Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır).[1][2]
General—qubernatorluq | |
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu | |
---|---|
Əlahiddə Naxçıvan general-qubernatorluğu və ya Naxçıvan General-Qubernatorluğu | |
39°20′ şm. e. 45°30′ ş. u.HGYO |
|
Ölkə | AXC |
İnzibati mərkəz | Naxçıvan |
General-qubernator |
Bəhram xan Naxçıvanski (28 fevral 1919-16 mart 1919) Əliyar bəy Haşımbəyov (16 mart 1919-avqust 1918) Səməd bəy Cəmillinski (avqust 1919-fevral 1920) |
Hərbi işlər üzrə müavin Mülki işlər üzrə müavin |
Kərim xan İrəvanski Hacı Mehdi Bağırov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 fevral 1919 |
Ləğv edilib | 28 aprel 1920 |
General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi.
Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi.[2]
16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu.[3] Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.[4] Martın 26-da bölgənin ümumi vəziyyəti haqqında Cümhuriyyət Hökumətinə məlumat vermək üçün Bakıya Teymur bəy Makinski (sədr), Q. Qənizadə və R. İsmayılovdan ibarət nümayəndə heyəti göndərmək qərara alındı.
31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edildi. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırıldı.[5]
Avqust ayında isə Səməd bəy Cəmillinski Naxçıvan general-qubernatoru təyin olunmuşdu. Siyasi şəraitin mürəkkəbliyi, ilk növbədə isə Ermənistan daşnak hökumətinin fitnəkar hərəkətləri üzündən yüksək vəzifəli şəxslərin Naxçıvana gələrək vaxında öz vəzifələrinin icrasına başlaya bilməmələri general-qubernatorluğun işində ciddi çətinliklər yaratmışdı.
1919-cu ilin avqustunda qısa müddət Ordubadda fəaliyyət göstərməyə məcbur olan general qubernatorluğun iqamətgahı sonra yenidən Naxçıvana köçürülmüşdü.[1]