Cek Şiray

Cek Şiray (ジャック白井, Cakku Şiray?, ing. Jack Shirai; təq. 1900 və ya bilinmir, Hakodate, Hokkaydo prefekturası8 iyul 1937, Brunete[d], Madrid muxtar birliyi) – yaponəsilli amerikalı aktivist və əsgər. O, İspaniya vətəndaş müharibəsində döyüşmüş yeganə yapon olmuşdur.[1]

Cek Şiray
Doğum tarixi təq. 1900 və ya bilinmir
Doğum yeri
Vəfat tarixi 8 iyul 1937(1937-07-08)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, aktivist, aşpaz

Cek Şirayın erkən həyatı haqqında məlumatlar azdır. Onun dəqiq doğum tarixi bilinmir. O, çox güman ki, XX əsrin əvvəllərində doğulmuşdur. Yaponiyanın Hakodate şəhərində yerləşən Tobetsu trappist monastırında yetim kimi böyümüşdür. Monastırı tərk etdikdən sonra Yaponiya donanmasına qatılmış, təxminən 1930-cu ildə ABŞ-yə miqrasiya etmişdir. O, əvvəlcə San-Fransiskoda yaşamış,[2] daha sonra qısa müddət Nyu-Yorkdakı yapon restoranlarında aşpaz kimi işləmişdir. ABŞ-da kommunistlərin təqib olunmasına baxmayaraq kiçik kommunist işçi qruplarının fəaliyyətlərinə qatılmışdır.[1] Nyu-Yorkda solçu rəssam Eytaro İşiqaki və onun həyat yoldaşı Ayako İşiqaki ilə dostlaşmışdır.[3]

İspaniya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

1936-cı ildə başlayan İspaniya vətəndaş müharibəsində respublikaçılara kömək etmək üçün könüllülərdən ibarət Beynəlxalq briqadalar yaradılmışdır. Faşistlərə qarşı döyüşmək istəyən Şiray digər kommunistlərlə birlikdə könüllü olmuşdur.[1]

Şiray 6 yanvar 1937-ci ildə İspaniyaya gəlmiş və Abraham Linkoln briqadasına qoşulmuşdur.[4] Bu briqada əsasən işçi sinfindən olan könüllülərdən ibarət idi. Şiray briqadanın baş aşpazı olmaqla yanaşı pulemyotçu da olmuşdur. O, 6 fevral 1937-ci ildə başlayan Xarama döyüşündə iştirak etmiş və faşistlərin geri püskürdülməsinə kömək etmişdir. Şiray bir neçə ay ərzində briqadanın digər üzvləri ilə, xüsusilə, Mel Offsink və Maks Krauthamer ilə güclü dostluq münasibətləri qurmuşdur. Onlar müharibədən sonra birlikdə restoran açmağı və İspaniyada döyüşmüş şəxslərə bu restoranda pulsuz yemək verməyi planlaşdırmışdılar. Şiray Xaramada yerləşən xəstəxanada xəstə və yaralı şəxslər üçün yemək bişirmişdir. Əsgər yoldaşı David Martin Şiray üçün bir şeir yazmışdır.[1]

Şiray 8 iyul 1937-ci ildə Brunete döyüşündə iştirak edərkən alnına dəyən güllə nəticəsində ölmüş[1] və həmin günün gecəsi dəfn olunmuşdur.[5]

  1. 1 2 3 4 5 "The Cook with a Gun". Hyphen (ingiliscə). 1 dekabr 2005. Archived from the original on 29 March 2023. İstifadə tarixi: 20 may 2023.
  2. Abraham Lincoln Brigade. səh. 19
  3. "Remembrance of Jack Shirai, A Nikkei antifascist fighter". Nichibei (ingiliscə). 4 fevral 2021. 22 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2023.
  4. "Shirai, Jack". The Abraham Lincoln Brigade Archives (ingiliscə). 14 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2023.
  5. Abraham Lincoln Brigade. səh. 213