Cavad Cavadlı

Cavad Ələsgər oğlu Cavadov (12 aprel 1926, Dəmirçi22 iyun 2015, Bakı) — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist

Cavad Cavadlı
Cavad Ələsgər oğlu Cavadov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, jurnalist, yazıçı, publisist
Mükafatları "Əmək veteranı" medalı "Tərəqqi" medalı

Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur».

Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub. Onun vəzifəsi haqqında: Havaların necə keçməsi, quraqlıq, xəstəlik olub-olmaması, məhsuldarlıq, yerli münaqişələr barədə saraya məlumatlar göndərib. Əmim Ələkbərin təsdiq etdiyinə görə çox nüfuzlu xalq həkimi olub. Onun təxminən min səhifəlik, cildi qalın dəridən olan kitabı 1918-ci ilə qədər qalırdı. Andronikin ordusu kəndimizi işğal edəndə çoxlu kitablar, əlyazmalar ilə birlikdə samanlıqda gizlədilən həmin kitab da yandırılmışdır». Belə bir ailənin düçar olduğu ağır sürgün həyatı C.Cavadlının təhsilində ləngimələrə səbəb olmuşdur. O zaman Şərur rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Xalq yazıçımız Süleyman Rəhimovun köməyi ilə o, təhsilini davam etdirə bilmişdir. S.Rəhimovun yaxşılığını C.Cavadlı da unutmamış, onun obrazını bədii ədəbiyyata gətirmiş, özünün «Cəhənnəmdən qaçmış uşaq» adlı mənzum romanında bu haqda ətraflı bəhs etmişdir. Əsərin «Unudulmaz görüş» adlı fəslində bu xeyirxahlıqlar geniş verilmişdir. C.Cavadlı sonralar Süleyman Rəhimovla tez-tez görüşdüyünü, məktublaşdığını oxuculara bildirir. S.Rəhimovun göstərişindən sonra ailənin kənddə yaşamasına söz deyə bilmirlər, Cavad da məktəbdə təhsilini davam etdirir. Şair bu haqda «Cəhənnəmdən qaçmış uşaq» mənzum-romanında yazır:

Nə yaxşı ki, tale məni ona tuş etdi, Təkcə qayğı göstərmədi, qurtuluş etdi…

Həm S. Rəhimovun xeyirxahlığı, həm də 1941-ci ilin 22 iyununda başlanan Böyük Vətən müharibəsi Cavadlılar ailəsinə qarşı icəşmələri qismən unutdurmuş, ailə dinc əmək həyatına qayıtmışdır. Bu zaman fəal gənc kimi C.Cavadlı tarlada, kənd klubunda təbliğat işləri aparmış, mətbuat nümunələrini oxumuş, bədii qiraətlər etmişdir: Kənddə və rayonda komsomol işində irəliləyən C.Cavadlı xalq düşməninin oğlu kimi işdən çıxarılmışdır. Şair çətinliklər içərisində keçən dövrləri belə xatırlayır:

Vaxt oldu ki, tapılmadı bircə tikə çörək də «Düşmən oğlu» damğasını çox gəzdirdim ürəkdə.

C.Cavadlı 1940-cı ildən Naxçıvan şəhərində işləyən əmisi Ələkbərin himayəsində yaşamışdır. Əmisinin uşağı yox imiş. Həmin il C.Cavadlı Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsinə daxil olmuşdur. Bir il oxuduqdan sonra müharibənin başlanması ilə əlaqədar texnikumun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bu dövrdə C.Cavadlı Naxçıvan Vilayət Tədarük Müvəkkilliyində kiçik hesabatçı vəzifəsinə işə düzəlmişdir. Sonra o, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun tarix-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Bakı Dövlət Universitetində ilk dəfə açılan jurnalistika fakültəsində oxumaq həvəsi ilə C.Cavadlı II kursdan oranı tərk etmiş, BDU-ya daxil olmuşdur. Beləliklə, 1945-ci ildən C.Cavadlının həyatının Bakı dövrü başlanmışdır. O, tələbəlik illərində respublika mətbuatı və ədəbi mühitindən bəhrələnməyə başlamışdır. Gənc yazıçıların Natəvan adına klubunda keçirilən ədəbi dərnəklərində yaxından iştirak etmiş, o illərdə tanınmış sənətkarlardan öyrənmişdir

Naxçıvanda tələbə olduğu zamanlarda C.Cavadlı teatr tamaşalarına gedir, «Gənc qələmlər» adlı ədəbiyyat dərnəyinin məşğələlərində iştirak edir, institutda onlara dərs deyən tanınmış şair Müzəffər Nəsirli, ədəbiyyat müəllimi Lətif Hüseynzadədən dəyərli məsləhətlər alırdı. Muxtar respublikanın «Şərq qapısı» adlı qəzetini, doğma Şərur bölgəsində nəşr olunan «Pambığa doğru» (indiki «Şərurun səsi») qəzetini oxuyur, onlara məqalə və şeirlər yazırdı. Onun gələcək uğurlarında Naxçıvan ədəbi mühiti əsl bünövrə sayıla bilər.

C.Cavadlı tələbə ikən gələcək peşəsi ilə bağlı əmək fəaliyyətinə qəzetdə işləməklə başlamış, 1950-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Onunla birlikdə Azərbaycanın ixtisaslı, diplomlu jurnalist dəstəsi cəmi on altı nəfər olmuşdur. 1951-ci ildə Şövkət adlı bir qızla evlənmişdir. İxtisasca həkim olan Şövkət xanım 1972-ci ildə dünyasını dəyişmişdir. Ona olan məhəbbət və sədaqətini C.Cavadlı həmişə uca tutmuş və silsilə şeirlər yazmaqla yad etmişdir. Şairin «Səndən sonra» adlanan bu şeirləri səmimi və həyəcan dolu hisslərlə qələmə alınmışdır. «Getdin» adlı bir şeirində deyildiyi kimi:

Ömrümü sən elə çətində qoydun, Özün taleyimə ağlayıb getdin!

İki oğul və üç qız övladını anasız böyüdən C.Cavadlı ikinci dəfə ailə həyatı qurmamışdır. Şair ömür-gün yoldaşının itkisinə həsr etdiyi silsilə şeirlərini «Ata laylası» adlı kitabına toplayıb çapa hazırlamışdır. C.Cavadlı bu kitabı «Səndən sonra» (1997) kitabının təkmilləşdirilmiş variantı hesab edir. «Ata laylası» şeirində çətinliklə keçən məişətini təsvir edən C.Cavadlı oğluna müraciətlə yazır:

Uşaqlara baxırsan, Anasız darıxırsan... O insanı bir də sən Yuxularda görərsən. Gözünü yumsan inan Yuxuna girər anan. Qəlbin, gözün olaram, Anan özüm olaram. Yat, sevimli atam, yat Dərdi kainatam, yat!

«Təbiətin işinə bax», «Getdin», «Gördüm», «Səndən sonra», «Sarı gül», «Gedibsən» və b. şeirlər həmin kədərin-ağır itkinin ağıları kimi səslənir. C.Cavadlının ana bayatılarında olduğu kimi, ata laylası da yenidir, maraqlıdır. Qeyd edək ki, çətin keçən uşaqlığı, sürgün həyatı, valideynlərini, qardaş və bacılarını erkən itirməsi onun qəlbinin dərinliklərində silinməz izlər buraxmış, xatirələr və bir çox şeirlər yazmasına səbəb olmuşdur. Şair əmisi Ələkbər, ata-anası, həyat yoldaşı, bu gün yaşayan bacısı Zeynəb haqqında ayrı-ayrı şeirlərini kövrək hisslərlə qələmə almışdır.

Yazıçı–publisist, Azərbaycan dissident ədəbiyyatının yaradıcısı Cavad Cavadlı 2007-ci ildə səmərəli fəaliyyətinə və çağdaş ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına və Prezident təqaüdünə layiq görülüb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Cavad Cavadlı yaradıcılığının əsas mərhələlərini üç dövrə bölmək olar. Birinci mərhələyə onun ailə üzvləri və həmkəndlilərinin otuzuncu illər sovet rejiminin kütləvi cəza və qırğınlarına düçar olduğu dövrlərdə yazdığı ilk qələm nümunələri daxildir. Həmin dövrdə gənc və təcrübəsiz C.Cavadlı hadisələrin burulğanına düşərək sıxıntı içərisində yaşamışdır.

Birinci mərhələnin məhsullarını C.Cavadlının Naxçıvan şəhərində yaşadığı illərdəki qələm təcrübələri təşkil edir. Şərurda və Naxçıvanda tarla düşərgələrindəki gündəlik vərəqələrdə, o dövrdə geniş maraq doğuran və təsir dairəsinə malik əl-divar qəzetlərində maraqla çıxışlar etmiş, qismən təcrübə qazanmışdır. Bu mərhələdə onun ilk şeir və məqalələri rayon və vilayət qəzetlərində də dərc olunmuşdur.

C.Cavadlı yaradıcılığının ikinci (1950-1990) mərhələsi Bakıda yaşadığı dövr-təhsil və əmək fəaliyyəti illərindəki və sonrakı dövrlərin yaradıcılığını əhatə edən qırx ildən artıq dövrdür. Bu dövrün yaradıcılığında əsasən dissident ədəbiyyatı nümunələrinin yaradılması və uzun müddət gizli saxlanılması xüsusi qeyd olunmalıdır. 1990-cı ildən sonrakı dövr Cavad Cavadlı yaradıcılığının üçüncü mərhələsini təşkil edir. Bu, Azərbaycanın müstəqilliyi dövrüdür. C.Cavadlının ilk şeirlərini 13 yaşında qələmə almışdır. «Dəmirçi kəndində peyda olub beş-on canavar» adlı həmin şeirində gənc şair deyirdi:

Bu yazıq millət, Çəkir nə zillət!

Yaşının az olmasına baxmayaraq şairin millət dərdi çəkməsi oxucunu sevindirir. Şeirdə hiss olunan üsyan, təlatüm, cəmiyyətə və həyata olan etiraz gələcək istedadın ilk qığılcımları kimi qiymətlidir. 1939-cu ildə yazdığı «Zəhmət» kolxozu haqqında» şeiri də müəllifin özü tərəfindən olduqca zəif şeir hesab edilir. Cavad Cavadlı bu haqda deyir: «İkinci dəfə sürgündən qayıdanda ilk şeirimi yazmışam. Şeir adlandırdığım bu yazımın adı da şeirə bənzəmir.

Təbiidir ki, həmin şeirlər ilk addımlar kimi qəbul edilməlidir. C.Cavadlı 1939-cu ildə sürgündən qaçıb gəldiyi zamanlarda rastlaşdığı, üzləşdiyi çətinlikləri, kəndlərində baş verən çəkişmələri ilk şeirlərində təsvir etməyi qarşısına məqsəd qoyurdu. 1940-cı ilin 22 iyununda yazılmış «Şikayət» adlı şeirdə deyilir:

Kimdir həqiqəti dananlar, kimdir? Gör kimin əlində qaldı ixtiyar! Beş-altı yaltaqlar bizə hakimdir, Gör kimlər olmuşdur bizə hökmdar!

Həyatından və ölkədə hökm sürən şəraitdən narazı olan gənc C.Cavadlı «Şikayət» adlı bir neçə şeir qələmə almışdır. «Pul» adlı şeirində isə şair yoxsul insanların ağır həyat tərzindən gileylənirdi:

Aşnalar, rəfiqələr, yarlar, məni çox etməyin töhmət, Kimi məhzun edən varsa, yalnız və nəhayət puldur.

«Mənim taleyim» adlı 80 misralıq bir şeirində 16 yaşlı C.Cavadlı həyata qarşı üsyana qalxır və «Vətənimdə vətənsiz bir insanam» - deyir. Qeyd edək ki, bu fikir bir neçə il sonra S.Vurğunun «Zəncinin arzuları» poemasında zənci rəssamın dilindən deyilmiş, - Vətənsiz də insan olan insan kimi yaşayarmı? - kəlamını yada salır. Gənc şairin ilk qələm təcrübələrində öz ailə həyatının ağır və cansıxıcı olduğu təsvir edilir. Bu çətinlik cəmiyyətin böyük əksəriyyətinə aid idi.

...Hər addımda hazırdır qarşımda bağlı düyün, Qəlbin mənalarını duymayır tək bir insan, Bəsdir, ey qoca tarix, ibrət et, bir utan! Bu üsyankarlıq, xalqın acı taleyini, həyat tərzini düşünmək və öz taleyi ilə vəhdətdə vermək cəhdləri C.Cavadlının gələcək yaradıcılığının ilk qığılcımları idi.

Bir kəsdə həqiqi xəyal görmədim, Bir həqiqət, əhli-əyal görmədim. Bir düz ilqar, doğru məlal görmədim, Könül duyan bir əhli-hal görmədim.

Azərbaycanın müstəqilliyini əlindən almış, onu yenidən öz müstəmləkəsinə çevirmiş Moskva yerlərdə hakimiyyətini möhkəmləndirmək naminə əl atdığı zülm və işgəncə vasitələrini günbəgün artırır, gücləndirirdi.

C.Cavadlının ilk mətbu şeiri «Kəndim» 1945-ci ildə Naxçıvanda - «Şərq qapısı» vilayət qəzetində dərc olunmuşdur. Təəssüf ki, şairin özündə də ilk şeirinin bu gün nə əlyazması, nə də qəzet nümunəsi qalmışdır. Buna C.Cavadlının sürgün həyatı və mənzil şəraiti səbəb olmuşdur. Arxiv və kitabxanalarda da «Şərq qapısı»nın həmin illərə aid nömrələri tam saxlanılmamışdır. Bu barədə fikrimizi təsdiqləyən faktlar C.Cavadlının 2007-ci il martın 8-də «Azərbaycan müəllimi» qəzetində dərc olunmuş «Bir şeirin yaranma tarixi» adlı məqaləsində də danışılır. Şair bildirir ki, 1968-ci ildən axtardığı «Ana» adlı şeirini xoş bir təsadüf nəticəsində tapmasına sevinmişdir.

Doğma kəndi haqqında olan «Kəndim» adlı ilk şeirinin nə əlyazması, nə də qəzet nümunəsinə şair özü də hələlik rast gələ bilməmişdir. Doğma kəndi Dəmirçiyə həsr etdiyi ilk şeirinin tapılması şair üçün də, onun oxucu və tədqiqatçıları üçün də maraqlı və dəyərli olardı. Bu tarixdən ötən altmış ildən artıq bir müddətdə C.Cavadlı müxtəlif çətinliklərlə üzləşmiş, iyirmi üç il ərzində yazdığı şeirləri, xüsusilə dissident ədəbiyyatı nümunələrini yığıb saxlamalı olmuşdur. O zamankı son kitabının adı da («İnsanlara sözüm var» adlanır) şairin ürəyindən keçənləri dəqiq ifadə edirdi. Axı, şairin insanlara deyiləsi sözü çox idi...

C.Cavadlının yaradıcılığı rəngarəngdir. O, heca vəznində bayatı, gəraylı, qoşma janrlarında, əruz vəznində və sərbəst şeir formalarında əsərlər qələmə almışdır. Onun yaradıcılığında lirik şeirləri əsas yerlərdən birini tutur. C.Cavadlının əlliyə qədər şeirinə tanınmış bəstəkarlardan Səid Rüstəmov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Ramiz Mirişli, Nəriman Məmmədov, Ramiz Mustafayev, Əfsər Cavanşirov, Oqtay Zülfüqarov və başqaları mahnı bəstələmişdir.

C.Cavadlının yaradıcılığı ardıcıl olaraq uşaq həyatının təsviri, uşaqların bilik və maraq dünyasına müsbət təsir edən əsərlərlə zəngindir. Şair 1946-cı ildə «Azərbaycan pioneri» qəzetində «Azərbaycan» adlı şeiri ilə respublika mətbuatında ilk dəfə çıxış etmişdir. Şeir Xalq şairi Səməd Vurğunun məşhur eyniadlı əsərinin təsiri ilə yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, C.Cavadlı ilk şeirlərini «Haziq» imzası («Cavad Haziq») ilə qələmə almış, sonra xalq şairi S.Vurğunun məsləhəti ilə dəyişdirmişdir. (Haziq-ərəbcə hazırlıqlı mənasını ifadə edir ki, bu da şairin təhsil zamanı müəllimlərinin sual və tapşırıqlarına fəal əməl etməsi-hazırlıqlı olması ilə bağlıdır). Böyük şairin gənc C.Cavadlıya olan diqqət və qayğısı xüsusi olaraq vurğulanmalıdır. Bu, S.Vurğunun o zamankı ədəbi gəncliyə olan böyük himayəsinin kiçik bir faktıdır. 1947-ci ildə Səməd Vurğun şairin ilk şeirlərindən birini oxumuş, çapına verdiyi göstərişdə yazmışdır: «Cavadın «Yaz səhəri» şeirini çox diqqətlə dinlədim. Doğrudur, Abbas Səhhətin də bu mövzuda, yəni «Yay səhəri» adlı şeiri vardır. Lakin ad əsas şərt deyil, mətləb məzmundadır. Səhhətin əsərində feodal kəndinin mənzərələri əks olunmuşdur. Bu cavan şairin şeirində isə doğma Vətənin təbii gözəllikləri, qəlb oxşayan mənzərələri, əmək adamlarının qüdrəti yeni, inandırıcı və maraqlı boyalarla verilmişdir. Müəllif «yaz səhərini» cinas kimi işlətmişdir. Bu da mənim çox xoşuma gəldi. Şeirin çap edilməsini məsləhət görürəm». S.Vurğunun bu dərkənarına əlavə olaraq Xalq yazıçısı Mirzə İbrahimov «Şeir mənim də xoşuma gəldi», - sözlərini yazmışdır. Camal Əhmədov hələ 1997-ci ildə yazdığı «Uşaqlara böyük məhəbbət» adlı məqaləsində bu haqda geniş danışaraq yazmışdır: «Müəllifin (C.Cavadlının.) uşaqlar üçün yazdığı əsərlərdən 30-a qədəri dərsliklərdə uzun illərdir tədris olunur. Cavadın «Dəcəl çəpiş», «Gəlinciyim», «Fermada», «Səliqəli uşaq», «Təbiəti qoruyaq» və «Kosmonavtam mən» mahnıları isə tədris ədəbiyyatı kimi Moskvada vala yazılmışdır».

C.Cavadlı çalışdığı «Azərbaycan müəllimi» qəzeti redaksiyasında vaxtaşırı Azərbaycan uşaq ədəbiyyatı nümunələri ilə bağlı müxtəlif müzakirələrin, dəyirmi masaların keçirilməsinin təşəbbüskarı olmuşdur. Şairin «Meyvə» adlı şeiri məktəblilərin ekoloji tərbiyəsi sahəsində güclü tərbiyəvi təsirə malik bir əsərdir. Hər misrası beş hecadan ibarət olan şeir yığcam süjet xəttinə malikdir. Uşaq şıltaqlığı ilə ağacı kəsən Qəni kəsilmiş yerdən su axmasının səbəbini soruşduqda cavab belə olur. Qəni, ay Qəni Bilmirsən yəni?! Meyvə ağlayır, Səni danlayır. ... C.Cavadlı uşaqlar və məktəblilər üçün çoxlu şeir, poema, mənzum nağıl, mahnı, alleqorik əsər, təmsil qələmə almışdır. C.Cavadlı bu əsərlərinin, demək olar ki, hamısını dövri mətbuatda dərc etdirə bilmişdir. Onun uşaqlar üçün yazdığı əsərlərindən «Ürək geniş dünyadır», «İntiqam», «Babamın əsası», «Bala məhəbbəti», «Tənbəl dələnin sərgüzəşti», «Yuxusuz dovşanın başına gələn əhvalatlar», «Leylək yuvası», «Günahsız pişik», «Ovçu mərhəməti», «Karandaş arzusu», «Ceyran və Seyran», «Süsən», «Uşaq və kəpənək», «Oğurluq hədiyyə», «Huşsuz ayı», «Armud dərdi» və b. xüsusi qeyd etmək olar. Şifahi xalq ədəbiyyatı kimi zəngin söz xəzinəmizi dərindən bilən C.Cavadlı çalışmışdır ki, həm əsərləri ilə balaların bu zəngin irsi öyrənməsinə müəyyən köməklik göstərsin, həm də valideyn və pedaqoqların bu sahədəki səylərini artırsın, onların əlinin altında material daha çox olsun.

Uşaq ədəbiyyatının elə bir sahəsi yoxdur ki, C.Cavadlı həmin sahədə uğurlu şeirlər yazmasın. Şairin ibtidai siniflər üçün nəşr olunmuş sinifdənxaric oxu materialları arasına daxil olunmuş «Xalıq və balıq» adlı şeiri də məktəblilər tərəfindən maraqla oxunur.

C.Cavadlının «İntiqam» adlı nağıl-poeması maraqlı bir məsələyə həsr olunmuşdur. Əsərdə Qorxmaz adlı bir yeniyetmənin leyləklərin ağacda qurduğu yuvaya qara qarğa yumurtaları qoyub ailəyə problemlər yaratması, ana leyləyin və sonra da balaların ölümünə səbəb olmasından danışılır. Uzun illərdən sonra Qorxmaz tarlada çalışarkən əlinə nə isə batır. Məlum olur ki, həmin leyləyin sümüklərinin qalığındandır. Bir müddət buna məhəl qoymayan Qorxmazın bədənini irin alır, qanı zəhərlənir. O, həyatla vidalaşır, körpə övladları leyləyin balaları kimi yetim qalır. Əsəri oxuyarkən istər-istəməz «Nə atarsan aşına, o da çıxar qaşığına» məşhur atalar sözünü təsdiqləyirsən. Folklora olan ardıcıl müraciəti şairin gələcəyimiz olan uşaqlara dərin və tükənməz məhəbbətindən irəli gəlir.

Şairin «Ürək geniş dünyadır» poeması və eyniadlı kitabında getmiş şeirləri onun publisistikasında - yuxarıda adlarını çəkdiyimiz «Sabahın sorağında», «Direktor olmaq istəyirsənsə» və b. kitablarındakı oçerklərinin poetik şəkildə davamıdır. C.Cavadlının ayrı-ayrı təhsil işçilərinə müxtəlif dövrlərdə həsr etdiyi şeirlərdən seçmələr oxucuların marağına səbəb olmuşdur. «Ürək geniş dünyadır» poeması pedaqoji prosesi təsvir edən əsər kimi qiymətlidir.

Tanınmış uşaq ədəbiyyatı araşdırıcısı Qara Namazov ali məktəblər üçün nəşr etdirdiyi «Azərbaycan uşaq ədəbiyyatı» adlı dərsliyində ədəbiyyatımızın uşaqlar üçün dəyərli nümunələrini yaratmış ən məhsuldar nümayəndələri arasında C.Cavadlının adını qeyd etmişdir.

C.Cavadlının ilk dram əsəri - «Tovuz quşunun nəğmələri» adlı mənzum pyesi ilə son dövr uşaq dramaturgiyamızı zənginləşdirmişdir.C.Cavadlının ömür-gün yoldaşına, övladlarına olan tükənməz məhəbbəti və bu mövzuda yazdığı əsərləri də uşaqların təhsili və tərbiyəsi işinə nümunə kimi gənc nəslə öyrədilə, aşılana bilər. Uzun müddət sürgün, həbsxana həyatını təsvir etmək qələm sahiblərinə yasaq olunmuşdu... C.Cavadlını sürgün və həbsxanaları görmüş şair kimi dissident ədəbiyyatı nümunələrini yaratmağa sovet quruluşu özü hazırlamışdı.

C.Cavadlı gözünü açandan sosializm quruluşunu görmüş, bu quruluşun inqilab, müharibə, həbs, sürgün, güllələmə və deportasiyalarda milyonlarla günahsız insanları məhv etməsinə, qanun və qərarlarda, şüarlarda deyilənlərin saxta və yalan olmasına etiraz edənlərdən birinə çevrilmişdir. Şairin bir çox şeirlərində, sürgün bayatılarında və poemalarında bu vəziyyətlər geniş təsvir və tənqid olunmuşdur.

Cavad Cavadlı dissident ədəbiyyatımızın yaradıcısıdır. Şairin yazdığı dissident ədəbiyyatı nümunələri arasında onun poemaları da əhəmiyyətli bir yer tutur. C.Cavadlı gənclik illərində yaddaşına əbədi həkk olunmuş bu həyatı genişliyi ilə təsvir edə bilmək, oxucularda dolğun təsəvvür yaratmaq üçün poemalar yazmaq qərarına gəlmişdir. «Sürgün» - «Qazaxıstan kitabı»na daxil edilmiş «Ata yurdu», «Canlı şəhidlər», «Sürgündə gördüyüm analar», «Zindandan məktublar, zindana məktublar», «Qeyrət», «İtkin bacılar», «Ana ölümü», «Düşmən iti», «Acı nağıl» və «Məsmə xala» adlı poemalar müxtəlif vaxtlarda yazılmışdır. Kitabdakı bütün əsərlər bir ideya ətrafında birləşmişdir. 1937-ci il siyasi repressiyasının ədəbi-bədii ensiklopediyası səviyyəsinə yüksəlmiş belə əsərlər Azərbaycan yazıçılarının son qurultayında qiymətləndirilmişdir. Qurultaydan sonra C.Cavadlının «Qeyrət» adlı poeması IX siniflər üçün «Azərbaycan dili» dərsliyində sinifdənxaric oxu materialları arasına salınmışdır.

Bu poemalarda 37-ci ildəki Azərbaycan kəndində gedən proseslər, sürgünə aparan əzablı yolların dastanı, sürgün həyatının dəhşətləri, onun ibrət dərsləri real şəkildə, yaddaqalan, hadisələrin və oxşar taleli insanların timsalında müvəffəqiyyətlə əks etdirilmişdir. Şair istibdadın qurbanı olmuş atası Ələsgər Qasımovun əziz xatirəsinə həsr etdiyi «Ata yurdu» poemasını 1963-cü ildə qələmə almışdır. Poemanın yığcam proloqunda ata-baba yurdlarından zorla uzaqlaşdırılan insanların narahat və nigaran dolu etirazları verilir. Onlar mərkəz Moskvadan verilən bu qərəzli göstərişləri düşünmədən icra edən kəslərə nifrətlər yağdırırlar. Doğma ev-eşiklərindən ayrı düşənlər hər an o yerlərin həsrətilə yaşayır, oranı unuda bilmirlər:

Yenə yada düşdü uşaqlıq çağım, Gəldi göz önünə obam, oylağım.

- deyən cavan da, qoca da narahatlıq hissləri içərisində yaşayır. Dağılmış ata yurduna güzarı düşən şair təəssüflənir:

-Dağılıb samanlıq, uçulub səki,

Evimiz olubdur viranə təki, - deyərək sürgünü yad edir. Əgər getməsəydik qara sürgünə, Komamız qalmazdı bu yaman günə.

«Ata yurdu» poeması doğma ocağın əzizliyini və əziz olduğu qədər də şirinliyini tərənnüm edən bədii əsər kimi oxunaqlıdır. C.Cavadlının həcmcə çox da böyük olmayan bu poeması oxucularda vətənə, torpağa bağlılıq hisslərini aşılayan qiymətli bir bədii əsər nümunəsidir. Poemanın sonuncu beytində:

Sinəmdə şiddətlə çırpındı ürək: Öz ata yurduna dönəsən gərək.

- deyən C.Cavadlı dədə-baba mülkünü sonralar abadlaşdırmış, Dəmirçi kəndində tikdirdiyi ev-eşiyə tez-tez gəlməklə, uşaqlarını, nəvə və nəticələrini də buraya gətirib tanıtmaqla öz sədaqətini nümayiş etdirirdi.

«Canlı şəhidlər» (1964) poemasında C.Cavadlının doğulduğu Dəmirçi kəndindən sürgünə yollanan insanların yol boyu başına gələn çətinliklər, məhrumiyyətlər dolu bir həyatı əks olunur.

-Ana didir sinəsini: -Bu nə zülümdür!.. Çarə yoxdur, sayılsa da qəbahət, qəza, Öz canından çıxan sudan İçirdir qıza.... «Sürgündə gördüyüm analar» (1990) poemasını müəllif öz anası Keysu xanımın əziz xatirəsinə həsr etmişdir. C.Cavadlı sürgündə ağır günlərdə həmdəmləri olmuş Pəri xala, Hürü xala, Gülgəz xala, Məsmə xala və başqalarını doğma anası qədər istəyir, onların halına yanır.

Körpələr lap tez solurdu, Çiçək kimi, Qırılırdı milçək kimi.

Analar bu dərdlərə dözə bilməyib ağlayırdılar. Anasının ağlamadığına təəccüb edən C.Cavadlı bir axşam oyanıb anasının gizli-gizli ağladığını görür. O, anasının bu dözümünü poemanın son misralarında belə mənalandırır:

-Mən sonralar dərk etdim ki, Göz yaşını gizlətmək də Hər ananın işi deyil!!!

«Ana ölümü» (1991) poemasını həmkəndlisi Məşədi Bədr xanıma həsr etmişdir. Bəşərin qarşısında diz çöküb səcdə etdiyi anaların faciəsini, başına gətirilən müsibətləri təsvir etməklə C.Cavadlı otuz yeddinci il faciəsinin mahiyyətini daha dürüst açıqlamışdır.

İlk müqəssir cəlladbaşı bu həqiqətdi, Cahillik də, paxıllıq da min qan törətdi. Baltaladıq özümüzü öz əlimizlə Hələ sirri mübhəm qalan əməlimizlə.

C.Cavadlının «Düşmən iti» (1971) poeması otuz yeddinci il hadisələrinə dair bir çox məsələlərin həqiqi bədii təsvirini verən yığcam əsərdir. Əsər yeddi hissədən ibarətdir. Məlum olduğu kimi it sahibinə daha çox sadiq olan ev heyvanıdır. Ailənin zorla sürgünə yola salındığı mərasimdə Alabaş adlı itlərinin də düşdüyü vəziyyət şair C.Cavadlının gözlərindən yayınmamışdır.

Baxdım sevgisinə, baxdım mehrinə, Bir it sevgisinin düşdüm sehrinə!

- beyti ilə poemanı bitirən müəllif ildirir ki, ailə sürgünə yola salınanda Alabaş başını göylərə qaldıraraq fəryadla ulamış, bununla sanki qəlbindəkiləri söyləmiş, etiraz etmişdi. Şair Alabaşın ulamasını, onun zənguləsini it dilində bir ağı kimi mənalandırır. Yediyi çörəyə sadiq çıxan Alabaş hətta sahibinin düşmənlərini də yadda saxlayır...

C.Cavadlı «Acı nağıl» (1980) poemasında da sürgündə keçirdikləri ağır həyat tərzini qələmə almışdır. Böyük də, uşaq da düşübdür candan.

Dizləri qırıbdır bu qara sürgün. Sürgünə gələnlərin arasında az vaxtda xeyli insan məhv olmuş, onların yaşadıqları ərazidəki düzənlikdə təzə bir qəbiristanlıq yaranmışdı. Cavad axırıncı uşaq qəbrinin yanına gəlir, dərin düşüncələrə dalır. Baş daşılarında adların yazılmadığını görür və: Tarix nə deyəcək görən bu haqda?!

- deyərək sanki zəmanəsini mühakimə edir. Ölmüş uşağın anası az qala bu dərdi unutmuşdur. Axı onun başqa bir oğlu yoxa çıxmış, itmişdi. Ana Allaha yalvarır ki, barı itmiş oğlunu sağ-salamat tapsın...

«Acı nağıl» (1980) poeması da müəllifin ailə həyatı ilə səsləşən əsərlər sırasına daxildir. Axı, tərcümeyi-halından məlum olur ki, sürgün həyatının ilk dövrlərində anasının dünyaya gətirdiyi Əkbər adlı oğlu yaşayış çətinliklərinə qurban verilmişdir. Əsərdə təsvir olunan ana Keysu xanımdır. Sürgündə bir oğlunun dəfni günü digər oğlu yoxa çıxan - itən ananın başına gələn müsibətlər olduqca təsirli şəkildə qələmə alınmışdır. Ana itən oğlunu axtara-axtara qəbiristana gəlib çıxır. Görür ki, oğlu acından yıxılıb, nəfəsi güclə gəlir. Ana ölmüş oğlunun dərdini unudur, buna da şükür edir.

Ananın qəlbinə sərin meh axdı, Sanki ölən körpə unudulmuşdu.

Müəllif: - «Görən nə cür çəkir dünya bu dərdi?!», - deyə dəhşətə gəlir. C.Cavadlı əsərdəki hadisələri qəmli dastan, acı nağıl adlandırmaqda haqlıdır. Həqiqətən, otuz yeddinci il hadisələri insanlara acı, dəhşətli və nağıllara sığmayan bir həyat bəxş etmişdir.

«Zindandan məktublar, zindana məktublar» (1969) poemasını C.Cavadlı atası Ələsgərin Belomorkanal tikintisində çalışarkən öz həyatını təsvir edən məktublarına əmisi Ələkbərin yazdığı cavab məktubları şəklində qələmə almışdır. On üç bölmə və geniş proloqda hadisələr dolğun şəkildə təsvir olunur. Naxçıvanın Babək rayonunun Yarımca kəndindən sürgündə olan Molla Əlinin son anlarında Ələsgər kişinin yanında olması - onun sonuncu məktubunu ailə üzvlərinə yollaması, vətəndən gələn kəfənlə, Quran ayələri oxunmaqla əsl müsəlman kimi son mənzilə yola salınmasını, başqa bir yoldaşından - Ucarın Qarabörk kəndindən olan Hətəmlə üzbəüz söhbətindən xəbər tutaraq müəllifin təsvir etmək əsəri daha canlı, təsirli etmişdir. Həmişə adını «maxtalı qızı» deyə çağırdığı arvadından nigaran olan Ələsgər kişiyə bir anı min il qədər ağır məhbəs həyatı cəhənnəmə bərabərdir. Bir ziyalı kimi Ələsgər Qasımov türk övladlarına edilən qəsdlərə, SSRİ-nin daxili siyasətinə etiraz edir:

Bura göndərirlər ancaq yadları, Hamısı, hamısı türk övladları. Hər bağdan ən yaxşı gül dərilibdir, Vaxtsız solmaq üçün göndərilibdir.

C.Cavadlının 80 illiyi münasibətilə «Vətən işığı» qəzetinin xüsusi buraxılışına daxil edilmiş «Belomorkanal zindanından məktub» atası Ələsgərin 22 aprel 1938-ci il tarixdə Arxangelsk vilayəti, Pudojsk rayonunun Belomorkanal həbs düşərgəsindən qardaşı Ələkbərə ünvanlanmış ürək sözləri kimi maraqlıdır. Dustaqlara verilən yemək və yaradılan şərait məktubda pislənir. Məktubda deyilir: «Mənim bu həbsxanadan çıxmağıma ümid yoxdur. Verilən yeməkləri itə atsan, it yeməz. Canımın hayında deyiləm, ailəmin sürgün edilməsini biləndə dizlərim qırıldı. Axı, maxtalı qızı (milli ənənələrimizə görə keçmişdə kişilər arvadının adını deməzdilər. Ələsgər kişi də arvadı Keysu xanıma maxtalı qızı deyərmiş - A.H.) savadsız, beş uşağın öhdəsindən necə gələcək!? Səfər böyüyüb, 15 yaşa çatıb, əli iş tutsa, anasına böyük yardımçı olar. Belə söhbətlər gəzir ki, dustaqlar öz ailələrinə veriləcəkdir, pənah Allaha. Uşaqlardan xəbər çıxan kimi mənə yaz, mənim ünvanımı da onlara göndər». Məktubda Ələsgər kişi kolxoz quruculuğuna, sovet hökumətinə zidd mövqe tutduğuna görə təqsirkar hesab edildiyini bildirir və həmişə ağır işlərdə başı qarışdığını, boş vaxtı qalmadığını bildirir. Əslində o quruluşdan narazı olanlar daha çox idi. Məktubda qardaşı Ələkbərə bir daha böhtançıları adbaad çatdıran Ə.Qasımov xeyirxah adamların adını da yazır, onların yaxşılığından çıxmasını tapşırır. Az vaxtda ölən məhbuslardan ibarət böyük bir qəbiristanlıq yarandığını bildirərək Ələsgər kişi kənddə taxıl almaq üçün satdığı beş qoyunun pulundan 120 manat özü ilə sürgün yerinəcən apardığını bildirir. Ancaq məhbuslarda olan pulları onlardan zorla alıblar ki, guya sonra özlərinə qaytaracaqlar.

C.Cavadlı atasının bu məktubu vasitəsilə oxucularına sürgündə olanlara necə ağır şərait yaradılmasını daha əyani, olduğu kimi göstərməyə nail ola bilmişdir. İstər ilk şeirlərində, istərsə də çox sonralar qələmə aldığı şeir və poemalarında şair otuz yeddinci il hadisələrini təsvir etməklə qəlbində bir sakitlik tapmışdır. Şair bununla tarixi, elmi əsərlər, həmçinin oxuduğu və eşitdikləri ilə bağlı məlumatlarına söykənib yazan ədiblərin qələm məhsullarından fərqli olaraq 12-14 yaşlarında uzun müddət sürgündə olmuş şahid, iştirakçı kimi daha təsirli və real bədii əsərlər yaratmağa əhəmiyyət vermişdir.

«Qeyrət» (1980) poeması ana-övlad məhəbbətinə həsr olunmuş qiymətli bir əsərdir. Anasının kör-köhnə donunu təzələmək üçün tarlada pambıq yığan oğul əldə etdiyi qazancla bu arzusuna çatanda sevinci yerə-göyə sığmır. Onun

Nə gözəl oldu ilk qazancım Anamın əynini bəzədi. - sözləri oxucunu da eyni dərəcədə sevindirir.

C.Cavadlının «İtkin bacılar» (1995) poemasında da repressiya qurbanlarının başına gələn fəlakətlər təsvir edilir. Əsərin qəhrəmanı Rəşad kənd məktəbində müəllim işləyir. O, qabaqcıl müəllim kimi məktəb rəhbərliyinə irəli çəkilmək şansı da qazanır. Direktor Şahbala müəllim qısqanclıq edərək Rəşadın haqqında yuxarılara yazır. Vaxtilə evlərində çörək kəsmiş erməni Babayanın apardığı istintaq zamanı Rəşad müəllimi döyürlər. Tanışlıqları hesabına Babayan onu satanın məktəb direktoru olduğunu bildirir. Ancaq duz-çörəyi itirən bu erməni Rəşadı döyməyi azərbaycanlı Pirməmməd adlı pəzəvəngin birisinə tapşırır...

Rəşad həbs olunur. Xoşbəxt yaşadığı gənc ailə - arvadı Zəri, ekiz qızları Həməngül və Çəməngül sürgün yollarında məhrumiyyətlərə düçar olur. C.Cavadlı: «Zindan ilə qorxudurlar milləti!..», və «Faciəsi başlayıbdır başsız millətin» - deyə hadisələrə sərrast ifadələrlə qiymət verir, qəhrəmanlarının halına ürək ağrısı ilə yanaşır. «Məsmə xala» (1990) poeması da kövrək hisslərlə qələmə alınmışdır. Əsərin qəhrəmanı olan Ana-Məsmə xala öz ölmüş körpəsi Lətifəni bükmək üçün kəfənlik ağ almağa pul tapa bilmir. Sürgündən birgə qaçdığı Məsmə xalanı uzun illərdən sonra görəndə C.Cavadlı; - Səni gördüm xatırladım anamı, - deyə kövrəlir.

Sürgün dövrü uca ağ gövdəli olan Məsmə xala artıq qocalmış, beli əyilmişdi. O günləri xatırlayarkən hər ikisi gələcəyə inamla yaşamaq, inamlı olmaq sayəsində sağ qaldıqlarını, vətənə gəlib çıxa bildiklərini xüsusi vurğulayırlar:

Dünya bizə başdan-başa dar idi, Nə yaxşı ki, inamımız var idi...

2006-cı ilin 29 noyabrında Naxçıvan Müəllimlər İnstitutunda şairlə keçirilən görüş zamanı bir tələbənin Məsmə xala haqqında verdiyi sualı C.Cavadlını yenidən o günlərə qaytardı, kövrəltdi və ağlatdı.

C.Cavadlının yaddaşında sürgündən sonrakı hadisələr - 1941-ci ildə başlayan, yeni qırğınlar, aclıq və fəlakətlərə səbəb olan Böyük Vətən müharibəsi də həkk olunaraq qalmışdır. Onun arxa cəbhə çətinliklərini təsvir edən əsərləri ilə bərabər döyüş səhnələrini əks etdirən şeirləri də vardır.

C.Cavadlının «Anasına oxşayan qız» adlı poeması müharibə dövrü baş vermiş maraqlı bir süjet xətti ətrafında qurulmuşdur. İlk dəfə şairin eyni adlı kitabında geniş oxucu kütləsinə təqdim olunmuş bu əsərdə müəllim ailəsinin başına gələn əhvalatlar qələmə alınmışdır. Müharibə bu ailənin xoşbəxtliklərini əlindən alır, onları müsibətlərə düçar edir.

Əsər bügünkü həyatımızla sıx bağlı olduğundan müasir və aktualdır. Mənfur ermənilərin torpaqlarımızı işğal etməsi hesabına son iyirmi ildə bir çox ailələrin də başına poemada təsvir olunan hadisələr gəlmişdir.

Şair-publisist Cavad Cavadlı müşahidə etdiyi həyat hadisələrini özünün həcmcə daha böyük əsərlərində - mənzum romanlarda qələmə almışdır. Onun həcmcə ən iri və sanballı əsəri «Cəhənnəmdən qaçmış uşaq» mənzum romanıdır. Şairin beş yüz bəndlik sürgün bayatıları, on poeması və bir çox şeirləri kimi bu əsərində də sosializm cəmiyyətinin kütləvi qırğınlarından biri və ən dəhşətlisi olan otuz yeddinci il siyasi repressiyası zamanı soydaşlarımızın uzaq Sibirdə işgəncə və məhrumiyyətlərə düçar qalmasından və bu işdə «sapı özümüzdən olan baltalar»ın fəaliyyətindən inandırıcı faktlarla ətraflı bəhs olunur. Həmin dövrdə, müəllifin özünün də qeyd etdiyi kimi, onun öz doğma kəndi Dəmirçidə də insanlar bir-birinə qarşı dayanmışdı. Kənddə rəhbər vəzifədə işləyən iki nəfər yeznə-qayın həmyerlilərin qəsdinə durmuş, çoxlarını sürgünə və həbsə yola salmışdır. C.Cavadlının atası da sürgündə məhvə məhkum edilmişdir. Ailənin qalan üzvləri - qadın və uşaqlar sürgündə olmuş, oradan qaça bilib kəndə gəldikdə isə təkrar cəza yerinə göndərilmişlər. Əsərdə mənfi obrazlar arasında kolxoz sədri Əhməd, kənd Sovetinin sədri Rza, partkom İbadullah və başqaları kənddə mərdimazarcasına atlarını çapır, günahsız insanlara divan tuturlar.

Yaxşı insanların qayğısı ilə ailə, nağılların dili ilə desək, qaranlıqdan işığa çıxa bilir, çətinlik və məhrumiyyətdən sonra doğma ocaqlarına qayıdırlar. Onlar qazaxlardan hər addımda belə xeyirxahlıqlar görürlər. Bostandakı yemişlərdən istədikləri qədər yeməyə, qaxac eləyib-qurudub qışa saxlamağa yaşıl işıq yandıran türk övladları erməniləri həddini aşmağa qoymur, onları yerlərində oturdurlar. Yaqon bələdçisi qazax Bəxtigül, Yevlaxda satıcı Səfər, həmkəndlisi Seyidrəsil, raykomun birinci katibi işləyən yazıçı Süleyman Rəhimov və başqaları ən çətin anlarda C.Cavadlının özünə və ailəsinə həyan olurlar. Əsərdəki bu xeyirxah insanlar oxucuların da rəğbətini qazanır, onlar yaddan çıxarılmır.

«Cəhənnəmdən qaçmış uşaq» əsərində təsvir olunan yeniyetmə Cavadın dara düşəndə çətinlikdən çıxış yolu tapa bilməsi, zirək olması, hətta sürgündən qaçması kimi səhnələr gənc nəslin qəhrəmanlıq ruhunda tərbiyə edilməsində əvəzsiz mənbədir.

İyirmi illik zəhmətin (1965-1985) məhsulu olan «Cəhənnəmdən qaçmış uşaq» mənzum romanı sürgündə olan bir müəllifin qələminin məhsulu kimi daha inandırıcı və təsirlidir. Tariximizin çox bədnam səhifələrinin bədii salnaməçisi olan C.Cavadlı bu əsərində hadisələri daha geniş işıqlandıra bilmişdir. Bu əsər eyni zamanda çoxseriyalı bir film üçün də qiymətli xammaldır. İnamla demək olar ki, kino sahəsində çalışanlar gec-tez bu hadisələrin ekran variantını da soydaşlarımıza təqdim edəcəklər.

C.Cavadlının həyatının iyirmi ilini əhatə edən yaradıcılıq axtarışlarının məhsulu kimi «Cəhənnəmdən qaçmış uşaq» mənzum romanı həcm etibarı ilə də, məna tutumu baxımından da dəyərli bir bədii əsərdir. İki yüz iyirmi səhifədən artıq olan bu mənzum romanda, təbii ki, C.Cavadlı öz gözləri ilə gördüyü, şahidi olduğu və başına gələn hadisələri ümumiləşdirərək milyonların faciələri kimi təsvir edir. Avtobioqrafik əsər olan «Cəhənnəmdən qaçmış uşaq» mənzun romanı Keysu ananın da Qazaxıstanda keçən çətin sürgün həyatının böyük bir hissəsini əhatə edir.

Cavad Cavadlı 2015 ci il 22 iyun tarixində vəfat edib.

  1. İnsanlara sözüm var. Bakı "Gənclik" nəşriyyatı (1973)
  2. Anasına oxşayan qız. Bakı "Azərnəşr" nəşriyyatı (1966)
  3. Dağ çiçəkləri. Bakı "Azərnəşr" nəşriyyatı (1961)
  4. Səndən sonra. Bakı "Sabah" nəşriyyatı (1997)
  5. Qara gözlər səadətdir. Bakı "ELM" nəşriyyatı (1997)
  6. Ürək geniş dünyadır. Bakı NPM (2006)
  7. Nur xəzinəsi yaxud misraların tufanı. Bakı "Borçalı" nəşriyyatı NRM (2006)
  8. Maarifimizin ulduzları. Bakı "ELM" nəşriyyatı (2000)
  9. Gənc pambıqçılar. Bakı "Maarif" nəşriyyatı (1962)
  10. Sürgün Bakı. "Sabah" nəşriyyatı (1996)
  11. Zirvələrdən ucada. Bakı "Azərbaycan" nəşriyyatı (1999)
  12. Mahnı töhfəsi. Bakı "Maarif" nəşriyyatı (1982)
  13. Həmişə balacalarla. Bakı "Maarif" nəşriyyatı (1965)
  14. Sabahın sorağında. Bakı "Sabah" nəşriyyatı (1996)
  15. Sürgün. Bakı "Sabah" nəşriyyatı (1997)
  16. Direktor olmaq istəyirsənsə? Bakı "Sabah" nəşriyyatı (2002)
  17. Sabahın sorağında. Bakı "Sabah" nəşriyyatı (1997)
  1. Ata yurdu (1963)
  2. Canlı şəhidlər (1964)
  3. Sürgündə gördüyüm analar
  4. Zindandan məktublar, zindana məktublar (1960)
  5. Qeyrət
  6. İtkin bacılar
  7. Ana ölümü
  8. Düşmən iti
  9. Acı nağıl
  10. Məsmə xala
  11. Cəhənnəmdən qaçmış uşaq (1965-1984) mənzum roman
  1. Olmaz
  2. Tez gəl
  3. Üz döndərdi
  4. Bilməz
  5. Düşsə
  6. Sevəcəkdir
  7. Varsa əgər
  • "Əmək veteranı" medalı (1980) — "Əmək Veteranı" medalı
  • "Qabaqcıl təhsil işçisi" ordeni və Fəxri Fərman (1986) — Azərbaycan Pedaqoji Cəmiyyəti adından
  • "Ustad" Ali Jurnalistika mükafatı (1997)
  • "Qızıl qələm" media mükafatı (2005)
  • "Əsl vətəndaş" diplomu (2006) — "Hakimiyyət və zaman" jurnalı tərəfindən təsis olunub.
  • "Tərəqqi" medalı (2007) — "Tərəqqi" medalı
  • "Qazaxıstanın Fəxri Vətəndaşı" (2007)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]