Cahid Hilaloğlu

Cahid Hilaloğlu (1928, Ağdam, Ağdam qəzası30 may 1991, Ağdam) — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident.

Cahid Hilaloğlu
Cahid Hilal oğlu Şirinov
Doğum tarixi 1928
Doğum yeri
Vəfat tarixi 30 may 1991(1991-05-30)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Rejissor

1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilmişdir[1][2]. Aktrisa Naibə Allahverdiyevanın ögey atasıdır.

Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır.

1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı. Təhsil aldığı ali məktəbdə fikirdaşlarını tapır. Çingiz Mirzağa oğlu Abdullayev və başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Nəticədə Çingizi ali məktəbdən qovub, "islah" olunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin başqa üzvlərini isə tənbeh ediblər. Lakin bu cəza onları yollarından döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır.

C. Hilaloğlu 1952-ci ildə institutu bitirib M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır. Burada işlədiyi müddətdə qurluşdan narazılığını müxtəlif vasitələrlə ifadə etsə də, hələlik ona qarşı sərt tədbirlər görülmür.

1956-cı ildə quruluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük və hay-küylü bir kampaniya başlandığını görən gənclər burada sərbəst fəaliyyət göstərməyin mümkünsüzlüyünə tam yəqin olaraq xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərara alırlar. Bəs xaricə necə getməli? Rejim sərt, sərhədlər bağlı. Güney Azərbaycanda iki il yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə də müsbət cavab alırlar.

Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Türkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi.

Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Cingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə də üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur.

1956-cı il martın 6–7-də Tbilisidə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. C. Hilaloğlu və dostları Sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı öldürməsini və həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən heç 7–8 ay keçməmiş Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. 1957-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibətilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri dəqiqlik var. Yekdil fikir odur ki, bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib?- sualına xatirələr tam aydınlıq gətirmir.

Cahid Hilaloğlunun əməlləri DTK (KQB) tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Cahid deyirmiş: "Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakı isə əks-inqilabi qiyam adlandırılır?" Xüsusi xidmət orqanları isə daha bu gənclərin "nazı ilə oynamaqdan bezib" sərt tədbirlər planlaşdırır. Cahid Hilaloğlu oğurluqda təqsirləndirilərək həbs edilir. Onu Aərbaycan SSR CM 21–63 maddəsilə və Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi adlandırılsa da əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də uzun müddət işsiz qalır. 1969-cu ildə İrəvanda yenidən bərpa edilmiş C. Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. KQB orada da C. Hilaloğlunu dinc buraxmır. Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi "sağlıqdan" millətçilik qoxusu gəldiyinə görə "söhbətə" çağırırlar. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır.

Onun teatr İnstitutunda işə girməsi və işdən çıxması Rahib Hüseynovun rektor işlədiyi dövrə təsadüf edir. O, dövrdə hər adam soyadının sonuna oğlu ifadəsini əlavə edə bilməzdi. Buna yuxarıların ya razılıq verməsi lazım gəlirdi, ya da uzun süründürməçilikdən, böyük dava-qalmaqaldan sonra mümkün olurdu. Belə soyadı həmin şəxsə millətçi damğası vurulması, cəmiyyətdən təcrid edilməsi üçün yetərliydi. Rahib müəllimin yaşıdı olan Cahid haqqında kifayət qədər bilgisi olması şübhəsizdir. Bütün bunlara baxmayaraq az sonra ona İnstitutunda rejissorluqdan dərs deməyə də icazə verir.

Cahid Hilaloğlu ilə Rahib Hüseyinov arasında bağlılığın hansı səviyyədə olduğunu aydınlaşdıra bilmədik. R. Hüseynov həbs olunan kimi C. Hilaloğlu ərizə yazıb işdən çıxır. Bu da R. Hüseynovun cinayətkar kimi həbs edilməsinə şübhə ilə yanaşmağa əsas verir. Çünki həmin dövürdə Azərbaycandakı ali məktəblərin rəhbərlərinin əksəriyyəti elə Rahib müəllim kimi işləyirdi.

1976-cı ilin aprelin 13-də öz ərizəsi ilə işdən gedən C. Hilaloğlu xeyli işsiz qaldıqdan sonra Ağdam şəhərində yeni açılmış dövlət dram teatrında fəaliyyətə başlayır. Ömrünün sonunadək orada çalışır.1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir "Volqa" avtomobili Cahidi vurur. Bu qəzasından həlak olan C. Hilaloğlunu Ağdam şəhərində dəfn edirlər.

(Xüsusi xidmət orqanlarının təşkil etdikləri avtomobil qəzaları, qəfil ölümlər haqqında o qədər faktlar aşkarlanıb ki, C. Hilaloğlunun ölümünə də təsadüfi avtomobil qəzası kimi baxmaq olmur.)

C. Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

  1. Azərbaycanın dövlət bayrağının üzərindəki ay-ulduzun mənası nədir? [ölü keçid]
  2. ""Xalq Hərəkatı Moskvanın planlarını pozdu"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.azadliq.org/content/article/24986098.html

http://www.youtube.com/watch?v=_ymx0CrFcdk