Azərbaycan Dövlət Akademik Filarmoniyası

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik FilarmoniyasıBakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır.

Azərbaycan Dövlət Akademik Filarmoniyası
Loqonun şəkli
Filarmoniyanın İstiqlaliyyət küçəsindən görünüşü
Filarmoniyanın İstiqlaliyyət küçəsindən görünüşü
Filarmoniyanın qapalı konsert salonunun interyeri
Filarmoniyanın qapalı konsert salonunun interyeri
Yerləşməsi
40°21′50″ şm. e. 49°49′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşir Bakı şəhəri, Səbail rayonu
Ünvan İstiqlaliyyət küçəsi, 2
Metro M 1 İçərişəhər metrostansiyası
Tarixi
Əsası qoyulub 1920
Açılıb 25 may 1936
Filarmoniya binası
Memarlıq üslubu İtalyan intibahı (eksteryer)
Rokoko (interyer)
Memar Qavriil Ter-Mikelov
Tikilib 1910–1912
Təmir olunub 1936–1937, 1996–2004
Heyət
Direktor Murad Adıgözəlzadə
Digər məlumatlar
Telefon +99412 497 36 09
Sayt filarmoniya.az
İstinad nöm.143
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Azərbaycan Dövlət Filarmoniyası (Bakı)
Azərbaycan Dövlət Filarmoniyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bakı qalası yaxınlığında yerləşmiş və 1910-cu ildə yanğın nəticəsində məhv olmuş "Ağ klub" binası.

1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi.[1]

Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir.[1] O, yerli filarmoniya binası ilə tanış olmaq üçün Azur sahiləMonte Karloya ezam edilir. O, Bakı üçün Monte Karlo filarmoniyasına bənzər bina layihəsi hazırlayır. Monte Karlo filarmoniyası, öz gözəlliyinə görə Avropanın ən gözəl konsert salonlarından biri hesab edilirdi. Ter-Mikelov Monte Karlodan təəssürat və fikirlərlə qayıdır.[2]

1907-ci ildə şəhər varlıları ictimai məclislərin keçirilməsi üçün məkanın inşa olunması məqsədiylə bağda yer ayırmaq təklifi ilə Şəhər Dumasına müraciət etdikdə, duma üzvlərinin bir çoxu buna etiraz edirlər, çünki, əks halda 200-dən çox yaşlı ağacın kəsilməsi lazım idi, lakin 1908-ci ildə ərazisinin 1664.92 m2-ə qədər azaldılması sayəsində Qubernator bağı ərazisində İctimai məclislər üçün yay binası üçün yer ayırılması təsdiq edildi.[3] Layihənin yekun variantı 1910-cu ildə hazırlanır və təsdiqlənməsi üçün şəhər upravasının inşaat komissiyasına təqdim edilir. 1911-ci ildə binanın inşasına başlanan zaman, dəniz sahilində mühəndis Məmmədhəsən Hacınskinin layihəsi əsasında 1909-cu ildə inşasına başlanmış və 17.323.44 m2 ərazini əhatə edən bulvar mövcud idi.[3]

Azərbaycan Dövlət Filarmoniyasının Dağüstü parkdan görünüşü

Yay klubunun əsas fasadı Ter-Mikelovun layihəsi əsasında inşa edilmiş Sadıxov qardaşlarının evinə, profili isə Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Mariinski qadın gimnaziyasının binası (Azərbaycan Milli İncəsənət Muzeyinin II korpusu) və Rotşildlərin Bakı kontorunun işlərini idarə edən De Burun sarayına (Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu) baxır. Qısa müddət sonra De Bur öz malikanəsini Qafqaz Cəmiyyətinə satır və cəmiyyətin sədri milyonçu P. Qukasov Ter-Mikelovdan xahiş edir ki, binanı elə planlaşdırsın ki, onun yaşadığı saraydan nəinki musiqi eşidilsin, həm də klubda baş verənləri müşahidə etmək mümkün olsun. Milyonçunun xahişini yerinə yetirən memar orijinal üsul fikirləşir. Adətən konsert zallarında səhnə üzü əsas girişə tərəf baxsa da, filarmoniyada giriş səhnənin yanında yerəşir. Buna görə də Deburun sarayının pəncərə və eyvanlarından filarmoniyanın səhnəsini rahat görmək mümkündür.[2] Lakin, Manaf Süleymanov qeyd edir ki, bu məlumat yalnız şəhər əfsanəsidir, çünki, 1912-ci ildə P. Qukasov Dövlət Dumasının üzvü seçilərək Peterburqa köçmüşdü.[2] 1912-ci ildə binanın inşası tamamlanır.[4]

Mülkədarlar və neft milyonçuları, zəngin tacirlər və yüksək vəzifəli məmurlar, tanınmış mühəndislər, çar ordusunun zabitləri və başqaları vaxtlarını gecə yarısına kimi burada keçirirdilər. Bəzilə bütün varlarını itirənə kimi burada qumar oynayırdılar.[5]

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra, 20-ci illərdə bu binada musiqi həvəskarları, müxtəlif orkestr və ansambllar toplaşmağa başladı. 25 may 1936-cı ildə Bakı sovetinin işçi-kəndli və matros deputatları qarşısında simfonik konsertlər idarəsinin bazası əsasında Azərbaycan Dövlət Filarmoniyası yaradıldı.[2] 1936–1937-ci illərdə binada bərpa işləri görülmüşdür. 1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomayevin adını əbədiləşdirməkdən ötru Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin.[6]

Azərbaycan Respublikasının qurulmasından sonra 1996–2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.[6] 27 yanvar 2004-cü ildə Filarmoniya binasının təntənəli açılış mərasimi baş tutmuşdur.[6] Açılışda prezident İlham Əliyev, Mədəniyyət naziri Polad Bülbüloğlu, tanınmış violonçel ifaçısı Mstislav Rostropoviç, professor Fərhad Bədəlbəyli iştirak etmişdilər.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Monte Karlo Filarmoniyası (solda) və Azərbaycan Dövlət Filarmoniyası (sağda) binalarının ümumi görünşü

Palladiya ruhunda İtaliya intibahı, memarın layihəsini işlədiyi tikilinin obrazlı həllinə son dərəcə yaxşı uyğun gəlirdi. Bu həll, memarlıq-planlaşdırma ideyasını, tikili üçün ayırılan torpaq sahəsinin yeri – yerin uduşlu relyefini və iqlim xüsusiyyətlərini əvvəlcədən müəyyən edirdi. İctimai məclisin layihəsində koloritli və ifadəli (binanın aid olduğu mövzuya uyğun olaraq) kompozisiya yaradılmışdı. İşıq və kölgə oyunlarının böyük kütlələri ifadə etmək üçün vasitə kimi istifadə edildiyi, terras və verandalarla zəngin bina İntibah dövrü İtaliya villalarını xatırladır.[1]

Künc sahəsi, binanın kompozisiyasında, simmetriya üsulunu saxlamaqla planlaşdırma həllinin seçimini qabaqcadan müəyyən etmişdi. Plan artıq keçid və dəhlizlər olmadan, aydın və sadə şəkildə təsvir edilmişdi. Bütün əsas divarlar bir-biri ilə əlaqəlidir və vahid konstruktiv sxem təşkil edir.[7] Filarmoniyanın qalan bütün otaqlarının birləşdiryi planda ellips şəkilli zal memarlıq-planlaşdırma kompozisiyasının mərkəzidir.[7]

Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib. Cənub tərəfdən o, klassik orderləri istifdə etməklə incə və zərif şəkildə ayrın göstərilmiş təntənəli çoxyaruslu kompozisiya kimi qəbul edilir. Əsas həcm memarlıq kütlələrinin artan ritmik özəyi üzərində — yan qanadlardan mərkəzə doğru inşa edilib. Bütün həcmli-məkan quruluşu dekorativ fənərlə birgə günbəz və minarə üslublu cinahlardan çıxan düzgün quruluşlu qüllələr tamamlayıb.[8]

Fasad mövzusunun inkişafını davam edən dekorativ işləmələr interyerin həllini maraqlı edir. Bu binada memarlığın xarici və daxili vahidliyini pozan eklektikaya yer verilməmişdir. İnteryerlərdə proporsiyaların təmizliyinin, formaların gözəlliyinin və bütövlüyünün həmahəngliyini açan, memarlıq düşüncəsinin məntiqinə birlikdə tabe edilmiş, İtalyan intibahının ən gözəl anlamında yalnız stilizasiya mövcuddur.[8]

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Dövlət Simfonik Orkestri Beynəlxalq Rostropoviç Fesivalı çərçivəsində Heydər Əliyev Sarayında çıxış edərkən, 2008-ci il.

Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb.[9] Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorqskinin, Rimski-Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa etməyə başlayıb. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə dirijorlardan M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqaları işləmişlər.[9]

Orkestrin formalaşmasında dirijorlardan R. Baton (Fransa), O. Klemperer (Almaniya), F. Ştidri (Avstriya), N. Qolovanov (Rusiya) yaxından iştirak ediblər.[9] SSRİ-də yaradılmış ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladığı vaxtdan peşəkar musiqi mədəniyyətinin təbliğində mühüm rol oynayıb. Simfonik Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1938-ci ildən Simfonik Orkestrə görkəmli dirijor Niyazi başçılıq edib.[9]

Orkestrin yarandığı dövrdə Niyazi onun bədii rəhbəri, N. P. Anosov isə baş dirijoru idi.[9] N. P. Anosov orkestrlə cəmi 2 ilk işlədi.[9] 1940–1944-cü illərdə Böyük Vətən Müharibəsi ilə əlaqədar orkestr buraxılmışdır.[9] 1945–1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır.[9] 1948–1984-cü illərdə, həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur.[9]

1984–1990-cı illərdə orkestrin drijoru və bədii rəhbəri kimi Rauf Abdullayev faliyyət göstərir. 1992–1998-ci illərdə Yalçın Adıgözəlov orkestrin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən bu günə kimi isə həmin vəzifəni Rauf Abdullayev yerinə yetirir. Azərbaycan Dövlət Simfonik Orkestri Almaniya, Türkiyə, İsveçrə, Misir, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində uğurla çıxışlar etmişdir. Orkestr Beynəlxalq Rostropoviç Fesivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı, Beynəlxalq Muğam Festivallarının fəal iştirakçısıdır.[10]

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edərkən, 2009

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılaraq, həmin ilin 8 Mart Qadınlar Günü münasibətilə təşkil olunmuş konsertdə ilk dəfə çıxış etmişdir. Orkestr 2007-ci ilin may ayında Azərbaycanda, Belarus və Moldova respublikalarında keçirilən mədəniyyət və incəsənət günlərində iştirak etmişdir. Hal-hazırda orkestrın bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2004 və 2005-ci illərdə İran İslam Respublikasının Tehran şəhərində keçirilən ənənəvi XX "Fəcr" Beynəlxalq Musiqi Festivallarında 2 dəfə ən yüksək "Qızıl Çəngi" mükafatına layiq görülmüşdür.[11]

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

[redaktə | mənbəni redaktə et]

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara QarayevinFikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir.[12] Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir.1998-ci ilin iyulunda orkestr Azərbaycan mədəniyyətini Londonda müvəffəqiyyətlə təmsil etmiş, həmin ilin sentyabr ayında isə Parisdə Qara Qarayevin 80 illiyinə həsr olunmuş yubiley konserti vermişdir. 2011-ci ilin may ayında Pekin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, iyul ayında Fransada "Ramatuel" Beynəlxalq Klassik Musiqi Festivalında çıxış etmişdir. 2011-ci ilin fevral ayında Orkesrt Parisdə "Qavou" Konsert Zalında sentyabr ayında Berlin və Paris şəhərlərində, dekabr ayında Roma şəhərində Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş konsert proqramları ilə çıxışlar etmişdir.[13] 2014-cü il iyunun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Afinanın "Meqaro Muzikis" Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.[14]

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

[redaktə | mənbəni redaktə et]

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü. Hacıbəyli ilə yanaşı Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman HacıyevRamiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayevdir.[15]

Azərbaycan Dövlət Xor Kapellası

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Dövlət Xor Kapellası Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edərkən, 2009

Azərbaycan Dövlət Xor Kapellasının əsası 1926-cı ildə Üzeyir Hacıbəyov tərəfindən çoxsəsli xor yaradılmasına cəhd edilməsi ilə qoyulmuşdur. 1966-cı ildə Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir.[16]

Azərbaycan Dövlət Fortepiano Triosu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fortepiano triosunun iştirakçıları Töhfə Babayeva (skripka), Nərgiz Əliyarova (fortepiano) və Səbinə İbrahimovadır (violonçel). Fortepiano Triosunun repertuarında Azərbaycan və xarici bəstəkarların əsərləri yer alır.[17]

Azərbaycan Dövlət Simli Kvarteti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Simli Kvartetin iştirakçıları Uran Seyidov (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıxdir (violonçel). Simli Kvartet 1998-ci ilin sentyabrında Parisdə UNESCO xətti ilə keçirilən Q. Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış edib.[18]

Azərbaycan Dövlət Rəqs Ansamblı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ xalq artisti Leyla VəkilovaƏlibaba Abdullayev rəhbərlik etmişlər. Məhz bu sənətkarların əməyi sahəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir.[19] 1984-cü ildən bu günədək ansambla Afaq Məlikova rəhbərlik edir. Dövlət Rəqs Ansamblına "Əməkdar kollektiv" fəxri adı verilmişdir. Peşəkarlardan ibarət olan bu kollektiv bir çox beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, mədəni proqramaların, dövlət səviyyəli irimiqyaslı tədbirlərin iştirakçısı olmuşdur. O, 1979-cu ildə Beynəlxalq Karfagen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür.[19]

  1. 1 2 3 Fətullayev-Fiqarov, Şamil. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb. 2013. səh. 243. (#accessdate_missing_url)
  2. 1 2 3 4 Сулейманов, Манаф. Дни минувшие (Исторические очерки). Баку: Азернешр. 1990. səh. 14. (#accessdate_missing_url)
  3. 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb. 2013. səh. 244. (#accessdate_missing_url)
  4. Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 133. (#accessdate_missing_url)
  5. "Казино в Монте-Карло? Нет, Филармония в Баку!". olaylar.az. 25.04.2016. 27 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.
  6. 1 2 3 4 "Tarixi". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 11 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.
  7. 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 132. (#accessdate_missing_url)
  8. 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2013. səh. 135. (#accessdate_missing_url)
  9. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Dövlət Simfonik Orkestrı". anl.az. Azərbaycan Milli Kitabxanası. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  10. "Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  11. "Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri". Səs qəzeti. Azərbaycan Milli Kitabxanası. 2010.- 10 iyul. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  12. "Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrı". azerbaijans.com. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  13. "Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrı". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  14. "Yunanıstanda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti". heydar-aliyev-foundation.org. 9 iyun 2014. 2018-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  15. "Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  16. "Azərbaycan Dövlət Xor Kapellası". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  17. "Azərbaycan Dövlət Fortepiano Triosu". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  18. "Azərbaycan Dövlət Simli Kvarteti". filarmoniya.az. Azərbaycan Dövlət Filarmoniyası. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  19. 1 2 "Peşəkar rəqqaslar yetişdirən ansambl". Səs qəzeti. anl.az. 2010.- 7 dekabr. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  • Манаф Сулейманов — Дни минувшие (Исторические очерки), Баку, Азернешр, 340 səhifə.
  • Şamil Fətullayev-Fiqarov — Bakının Memarlıq Ensiklopediyası. Bakı, Azərbaycan Memarlar İttifaqı, Şər-Qərb, 528 səhifə
  • Şamil Fətullayev-Fiqarov — Bakıda şəhərsalma – XIX əsr və XX əsrin əvəllərində. Bakı, Azərbaycan Memarlar İttifaqı, 352 səhifə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]