Zəfər bayrağı — 8 noyabr 2020-ci il Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycan Ordusu əsgərləri tərəfindən Şuşa şəhəri icra hakimiyyəti binası üzərinə qaldırılan bayraq. Bu bayraq Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər Bayrağı elan olunub.[1]
Zəfər bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Dizayn | Mavi rəng, qırmızı rəng, yaşıl rəng. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. |
Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri hərbçiləri tərəfindən sancılan bayraq Azərbaycannın İkinci Qarabağ müharibəsində qələbəsinin əsas simvoludur. Zəfər bayrağı 2020-ci il 10 dekabrda keçirilən Qələbə Paradında nümayiş olunmuşdur. Bayraq meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən gətirilmişdir.[2]
Zəfər bayrağı Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Hazırda Müdafiə Nazirliyində saxlanılsa da gələcəkdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı[3] ilə yaradılacaq Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyində nümayiş olunacaq.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi olmuşdur.[4] noyabrın 25-də Kəlbəcər,[4] dekabrın 1-də Laçın rayonları[5] Ermənistan respublikası ilə 44 gün davam edən müharibə Azərbaycanın inamlı qələbəsi ilə bitmişdir. Müharibə ərzində Azərbasycan tərəfi 4 oktyabrda Cəbrayıl rayonunu[6][7], 17 oktyabrda Füzuli rayonunu[8][9], 20 oktyabrda Zəngilan rayonunu[10][11], 25 oktyabrda Qubadlı rayonunu[12][13] azad etmişdir. Bu müharibə ərzində Azərbaycan ordusunun ən müvəfəqiyyətli əməliyyatı 8 noyabrda Şuşa şəhərinin işğaldan azad edilməsi olmuşdur.[14][15][16] Məhz Şuşa əməliyyatı müharibənin bitməsində mühüm amil olmuşdur.[17]
Şuşa şəhərinin azad edilməsi əməliyyatı çərçivəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri[18] 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur.[19] Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir.[20] Şəhər azad edildikdə Azərbaycan silahlı qüvvələri şəhər icra hakimiyyəti binası üzərində Azərbaycan bayrağını qaldırmışdılar.
Noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnən bəyanatla müharibə bitmişdir.[21]
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə tarixi hərbi parad keçirilmişdir.[22] Zəfər Paradında 3000 Azərbaycan əsgəri və zabiti[23] ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.[24]
Hərbi paraddan əvvəl Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri tərəfindən sancılan bayraq Azərbaycannın Zəfər bayrağı elan edilmişdir. Bu barədə hərbi paradın aparıcısı Abdulla Qurbani məlumat vermişdir.[1] Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin əsas simvolu olan Zəfər bayrağı hərbi parad zamanı meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən gətirilmişdir.[25]