Cümə məscidi — Azərbaycanın Balakən rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi.
Cümə məscidi | |
---|---|
41°43′27″ şm. e. 46°24′20″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Balakən rayonu |
Tikilmə tarixi | 1867-1877 |
Üslubu | Azərbaycan memarlığı |
Minarələri | 1 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 207 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Balakən şəhəri Cümə məscidinin tikintisinə binanın fasadındakı daş kitabəyə görə 1867-ci ildə başlanılmış, 1877-ci ildə başa çatdırılmışdır.
Sovet dövründə 1947-ci ilədək məscid anbar kimi istifadə edilmişdir. 1947-ci ildən etibarən məscid fəaliyyətə başlamışdır. 1955-ci ildə, 1980-ci ildə və 1996-cı ildə məsciddə təmir işləri aparılmışdır.
Məscidin əsas binasından ayrı tikilmiş minarəsinin hündürlüyü 45 metrə yaxındır. Məscid binası çaylaq daşı ilə, minarəsi isə bişmiş kərpiclə inşa edilmişdir. Minarəsi səkkizguşəli olub, nəbati ornamentlərlə işlənmişdir. Bu cür minarəli məscid təkcə bölgədə deyil, bütün Azərbaycanda İslam memarlığının nadir nümunələrindəndir.[1]
Giriş qapılarının ön tərəfində eyvan yerləşmişdir. Eyvan altı sütundan və yeddi tağdan ibarətdir. Məscidin ibadət zalında 12 sütun və 26 tağ vardır. Sütunlar bişmiş kərpicdəndir. Məscidin üç giriş qapısı vardır. ibadət zalında 16 pəncərə qoyulmuşdur. Məscidin giriş qapılarının üstündə kitabələr həkk olunmuşdur. Balakən şəhər Cümə məscidinin minbəri taxtadandır.