Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür.[1] Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1992 |
FİFA üzvlüyü | 1994 |
UEFA üzvlüyü | 1994 |
Prezident | Rövşən Nəcəf |
Vebsayt | www.affa.az |
Vikianbarda əlaqəli mediafayllar |
AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir.[1]
AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.[1]
2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.[2] 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilib, yeni Nizamnaməyə əsasən, AFFA-nın yeni prezidenti Ramiz Mirzəyev seçilib.[2] 2008-ci ildən başlayaraq AFFA Azərbaycanda mütəmadi olaraq Bakı Beynəlxalq Futzal Turniri təşkil edir.[3] Azərbaycan müstəqilliyini elan edən kimi AFFA-nın gördüyü ilk iş I Milli Çempionatı keçirmək oldu.[3] AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başladı.[3] 1992–2011-ci illərdə AFFA tərəfindən çoxşaxəli fəaliyyət perspektivlərini müəyyən edən təşəkkül və inkişaf dövrü başladı.[3] AFFA bu istiqamətdə Azərbaycan idmanının və xüsusilə də futbolun inkişafına dair Dövlət Proqramını rəhbər tutaraq əsaslı işlər görməyə başladı.[3]
2010-cu ildə qurumun İcraiyyə Komitəsinin iclasında və AFFA-nın Konfransında yeni loqotipin qəbulu barədə qərar qəbul olubunub.[4] Yeni loqonun üzərində Azərbaycan bayrağı yanar od formasında göstərilib və top işarəsi təsvir olunub.[4] Loqonun üzərinə həmçinin AFFA sözü də yazılıb.[4] 2011-ci ildən başlayaraq AFFA-nın könüllülük proqramı həyata keçirilməkdədir.[5] FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak etmişdir.[5] 2012-ci il sentyabrın 22-də Bakının Tofiq Bəhramov adına Respublika Stadionunda FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin təntənəli açılış mərasimi keçirilmişdir.[6] 2013-cü ildə AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən "8 km stadionu"nun "Bakcell Arena" adlandırılması məqsədilə Bakcell-in ofisində müqavilə imzalanıb.[7] 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsi İsveçrənin Cenevrə şəhərindəki "Espace Hippomene" Sərgi Mərkəzində keçirilən iclasda UEFA Avro 2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşdirib.[8] Bakı AVRO 2020-nin 1/4 finalına ev sahibliyi edəcək 4 şəhərdən biri kimi təsdiqlənib.[8] 2016-cı il sentyabrın 30-da Bakı Olimpiya Stadionunda Avro 2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar hazırlanan loqosunun təqdimat mərasimi keçirilib.[9] 2017/2018 mövsümdən etibarən Lisenziya iddiaçısının bütün oyunçularının qeydiyyatı AFFA-nın "Futbola qoşul" proqramı vasitəsilə həyata keçirilir.[10] 2017-ci ildə ilk dəfə olaraq AFFA tərəfindən "Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs" keçirilib.[10]
Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir.[11] Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər təşkil olunur.[11] Bununla yanaşı, FIFA və UEFA tərəfindən elan olunan "Grassroots" günlərində də AFFA-nın təşkilatçılığı ilə kütləvi futbol festivalları keçirilir.[11]
Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir.[12] Bu mənada 2007-ci ildə AFFA-nın inzibatı binası, 2009-cu ildə isə Azərbaycan Futbol Akademiyası istifadəyə verilmişdir.[12] Stadionların inkişafı baxımından 2011–2012-ci illər xüsusi ilə effektiv hesab oluna bilər.[12] FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 ərəfəsində 4 yeni stadion; Dalğa Arena, Bakcell Arena, Bayıl Arena və Binə stadionu istifadəyə verilmişdir.[12]
Futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, müasir tələblərə cavab verməsi AFFA-nın prioritetlərindən biridir.[13] İxtisaslı kadrların hazırlanması məqsədilə AFFA-nın təşkilatçılığı ilə müxtəlif məşqçi kursları keçirilir.[13] Uzun müddət C, UEFA-nın B və A kurslarını təşkil edən AFFA-nın bu sahədə həyata keçirdiyi tədbirlər Avropa futbol təşkilatı tərəfindən yüksək qiymətləndirilib və 2011-ci il iyunun 27-dən etibarən AFFA-nın təşkilatçılığı ilə UEFA-nın ən yüksək məşqçi lisenziyasını əldə etməyə imkan verən Pro kateqoriyalı kurslar keçirilməyə başlayıb.[13] UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, AFFA 2012-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşulub.[13]
AFFA FİFA və UEFA-nın üzvüdür.[1] AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olundu.[3] Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatının dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi.[14][15][16]
AFFA-nın keçirdiyi yarışlar:[17]
Rol | Ad | Müddət |
---|---|---|
Prezident | Fuad Musayev[18] | 1992–2003 |
Ramiz Mirzəyev[19] | 2003–2007 | |
Elşad Nəsirov | 2007–2008 | |
Rövnəq Abdullayev[20] | 2008–2024 | |
Rövşən Nəcəf | 2024– | |
Vitse-prezident | Fətulla Hüseynov[21] | 1992–2001 |
Fuad Əsədov | 2001–2003[22] | |
Elşad Nəsirov[23] | 2003– | |
Rauf Əliyev[24] | 2004– | |
Vaqif Sadıqov | ||
Elxan Məmmədov[25] | 2020– | |
Baş katibi | Tofiq Bəhramov[26] | 1992–1993 |
Çingiz İsmayılov[19] | 1994–2003 | |
Fuad Əsədov | 2003-2007[27] | |
Elxan Məmmədov[28] | 2007–2022 | |
Sərxan Hacıyev[29] | 2022– |
AFFA-ya hazırda SOCAR, Bakcell, Gillette, Nike, UNICEF, Head & Shoulders, Paşa Sığorta, Aquavita, Kığılı, və Coca-Cola sponsorluq edir.[30] 2003-cü ildən Azərbaycan futbol üzrə milli komandalarının və AFFA-nın baş sponsoru olan SOCAR, AFFA tərəfindən təşkil olunan turnir və liqaların sponsoru olmuşdur.[31]