Cavanşir Qurbanov (azərb. Cavanşir Kazım oğlu Qurbanov; 6 dekabr 1947, Bakı) — Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti, Yasamal rayonu Ağsaqallar Şurasının sədri.[1]
Cavanşir Qurbanov | |
---|---|
Cavanşir Kazım oğlu Qurbanov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları | Samirə Abbasova, Samir Qurbanov, Cəlal Qurbanov |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
Mükafatları |
|
Qurbanov Cavanşir Kazım oğlu 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib.
Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Cavanşir Qurbanovun atası Qurbanov Kazım Pənah oğlu Böyük Vətən müharibəsinin iştirakçısı, anası Qurbanova Zəhra Yusif qızı isə evdar qadın olmuşdur. Samirə, Samir, Cəlal adından övladları var.
1968-ci ildən idman sahəsində çalışır. 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.
1972–1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçmişdir.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
1995–2006-cı illərdə Güləş Federasiyasının I vitse-prezidenti olmuşdur. 2006-cı ildən 2017-ci ilə qədər Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti olmuşdur. İşlədiyi dövr ərzində Respublikamızda güləşçilərin hazırlanmasında, onların yüksək nailiyyətlər əldə etməsində əməli və praktiki köməklik göstərib. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub. 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı və Afina Yay Olimpiya Oyunlarında 5-ci nəticə göstərmiş Rüstəm Ağayevin şəxsi məşqçisidir. İdman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifidir[2].
Hazırda Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri, professordur[2].
2020-ci ildən Yasamal rayon Ağsaqqallar Şurasının sədridir.