Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı.[1][2] Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir.
Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir. Nar Toğrul Nərimanbəyov yaradıcılığının rəmzinə çevrilmişdir. Rəssam öz tablolarında narı böyük şövqlə, həvəslə təsvir edərək bu şahanə meyvənin gözəlliyini ustalıqla, sevə-sevə kətana köçürmüşdür. Onun "Natürmort Narlar", "Narlar", "Natürmort Nar ağacı", "Şərq nağılı" və başqa əsərlərində bunun şahidi oluruq. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekarativ üslubla yeni ralistik təsvir üzvü əlaqələndirilmişdir. Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən biri olub. T.Nərimanbəyovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən natürmortlar da bu janrın onun yaradıcılığında yeni bir zirvəyə yüksəldiyindən xəbər verir. Müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini və xüsusən də narı natürmortlarında məhəbbətlə əks etdirən rəssam, tamaşaçıda xoş duyğular yaradan, onu sehrli və duyğulandırıcı aləmə aparan bitkin əsərlər qalereyası yaradıb. Rəssamın bu cür əsərlərinə "Natürmort. Narlar", "Narlar" "Natürmort. Nar ağacı"və başqalarını misal göstərmək olar. Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxır. O, narı elə təqdim etdi ki, bu yumruq boyda meyvənin timsalında Vətəni göstərə bildi. Toğrul Nərimanbəyov narın tilsimə düşməyini belə ifadə edib: "Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Mən Göyçayda böyük nar bağlarını görəndə riqqətə gəldim. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə aludə olub nar mövzusunda bir sıra rəsmlər çəkdim. Onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Bir sözlə, mən həqiqətən narı sevirəm. Mən onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm". Azərbaycanın simvollarından biri olan nar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəssamlıq yaradıcılığında da xüsusi yer tutur. Öz müsahibəsində o, belə demişdir: "Nar çox məşhur və dadlı meyvədir. Başqa yerdə belə dadlı nar tapa bilməzsiniz. Bu səbəbdən mən nar rəsmi çəkməyi qərara aldım". Özünəməxsus üslubda təsvir olunan bu rəsm əsəri sonradan Jan Atelier moda evi tərəfindən eksklüziv geyim kolleksiyasında öz əksini tapmışdır.
Sərt üslubun ilk nümayəndələrindən olan dünya şöhrətli rəssam Tahir Salahov da natürmortlarında nar təsvirlərinə geniş yer vermişdir. Azərbaycanın memarlıq irsinin ən görkəmli abidələrindən biri sayılan Şəki Xan sarayının divar rəsmləri Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. Bunların arasında nar ağacının təsviri interyerə xüsusi gözəllik verir. Rəsm əsərlərində göy, qımızı, qızılı rənglərdən daha çox istifadə edilmişdir. Bu da təsvirlərin bədii təsirini, milli koloritini gücləndirir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlayır.
Şəki Xan sarayının interyerinə nar ağacının təsviri xüsusi gözəllik verir. "Həyat ağacı" təsviri. Reproduksiya. – Qənbər Qarabaği |
Dünya şöhrətli Azərbaycan rəssamı, UNESKO Rəssamlar İttifaqının üzvü akademik Sakit Məmmədov da özünün "İlin dörd fəsli", "Bahar qızı" adlı əsərlərində nar meyvəsini özünə məxsus tərzdə böyük məharətlə Novruz xonçasının şah meyvəsi kimi təsvir etmişdir.
Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, rəssam Səttar Bəhlulzadə də həyat rəmzi olan meyvələr şahının gözəlliyini öz əsərlərində təsvir edib. Onun "Zəfəranla narlar", "Göyçay narı", "Narlar" adlı tabloları daim göz oxşayır. Öz dəst-xətti ilə seçilən rəssam narı da bir təbiət möcüzəsi kimi kətan üzərinə həkk edib.
Yaradıcılığında əsasən miniatür janrına üstünlük verən xalq rəssamı Arif Hüseynov "Nar gülü", "Nar qız" əsərlərində tariximizlə bağlı olan adət-ənənələrimiz, milli çalarlarımız, xalq nağıllarımızın motivləri əsasında narı təsvir edərək tamaşaçılara çox maraqlı formada çatdıra bilmişdir. Əsasən, Novruz mövzusuna müraciət edən rəssam narın al rəngini Novruz tonqalının alovu , nar dənələrini isə sanki ətrafa ruzi səpən bərəkət simvolu kimi təsvir etmişdir. Azərbaycanın memarlıq irsinin ən görkəmli abidələrindən biri sayılan Şəki Xan sarayının divar rəsmləri Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir.
Azərbaycanlı rəssam Əli Şəmsi də öz yaradıcılığında narın təsvirinə müraciət etmişdir. Həyata özünəməxsus baxışı ilə fərqlənən Əli Şəmsi öz əsərlərində böyük yer ayırdığı qadın mövzusu barədə belə fikir yürüdür: "Mənim üçün qadın nar meyvəsi kimidir – hər ikisi sirlidir. Nar dənələrinin sayı məlum olmadığı kimi, qadınların da nə fikirləşdiyini başa düşmək çətindir".
Azərbaycanın adət-ənənələrinin gözəlliyini tərənnüm edən rəssam Fuad Manafov da öz yaradıcılığında nar mövzusundan yan keçməyib. Onun İçərişəhərin fonunda ön planda təsvir etdiyi narlardan ibarət kompozisiyası öz gözəlliyi ilə insanı valeh edir. Bu rəsm əsərində qədim şəhər sanki əlvan xalqa üzərində düzülmüş nar kompozisiyasından ucalır və Azərbaycanın iki rəmzi: "İçərişəhər" və "Narlar" birlik, həmahənglik, vəhdət təşkil edir.
Bütövlükdə Azərbaycan rəssamlarının yaradıcılığına nəzər yetirsək, demək olar ki, heç bir rəssam bu mövzudan kənarda qalmayıb. Nar meyvəsi təkcə rəngkarlıqda deyil, Azərbaycan xalq sənətində, xalçaçılıqda, keramika və dekorativ tətbiqi sənətdə də öz əksini tapmışdır.
Dünya şöhrətli türk şairi Nazim Hikmət Şəkidə olduqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi". Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışdır., təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan, nar ağacının təsvirləri realistliyi ilə seçilir.
Müxtəlif dövrlərdə vətənimizdə olmuş tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında öz yazılarında çoxlu maraqlı faktlar qeyd ediblər. İtalyan səyyahı Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyyahı tacir Anthony Jenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi".
XIX əsrin sonu — XX əsrin əvvəllərində naxışlı tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklərdən), boyama zamanı bitkilərdən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və günəş təsvirlərindən ibarət idi.
İpəkdən hazırlanan milli qadın baş örtüyümüz kəlağayının kənarları həndəsi və müxtəlif ornamentlərlə bəzədilir. Xalq sənətkarları təbiətin gözəlliyindən ilhama gələrək və kəlağayıları bağ çiçəkləri olan qızılgül, zanbaq və digər güllərlə, həmçinin alma, albalı kimi meyvə ağaclarının çiçəkləri ilə yanaşı nar çiçəkləri ilə də bəzəmişlər. Hesab olunur ki, kəlağayı, onun rəngi, ornamenti və bağlanma tərzi ilə sevgi etirafı etmək, üzr istəmək, barışmaq, öz sosial statusunu vurğulamaq mümkündür.
Qədimi kəlağayılar indikilərdən rəsmləri ilə fərqlənib. Kəlağayının üzərindəki ən qədim və geniş yayılmış süjet bir cüt tovuz quşu şəkli olub. Ən çox sevilən motivlərdən qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, süsən gülləri, nar və müxtəlif formalı yarpaqları göstərmək olar. Bu gün kəlağayı yeni həyat qazanmaqdadır. O, müasir, dəblə ayaqlaşan qadınların qarderobuna elə həmahəng şəkildə daxil olub. Xanımlar bu təkrarsız və eyni zamanda ənənəvi Azərbaycan yaylığını böyük məmnuniyyətlə alaraq, istifadə edir. Bu, hətta gündəlik geyimə belə, obraz formalaşdıran bir özəllik qatır.
UNESCO-nun 2014-cü ilin noyabrında keçirilmiş 9-cu sessiyasında Azərbaycanın kəlağayı sənəti, onun simvolikası, hazırlanma və örtülmə qaydası dünya qeyri-maddi mədəni irsinə daxil edilib. Kəlağayı milli qadın geyiminin təkrarsız elementlərindən biridir. Bu yaylığın unikallığı həm də ondadır ki, o yalnız Azərbaycanda istehsal olunur. Kəlağayı sadəcə geyim əşyası deyil. Xalq yaradıcılığının əsəri olan bu yaylıq, üzərində olan simvolika və naxışlar sayəsində zamanla rəmzi məna da qazanıb.
Nar cənnət meyvəsidir. Tərkibi dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Nar sortuna görə şirin, turş və kəmşirin olur. Nara turş dadı verən onun şirəsində olan limon turşusudur. Nardan kompotlar, şərablar, nardança hazırlanır. Azərbaycan kulinariyasında narın özünəməxsus yeri var. Narın turş qırmızımtıl ləti desert və salatlarda, həmçinin sərinləşdirici içkilərin hazırlanmasında istifadə edilir. Narı dondurma ilə masaya vermək, zərif desert üçün qatı qaymaqla və beze ilə qarışdırmaq və ya salatların üzərinə səpmək olar. Quzu və can ətindən, balıqlardan növbənöv nar qovurma hazırlanır. Yağlılığın azaldılması üçün yeməklərə nar yağı əlavə edilir.
Narın emalından alınan şirənin fermentləşdirilməsi yolu ilə hazırlanır. Orta dərəcədə nar çaxırının istehlak edilməsi orqanizmə yalnız fayda gətirəcək. Nar meyvəsində olan faydalı maddələrin şərabda qorunub saxlanılmasına imkan verən texnologiyaların tətbiqi nar çaxırını müalicəvi və pəhriz xüsusiyyətli içkiyə çevirir. Könül oxşayan qırmızı rəngi və narın meyxoşluğunu damla-damla hiss etdirən nar çaxırı şirin desertlər və meyvələrlə gözəl uyğunluq təşkil edir.
Təmizlənmiş narların bişirilmə yolu ilə alınır. Nar turşusu əsasən yeməklərdə sous kimi istifadə olunur. Yüksək təzyiq və qan şəkərinə qarşı yararlıdır.
Nar bir meyvə olmaqla yanaşı, həm də cəmiyyətdə böyük mədəni hadisəyə çevrilmişdir. Narla bağlı bədii əsərlər, şeirlər yazılmış, bayatılar deyilmiş, bu ecazkar meyvənin şəninə mahnılar bəstələnmiş, festival təşkil edilmişdir. Narla bağlı xalqımızın zəngin adət-ənənələri vardır.
Nar bütün meyvələrin şahı hesab olunur. O hətta xarici görkəminə görə də digər meyvələrdən yüksəklikdə dayanan taca bənzəməsilə seçilir. Yuxu yozanlar iddia edirlər ki, əgər yuxuda nar görmüş olarsınızsa, bu, sizin öz istedadınızı müdrikliklə istifadə edəcəyinizə işarədir.
Azərbaycan ədəbiyyatında narın xüsusi rolu var. Əfsanələrimizdə deyilir ki, nar sevgi simvoludur. Sevgini sözlərlə bildirmək nəzakətsizlik hesab olunurdu. Gənc oğlanlar qızlara nar gətirməklə öz duyğularını açır və sevgilərini etiraf edirdilər.
Poeziyamıza nəzər salsaq, klassiklərdən bu günün istedadlı şairlərinə kimi bütün sənətkarların nar barədə xüsusi ilhamla yazdıqlarını görərik. Füzulinin "Meyvələrin söhbəti" əsərində nar meyvələrlə mübahisə edərkən özü haqqında belə söyləyir:
Rəngdә kim mәnim gülümә çatar?
Hәr kәs tərifləməli bir şey düşünsә, Mәndә olan turş-şirinliyi təriflər |
Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkirlərindən biri Nizami Gəncəvi "İskəndarnamə" poemasında narı belə xatırlayır:
Şaha yar olunca o böyük zəfər,
Güldü nar gülütək, açıldı güllər |
Meyvələrin şahına nağıllarımızda da tez-tez rast gəlmək olar. Hamımız "İki nar", "Nardan qızın nağılı", "Yeddi nar çubuğu" kimi nağılları, əlbəttə, gözəl xatırlayırıq. Nar haqqında, həmçinin Azərbaycanın tanınmış şairləri Əlizadə Nuri, Eldar Baxış, Adil Mirseyid və başqaları öz şeir və poemalarında yazıblar. Kamal Abdulla şeirlər toplusunu "Nar çiçəkləri" adlandırıb.
Azərbaycan ədəbiyyatında meyvələrin şahı sayılan nara xüsusi diqqət yetirilir və əhəmiyyətli yer ayırılır.
Nar – günəşin qədim şərq emblemidir. Yunanlar nar şirəsini qana bənzədir və onun Dionisin qanı ilə dolu olduğuna inanırdılar. Qan həyat enerjisinin daşıyıcısıdır. Buna görə də al-qırmızı nar yunanlar tərəfindən həyat simvolu kimi qiymətləndirilirdi. Bu təəccübdoğuran meyvənin dərin simvolik bir strukturu da var. Antik filosoflara görə, bir qabıq altında gizlənmiş dənələr əslində vahid görünən kainatın müxtəlifliyinə işarədir. Bundan başqa, nar məhsuldarlıq və bolluq, diriliş və əbədiilik simvolu, cazibədarlıq, məhəbbət və nikah emblemi sayılır. Mifologiyada nar əbədiilik simvoludur. Müsəlman dininə görə, xurma və nar ağacları bitən çiçəkli cənnət bağında nar ölümsüz, günahsız insanlara xüsusi həzz verir. İran mifik qəhrəmanı İsfəndiyar nar dənəsini udan kimi məğlubedilməz oldu, Aidin qurbanı Persefona isə narın 7 dənəsini yedikdən sonra Ölülər səltənətini tərk etdi, bir sözlə, dirildi. Eyni zamanda bu gözəl meyvə özünəməxsus nikah müqaviləsi sayılırdı. Müqavilənin şərtlərinə görə Persefona ilin üçdə iki hissəsini Yerdə anası ilə, qalan hissəsini isə kədərli Kölgələr səltənətində nifrət etdiyi əri ilə keçirirdi. Qədim Şərq, yunan və roma xalqlarının dinində bu qeyri-adi meyvəyə ən çox sayılıb-seçilən tanrılar sahib olurdular. Təbiətin məhsuldarlıq və dövri dirçəliş simvolu olaraq nar Demetra və Persefonaya; sevgi simvolu olaraq bu məhsul gözəllik ilahələri Astarta, Afrodita və Veneraya; nikah simvolu olaraq isə o, qayğıkeş Heraya məxsusdur. Dünya dinlərində də nar az qiymətləndirilməyib. Müsəlmanlar narı mənəvi təmizlənmə simvolu kimi görürdülər. Buddistlər onu 3 mübarək meyvədən biri sayırdılar. Xristianlar isə narın dənələrini çoxsaylı möminlərə, özünü isə onları müdafiə edən kilsəyə bənzədirdilər. Üstəlik xristian ikonoqrafiyasında nar Xilaskarın sağ əli kimi dirilişin simvolu sayılır. Müqəddəs İohanın əlindəki xaçla bəzədilmiş nar da eyni əhəmiyyətə malikdir.
Açılmış nar İsanın dirilişini simvolizə edir, bağışlanma, gələcək həyata və dirilişə inam vəd edir. Nar dənələrinin bolluğuna görə məhsuldarlığın simvoludur. O, qədim Günəş tanrısının və həyatın emblemi, "qadağan olunmuş sirr" adı verilən ilahi simvoldur.
Meyvənin yuxarısındakı çiçəklər heraldikada tacın təsvirinə xidmət edir. Nar həmişə qızılı rəngdə təsvir edilir. Narın dənələri isə qədim dövrdən mükəmməlliyi simvolizə edən 12 rəqəmi kimi verilir.