Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961[1]) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015).[2]; Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü[3]
Cahangir Hacıyev | |
---|---|
Doğum tarixi | 26 oktyabr 1961[1] (63 yaş) |
Həyat yoldaşı | |
Təhsili | |
Fəaliyyəti | bankir |
Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur.[4] 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.[5]
Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır.[4]
Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.[6]
5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.[7] Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu.[8]
14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxudu. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olundu və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verildi.[9] Məhkəmə araşdırmaları göstərdi ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurmuşdur. Bu məbləğ Azərbaycanın 2016–2017-ci il büdcəsində ümumdaxili məhsulun 25 faizinə bərabər idi. Bu da Azərbaycan manatının devalvasiyası səbəblərindən biri kimi göstərildi.[10] Bildirilirdi ki, bankdan qanunsuz çıxarılan pullar Cahangir Hacıyevin və ona yaxın olan şəxslərin və qohumların xaricdəki bank hesablarına köçürülürdü. Məhkəmə materiallarından belə məlum olur ki, çirkli pulların yuyulması üçün saxta xərclər və gəlir layihələri irəli sürülürdü. Çirkli pulların yuyulması üçün Azərbaycanda və xaricdə əsasən ofşor zonalarında olmaqla, şirkətlər yaradılırdı. Kreditlər üçün təhlükəsizliyin təmin edilməsi üçün qondarma girovlar (istiqrazlar, zəmanətlər və s.) təqdim olunurdu.[11][12]
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Şirəli qızı Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanmış,[13] bu hadisə dəstənin ifşası və üzvlərinin həbsi ilə nəticələnmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |