Ceyhun Allahverdiyev

Ceyhun Allahverdiyev (17 iyul 1972, Sumqayıt) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011), dosent (2006), professor (2013), prezident mükafatçısı (2022), bəstəkar, pianoçu, pedaqoq.

Ceyhun Allahverdiyev
Ceyhun Kərim oğlu Allahverdiyev
Doğum tarixi (52 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası bəstəkar, pianoçu
Təhsili Bakı Musiqi Akademiyası
Mükafatları

Dosent (2006) Professor (2013)

"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2011

Ceyhun Kərim oğlu Allahverdiyev 17 iyul 1972-ci ildə Sumqayıt şəhərində mühəndis ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini (1979–1986) Sumqayıt şəhər 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində (Kəmalə Səmədzadənin sinfində), orta musiqi təhsilini isə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda (indiki Sumqayıt Musiqi Kolleci) fortepiano sinfində (1987–1990) (Əfqan Salayevin sinfində) almışdır. Texnikumu vaxtından bir il öncə bitirərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Arif Məlikovun bəstəkarlıq sinfində (1990–1995) və professor Elmira Əliyevanın fortepiano sinfində (1992–1997) təhsilini davam etdirmişdir. 1995-ci ildə diplom işi kimi ilk iri həcmli əsərini – "Azərbaycan" simfoniyasını təqdim edərək bəstəkarlıq, 1997-ci ildə isə fortepiano ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspiranturanı bitirərək, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. 1999-cu ildə musiqi sənəti sahəsində qazandığı uğurlara görə Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycanda keçirilən elmi konfrans və konsertlərdə çıxış edərək, həmçinin Suriyada keçirilən Beynəlxalq Uşaq Festivalında (1986), Moldovanın Tiraspol şəhərində keçirilən Beynəlxalq müsabiqədə pianoçu kimi laureat olmuş (1989), Kiprdə keçirilən Beynəlxalq simpoziumda (2001), İstanbulda keçirilən Pera Beynəlxalq Piano Festivallarında (2010, 2011, 2015) müəllif konsertləri ilə çıxış etmiş, diplomlarla təltif olunmuşdur. 1999-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında müəllim vəzifəsində çalışmağa başlamış, 2006-cı ildə dosent vəzifəsində, 2013-cü ildə professor vəzifəsinə keçmiş, 2014-cü ildə isə professor vəzifəsinə təsdiq olunmuşdur. Hal-hazırda isə həmin kafedrada professor vəzifəsində çalışır. Bəstəkarlıq üzrə "İxtisas" və "Orkestrləşdirmə", "Alətşünaslıq" və "Partitura qiraəti" fənlərini tədris edir. Bir neçə bakalavr və magistr tələbələri, o cümlədən, Etibar Əsədli, Cavad Abrahi, Sevinc Kazımova və Nərmin Abdullayeva Respublika və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Hər il Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilən bəstəkarlıq kafedrasının hesabat konsertlərində tələbələri çıxışlar edirlər. Bu gün BMA-nın müəllim və tələbələri müəllifi olduğu "Alətşünaslıq" kursu üzrə metodik tövsiyələrindən, elmi məqalələrindən və 5 dərs vəsaitlərindən geniş istifadə edirlər. Musiqişünaslar və tələbələr yaradıcılığı haqqında bir neçə monoqrafiyalar, dərs vəsaitləri, dissertasiyalar, metodik işlər və məqalələr yazmışlar. Heydər Əliyev Fondunun dəstəyi ilə "Çevik Həllər" şirkəti tərəfindən həyata keçirilən Azərbaycan Respublikasının Xalq Artisti Arif Məlikovun əsərlərinin tam külliyatının nəşri (27 cild) layihəsində musiqi redaktoru olmuşdur (2016). Musiqinin müxtəlif janr və formalarında yazılmış bir çox əsərlərin, o cümlədən, 3 simfoniyanın, Fortepiano və simfonik orkestr üçün Konsertin, "Səhifələr" simfonik poemasının, xor və simfonik orkestr üçün "Əbədi sevgimsən" adlı kantatanın (sözləri Maya Heydərqızı), Fikrət Əmirovun mövzuları əsasında "Fantaziya"nın, "Mənzərə" simfonik lövhəsinin, xor və simfonik orkestr üçün "Milli marş", kamera orkestri üçün "Misri", piano və kamera orkestri üçün "Dəniz və Səma", "Sevəcəm" və "Əbədi sevgi" lövhələrinin, xalq çalğı alətləri orkestri üçün "Oğuznamə" poemasının, simli kvartetin, violino və fortepiano üçün sonatanın, fortepiano üçün sonatanın, "Təmas-fantaziyanın", İki fortepiano üçün "Eskizlər" konsert-pyesinin, Nizami Gəncəvi və Almas Yildirimin sözlərinə romans silsiləsinin, Pərviz Seyidlinin eyni adlı pyesi əsasında "İstintaq" tamaşasının, Hamlet İsaxanlının librettosu əsasında yazılmış 3 pərdəli "Tac Mahal" baletinin, mahnılar və başqa əsərlərin müəllifidir. Bir çox xalq mahnılarını səs və kamera orkestri üçün işləyərək, Xalq artistləri Nəzakət Teymurova, Gülüstan Əliyeva və başqa müğənnilərin ifasında işləmələrindən ibarət proqramla Azərbaycanda və xarici ölkələrin konsert salonlarında çıxışlar etmişdir. Dəfələrlə müəllif konsertləri ilə çıxış edərək, bir çox əsərləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijorlar, Xalq Artistləri Rauf Abdullayevin, Fəxrəddin Kərimovun, Teymur Göyçayevin və eləcədə məşhur Türkiyəli dirijor Gürer Aykalın idarəsi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Qara Qarayev adına Dövlət kamera orkestrlərinin ifasında uğurla səslənmişdir. 2005-ci ilin fevral ayında dövlətimizi təmsil edərək iki dövlət başçısının iştirakı ilə (İlham ƏliyevVladimir Putin) Qurultaylar sarayında bəstəkarın kamera orkestri və muğam üçün "Şur təsnifi" əsəri səslənmiş, 2005-ci ilin may ayında Yaponiyada keçirilən "Ekspo"da dövlətimizi təmsil etmişdir. 2006-cı il sentyabrın 29-da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında C. Allahverdiyevin yaradıcılıq gecəsi keçirilmişdir. 2007-ci ildə publisist, alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə əlaqədar Parisdə UNESCO-nun Böyük konsert salonunda Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrinin ifasında Fikrət Əmirovun mövzuları əsasında piano və simfonik orkestr üçün "Fantaziya" adlı əsəri səslənmişdir. 2010–2011-ci illərdə Avstriyada Vyana kamera orkestri ilə Şubert və Motsart konsert salonlarında müəllif əsərləri ilə çıxış etmişdir. 2010-cu ildə Bakıda (Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q. Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə) və Naxçıvanda Ceyhun və Vasif Allahverdiyev qardaşlarının "Musiqi formatında ailəvi şəkillər" adlı yaradıcılıq konserti keçirilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Parisdə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramında Qara Qarayev adına Dövlət kamera orkestrinin iştirakı ilə "Kapriççio" əsəri səslənmişdir. 2011-ci ildə III Qəbələ Beynəlxalq Musiqi Festivalında Piano və simfonik orkestr üçün "Konserti"ni Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə ifa etmişdir. 2014-cü ildə Üzeyir Hacıbəyli adina VI Beynəlxalq musiqi festivalinda Arif Məlikovun Fortepiano və simfonik orkestr üçün Konsertini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayəti ilə pianoçu kimi ilk ifaçısı olmuşdur. 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən X Beynəlxalq Pera Piano Festivalının açılış konsertində çıxış etmiş, həmçinin münsiflər heyətinin üzvü olmaqla yanaşı, ustad dərsləri vermişdir. 2016-cı ildə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış konsertində bəstəkarın müşayiəti ilə (piano) Beynəlxalq müsabiqə laureatı Aytac Şıxalizadənin (metso-soprano) ifasında romans silsiləsi ifa olunmuşdur. Bunlardan başqa Azərbaycan Bəstəkarlar İttifaqının plenium və qurultaylarında müxtəlif janrlarda əsərləri səslənmişdir. 2017-ci ildə 14 fevral və 14 iyul tarixlərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında yaradıcılıq gecələri təşkil olunmuşdur. 2018-ci ildə məşhur italiyalı pianoçu Aldo Ragone Romada keçirilən konsertdə bəstəkarın piano üçün 7 prelüdünü ifa etmişdir. Bir çox xarici ölkələrdə, eyni zamanda Yaponiya, Türkiyə, Kipr, İran, Fransa, Avstriya, Suriya, Moldova, Ukrayna, Rusiyada bəstəkar və pianoçu kimi uğurla çıxış etmiş, beynəlxalq festival və simpoziumların iştirakçısı olmuşdur.

Mütəmadi olaraq Radio və Televiziya proqramlarında əsərləri səslənir və dövri mətbuatda çıxışlar edir. 1998-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Musiqi fəaliyyətində və təhsilindəki xidmətlərinə görə 2011-ci ildə Ceyhun Allahverdiyev "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 10 may 2022-ci ildə[1], 6 may 2023-cü ildə[2] və 9 may 2024-cü ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Bəstəkar Vasif Allahverdiyevin qardaşıdır.

1. Piano üçün "6 uşaq pyesi" (1979) (Maestro Niyaziyə həsr olunur)

2. Piano üçün "12 prelüd" (1987–1990)

3. Piano üçün "Sonatina"-3hissəli (1989)

4. Fleyta və piano üçün "3 pyes" (1991)

5. 2 romans — söz:Nizami Gəncəvi (1991)

6. Skripka və piano üçün Sonata-3hissəli(1992)

7. Piano üçün Sonata-3hissəli(1993) (Arif Məlikova həsr olunur)

8. Simli kvartet-3hissəli (1994)

9. 1-ci simfoniya "Azərbaycan"-4hissəli(1995)

10. 2-ci simfoniya-4hissəli (1997) (Arif Məlikova həsr olunur)

11. Xalq çalğı alətləri orkestri üçün "Oğuznamə" poeması (2000)

12. Kamera orkestri üçün "Misri" (2001)

13. Piano və Böyük Simfonik Orkestr üçün konsert-3hissəli (2002)

14. 2 romans — söz:Almas Yıldırım(2002)

15. Kamera orkestri və muğam tərkibi üçün xalq mahnıları, rəng və təsniflərin işləmələri (2002–2005)

16. Piano üçün "Dəniz və Səma"(2006)

17. Kamera orkestri və muğam qrupu üçün xalq mahnılarının işləmələri (2007–2008)

18. Piano və simfonik orkestr üçün Fikrət Əmirovun mövzuları əsasında "Fantaziya"(2008)

19. Xanəndə, kamera orkestri və xalq çalğı alətləri üçün xalq mahnılarının işləmələri (2009–2010)

20. Piano üçün "Sevəcəm…" (2010)

21. Piano və kamera orkestri üçün "Dəniz və Səma"(2010)

22. Piano və kamera orkestri üçün "Sevəcəm" (2010)

23. Mahnılar (2005–2010)

24. Tar, kamança və kamera orkestri üçün "Skertso" (2010)

25. Tar, kamança və kamera orkestri üçün "Kapriççio" (2010)

26. "Sarı gəlin" (xalq mahnısı) böyük simfonik orkestr üçün işləmə (2011)

27. Səs və kamera orkestri üçün 2 fars xalq mahnısının işləməsi (2011)

28. Piano üçün "Təmas-fantaziya" (2011)

29. Soprano və Böyük Simfonik Orkestr üçün 2 romans. Sözləri Nizami Gəncəvi (2012)

30. Böyük Simfonik Orkestr üçün "Rəqs" (2013)

31. Xalq çalğı alətləri orkestri üçün "Rəqs" (2014)

32. Səs və xalq çalğı alətləri orkestri üçün "Ana torpaq" (2014)

33. Səs və kamera orkestri üçün "Necə Unudum" (2014)

34. Səs və kamera orkestri üçün "Zəfər Himni" (2014)

35. Səs və kamera orkestri üçün "Sevəcəm" (2014)

36. Səs və kamera orkestri üçün "Xatırla Məni" (2014)

37. Səs və kamera orkestri üçün "Əbədi Sevgi" (2014)

38. Səs və kamera orkestri üçün "Ana Torpaq" (2014)

39. Böyük Simfonik Orkestr üçün "Səhifələr" simfonik poema (2015)

40. Soprano və Böyük Simfonik Orkestr üçün 2 romans. Sözlər:Almas Yıldırım(2015)

41. 2 fortepiano üçün "Eskizlər" (2016)

42. 3-cü simfoniya (simli orkestr üçün) Fəxrəddin Kərimova həsr olunur (2016)

43. "Əbədi Sevgimsən!.." kantatası. Sözləri: Maya Heydər qızı. Xor və simfonik orkestr üçün (2017)

44. "Əbədi Sevgi" Fortepiano üçün lövhə (2018)

45. "Əbədi Sevgi" Fortepiano və kamera orkestri üçün lövhə (2018)

46. "Bir Zamanlar" Səs və kamera orkestr üçün Ballada. Söz- Hamlet İsaxanlı (2018)

47. "Kapriççio" Xalq Çalğı Alətləri orkestri üçün (2019)

48. "Ana torpaq" Səs və kamera alətləri orkestri üçün (2019)

49. "İstintaq" metamorfoza 2 pərdəli dram tamaşa. Pərviz Seyidbəylinin eyni adlı pyesi əsasında. (BSO) (2019)

50. "Tac — Mahal" 3 pərdəli balet. Libretto- Hamlet İsaxanlı (2020)

51 ."Qələbə üverturası" (BSO) (2020)

52. "Vida adajiosu" piano üçün. (2020)

53. "Zəfər himni" Səs və xalq çalğı alətləri orkestri üçün. Söz: Maya Heydərqızı (2021)

54. "Tac — Mahal" baletindən fraqmentlər. Böyük simfonik orkestr üçün. (2021)

55."Tac-Mahal" baletindən 1-ci Süita Böyük simfonik orkestr üçün. (2022)

56."Tac-Mahal" baletindən 2-ci Süita Böyük simfonik orkestr üçün (2022)

57."Skertso" — Fleyta və kamera orkestri üçün (2022)

58. Violino və fortepiano üçün *Məzəli Rəqs" (2022).

59. Violino və fortepiano üçün "Adajio" (2022)

60."Skertso"- Tar, Kamança və X. Ç. A. orkestri üçün (2022)

61."Vida Adajiosu"-Piano və kamera orkestri üçün (2023)

62."Heydər Ata"- Ballada. Səs və kamera orkestri üçün. Söz:Baba Vəziroğlu (2023)

63."Azərbaycan Rəqsləri". Tar, piano və kamera orkestri üçün (1."Aşıq Cünun", 2."Eynur", 3."Turacı", 4."Naz-nazı", 5."Gül Dəstəsi", 6."Əhsəni") (2023)

64."Xudayar təsnifi" Söz:Əliağa Vahid Mus:Əlibaba Məmmədov Səs və kamera orkestrı üçün işləyəni Ceyhun Allahverdiyev (2024)

65."Rəqs Fantaziya". Fortepiano kvinteti üçün (2024)

66."Naxçıvan" kantatası. Xor və simfonik orkestr üçün. (2024)

67."Unutmadıq, Xarıbülbül ". 3 səsli xor ilə fortepiano üçün rekviem. Sözləri:Anonim (2024)

pdf əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. http://musakademiya.musigi-dunya.az/noti/allahverdiyev_c_sechilmiw_eserler.pdf
  1. https://www.musicacademy.edu.az/struktur/mediateka/notlar/muallifler/276-allahverdiyev-ceyhun.html
  2. http://www.anl.az/down/meqale/medeniyyet/2013/mart/297564.htm
  1. https://www.youtube.com/watch?v=A9A033guRxM&t=2s
  2. https://www.youtube.com/watch?v=J5Aj-n0w2H4
  3. https://www.youtube.com/watch?v=qk18GL_ezQU&list=RDJ5Aj-n0w2H4&index=4
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.