Ceyrançöl öndağlığının relyefi

Ceyrançöl öndağlığının relyefi — Ceyrançöl öndağlığı inzibati cəhətdən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl rayonlarına daxil olub, şimal və şimal-qərbdən Gürcüstanla sərhədlənir. Cənubdan Kür çayının orta axımı, cənub-şərqdən isə Mingəçevir su anbarının sahilləri ilə həmsərhəddir.

Onun şimal-qərbdən cənub-şərqə doğru uzunluğu təxminən, şimaldan-cənuba doğru eni isə 15-30 km-ə qədərdir. Ümumi sahəsi isə 250 min hektardan çoxdur.

KürQabırrıçay çayları arasında yerləşən bu sahənin relyefində alçaq dağ tirələri, onların arasında yerləşən geniş çökəklik sahələr və düzənliklər əsas yer tutur. Bu relyef formaları üçüncü və dördüncü dövrlərin çay daşları, konqlomeratları, qumdaşı, lyosabənzər gillicə və gillərdən təşkil olunmuşdur. Ərazinin səthi şimaldan cənuba doğru pilləvari alçalır. Buradakı nisbi yüksəklik fərqi 200-400 m-ə qədərdir. Bu cür yüksəklik fərqi şimali-qərbdən cənubi-şərqə doğru da müşahidə edilir. 

Ceyrançöl öndağlığında Yaylaçı, Çobandağ, Ağtaxtəpə, Eldaroyuğu, Palantökən, Görükçalan, Bozdağ kimi müstəqil dağ tirələri ayrılır.

Bu dağ tirələri zəif parçalanmış maili şimal yamacları və intensiv parçalanmış dik, sıldırım cənub yamacları ilə xarakterizə olunur. Cənub yamaclar həmçinin bedlend və gil karstlarının çoxluğu ilə də seçilir. Bu dağ tirələrinin arasında Ceyrançöl, Karvanqıran, Qaradüz, Eldarsəs kimi geniş yayla və düzənliklər yerləşmişdir.[1]

Ceyrancöl öndağlığın relyefin formalaşma xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Relyefin formalaşmasında arid-denudasion proseslər əsas rol oynayır. Ərazidə ən yüksək dağ tirəsi Çobandağdır. Tirənin yamacları dağ-çöl bitkiləri və kolluqlarla örtülü olduğundan qismən zəif parçalanmışdır. Ceyrançöldəki monoklinal tirələr arasında yerləşən geniş düzənliklər əsas relyef formaları olub, çox geniş sahəsi tuturlar. Vəziyyətindən asılı olaraq bu düzənliklərin bəziləri eroziya prosesinə məruz qalmış, bəziləri isə müasir akkumulyasiya sahələrini təşkil edirlər. Əsasən eni bir neçə, uzunluğu isə 20- olan bu düzənliklər formaca müxtəlif olsalar da mənşəcə eynidirlər. Yarğan və qobuların intensiv inkişaf etməsinə baxmayaraq bu düzənliklər geniş sahələri əhatə etdiyi üçün böyük təsərrüfat əhəmiyyətinə malikdirlər.

Ceyrançöldə relyef və hidrogeoloji şəraitinə görə başqa düzənliklərdən fərqlənən Böyük Kəsik tirəsi ilə Kür çayı arasında, ərazinin ən qərbində yerləşən Qarayazı düzənliyi Ağstafa rayonunun Poylu kəndindən Gürcüstana qədər uzanır. Meyilliyi az və Kür çayına qədər olan bu düzənliyin qərb sahələri bataqlıqlaşmışdır.

Ceyrançöl ön dağlığında formalaşmış yarımsəhra-quruçöl iqlimi və zəif bitki örtüyü burada fiziki aşınma üçün əlverişli təbii şərait yaradır. Nəticədə dağ tirələrindən səthində müvəqqəti yağış suları vasitəsilə yuyulmuş allüvial-prolüvial çöküntülər ətəklərdə geniş şleyf sahələri əmələ gətirir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. M.A.Müseyibov, R.Y. Quliyev. Azərbaycan SSR-in geomorfologiyası. Bakı: 1974.
  2. M.A.Müseyibov, R.Y. Quliyev. Azərbaycan SSR-in geomorfologiyası. Bakı: 1974.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]