. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2012-03-05 at the Wayback Machine  (az.)
  4. "Azərbaycan" qəzeti, № 95, 28 aprel 2005. e-qanun.az Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine  (az.)
  5. 1 2 3 4 "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunu Arxivləşdirilib 2021-09-29 at the Wayback Machine president.az  (az.)
  6. 1 2 Azərbaycan Prezidenti İlham Əliyevə "Heydər Əliyev" ordeninin təqdim olunmasına həsr olunmuş mərasim. president.az Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine  (az.)
  7. Yeni markalar çap olunub. ictnews.az Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine  (az.)
  8. 5. sentyabr 2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]