Cövdət Qüdrət Solok | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | müəllif |
Cövdət Qüdrət Solok (1907, İstanbul – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır.
C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib.
O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973).
C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb. Eyni jurnalda çalışan yeddi gənc yazıçı bir araya gəlib o günədək yazdıqlarını 1928-ci ildə “Yeddi Meşale” adında bir kitabda topladılar. Bundan sonra o qrup “Yeddi Meşaleçiler” olaraq tanınırdı.Daha sonra onların nəşr etdikləri “Meşale” jurnalının cəmi səkkiz sayı çıxdı. Jurnalın yeni əlifbaya keçid dövründəki çətinliklər səbəbilə nəşri dayandı. 1929-cu ildə isə C.Qüdrət bu jurnalda yayımlanan şeirlərini “Birinci pərdə” adlı kitabında topladı. Ondan sonrakı şeilərini isə ardıcıl olaraq 1936-1937-ci ildə “İkinci pərdə”, 1937-ci ildə “Üçüncü pərdə” adları altında toplasa da, heç vaxt kitab şəklində çap etdirmədi.
O, bu zaman pyeslər yazmağa da başladı. Onun yazdığı “Tərsinə axan çay” (1929), “Yuxu içində yuxu” (1930), “Qurdlar” (1933) pyesləri “Darülbedayi”də tamaşaya qoyuldu. “Danyal” və “Sara” adlı pyesi 1938-ci ildə “Varlıq” jurnalında, “Yaşayan ölülər” adlı pyesi isə “Ağac” jurnalında seriya şəklində verildi. Komediya formasında olan “Cumartesi çocuğu" adlı pyesini isə tamamlamadı.
“Süleymanın dünyası” adı altında toplanan “Sinif yoldaşları” (1943), “Havada bulud yoxdur” (1958), “Qarışqanı tanıyırsınız” (1976) adlı üç romanında türk cəmiyyətinin İkinci Dünya müharibəsi arasındakı otuz illik sosial kəsimini göstərdi.
C.Qüdrət 1940-cı illərdə yazdığı hekayələrini isə “Sokak” (1974) adlı kitabda toplayıb.
O, 1950-ci ildən sonra ədəbiyyat tarixinin tanınmışları və əsərləri haqqında tanıtım kitabları və orta məktəb ədəbiyyat kitabları yazıb. Lakin kitabların əksəriyyətini müxtəlif təxəllüslərlə nəşr etməli olub. Zaman keçdikcə təhlil, araşdırma, ədəbiyyat tarixi janrlarında araşdırmalara üz tutan C.Qüdrət iki cildlik “Türk və Qərb ədəbiyyatından seçilmiş parçalar” (1980-1981), iki cildlik “Nümunələrlə ədəbiyyat bilgiləri” (1980), üç cildlik “Türk ədəbiyyatında hekayə və roman” (1965, 1967, 1990) incələməsi, üç cildlik Qaragöz (1968-1969), iki cildlik “Orta oyun” (1973, 1975) tərtib və incələmələri önəmli tədqiqatlar hesab edilib.
XV əsrin ortalarına qədər gətirdiyi “Nümunə ilə Türk Ədəbiyyatı Tarixi” (1995) kitabı müəllif vəfat etdiyinə görə yarımçıq qalıb. İncələmə-araşdırma kitablarının proloqlarını və ədəbiyyatla bağlı bəzi yazılarını yenidən gözdən keçirərək bir araya gətirdiyi “Ədəbiyyat qapısı” (1997) yazıçının ölümündən sonra işıq üzü görüb.
“Dilləri var bizim dilə bənzəməz” (1966), “Bir baxıma” (1977), “Mənim oğlum bina oxuyur” (1983), “Qələmin ucu” (1991) adlı kitablarında ədəbiyyat və türk dili ilə bağlı müxtəlif mövzularda düşüncələrini dilə gətirdiyi yazılarını toplayıb.
Yazıçıya “Orta oyun” kitabına görə Türk Dil Qurumu Elm mükafatı (1974), “Türk ədəbiyyatında hekayə və roman” kitabına görə Sedat Simavi Vəqfi Ədəbiyyat Mükafatı (1991) verilib. Bundan əlavə, o, Dil Dərnəyi Türk Dili Fəxri Mükafatı (1989) ilə Ədəbiyyatçılar Dərnəyi Fəxri Mükafatına (1992) layiq görülüb.
1974-1986-cı illər arasında Bodrumda yaşayan yazıçı, daha sonra həyatını İstanbulda davam etdirib.
O, 10 iyul 1992-ci ildə bu şəhərdə vəfat edib.
http://www.cevdetkudretodulleri.com/