Cek Ked üsyanı (1450) — İngiltərənin cənub şərqindəki Kent qraflığında Cek (yaxud Con) Ked adı ilə tanınan qeyri-müəyyən əsilli şəxsin rəhbərliyi ilə baş vermiş üsyan.[1]
Üsyan Susseks, Esseks, Surrey qraflıqlarına yayılmışdı. 1450-ci ilin iyununda üsyançıların sayı təqribən 20 min nəfər idi. Hakimiyyətin laqeydliyindən və ingilislərin Yüzillik müharibədə (1337–1453) məğlubiyyətlərindən narazı olan üsyançılar məhkəmə və inzibati islahatların keçirilməsini tələb edir, "ədalətsiz" vergilərə, korrupsiyaya qarşı çıxış edirdilər. Üsyanın əsas qüvvələri orta və xırda kəndlilər, həmçinin sənətkarlar və xırda tacirlər idilər. "The complaint of the Poor commons of the Kent" adlı siyasi manifestdə yalnız sadə xalqın deyil, hökumət üzvlərinin və bəzi lendlordların da şikayətləri öz əksini tapmışdı.[1]
1450-ci il iyunun 18-də Sevenoks (Kent) yaxınlığında kral qoşunlarını darmadağın edən üsyançıların ordusu iyulun 2-də Londona daxil olmuşdu. Kral VI Henrix [1421–71] paytaxtı tərk etmişdi. Kral məmurlarının bir neçəsi öldürülmüş, varlı tacirlərin evləri qarət olunmuşdu. İyulun 5-də üsyançılar şəhərlilərin qoşunu və Tauer qarnizonu tərəfindən Londondan sıxışdırılıb çıxarılmışdılar. 1451-ci ildə üsyan tədricən zəifləməyə başlamış, çoxları əfv olunaraq evlərinə qayıtmışdılar. Əfv fərmanlarına görə, üsyançılar arasında 1 cəngavər, 2 parlament üzvü və 18 skvayr var idi. Cek Ked özü 1450-ci il iyulun 12-də döyüşdə həlak olmuşdu. Ayrı-ayrı üsyançı dəstələr isə mübarizəni 1454-cü ilədək davam etdirmişdilər.[1]