Cons Hopkins Universiteti (ing. The Johns Hopkins University[3]) — ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzi.
Cons Hopkins Universiteti | |
---|---|
Johns Hopkins University | |
39°19′44″ şm. e. 76°37′14″ q. u.HGYO | |
Əsası qoyulub | 1876 |
Tip | Özəl |
Rektor | Ronald Daniels |
Tələbə sayı | 4744 |
Şəhər | Baltimor |
Ölkə | |
Sayt | jhu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, Çində və Sinqapurda da kampusları mövcuddur. Cons Hopkins Universiteti Amerika Universitetləri Assosiasiyasının 14 üzvündən biridir. 2009-cu ilin martından Ronald Daniels universitetə prezident təyin edilib. Universitetin 33 məzunu Nobel mükafatına layiq görülüb.
1873-cü ildə xeyriyyəçi Cons Hopkins varisi olmadığından öz var-dövlətini universitet və xəstəxana tikintisinə sərf etməyə qərar verir və bu məqsədlə vəsiyyətnaməsində 7 milyon dollar ayrılmasını qeyd edir. ABŞ tarixində bu, ən böyük məbləğdə xeyriyyə vəsiyyətnaməsi olur. Beləliklə, 22 fevral (Corc Vaşinqtonun anadan olduğu gün) 1876-cı ildə yaradılan ali təhsil ocağına Cons Hopkins Universiteti adı verilir. Universitetin ilk prezidenti Daniel Koyt Gilman olub. Yarandığı gündən təhsil ocağının məqsədi elmi tədqiqatların rəğbətləndirilməsi, elmin inkişafında müstəsna xidmətləri olan alimlərin maddi vəziyyətlərinin yüksəldilməsidir.
Cons Hopkins Universiteti Vilhelm fon Humbolt, Fridrix Ernst Şleyermaxer tərəfindən hazırlanmış alman modelini birinci tətbiq edən ABŞ ali məktəbidir. İlk dəfə bu universitetdə mühazirələrlə birgə seminarlar keçirilib. Cons Hopkins Universitetində diplomdan sonrakı təhsilin inkişafına böyük əhəmiyyət verilir. Universitet doktorluq dissertasiyalarını çoxsaylı elmi jurnallarda, eləcə də 1878-ci ildə yaradılmış Cons Hopkins Universiteti mətbuatında ("Cons Hopkins Universiteti qəzeti", "Cons Hopkins jurnalı", "Bölmə nəşrləri", "Yeniliklər buraxılışı") nəşr etdirən ABŞ-nin ilk ali təhsil ocağıdır.
1889-cu ildə burada Cons Hopkins Hospitalının tikintisi başa çatır. 1893-cü ildə Tibb Məktəbi yaradılır və məktəb qızlarla oğlanların birgə təhsil aldığı ilk tibb məktəbi kimi tarixə düşür. Tibb sahəsini inkişaf etdirmək məqsədilə Uilyam Osler, Uilyam Halsted, Hovard Kelli, Uilyam Uelç kimi dünyada tanınmış müəllimlər Tibb Məktəbinə dəvət olunurlar.
1909-cu ildə universitetdə təhsilin davam etdirilməsi proqramı qəbul edilib, 1916-cı ildə isə burada ölkədə ilk İctimai Səhiyyə Məktəbi açılıb. 1950-ci ildə Vaşinqtonda universitetin Nitsşe Beynəlxalq Tədqiqatlar və 1977-ci ildə Baltimorda Pibodi İnstitutu yaradılıb.
Cons Hopkins Universitetinin əsas kampusu Homvud adlanır. Kampusun Şərqi Baltimorda yerləşdiyi 140 hektarlıq ərazi 1900-cü ildə əldə olunub. Kampusdakı bütün tikililər qırmızı kərpic və ağ mərmərdən inşa edilib, onlar gözoxşayan görünüşə malikdirlər. Hazırda bu binalar tarixi abidə hesab olunur və dövlət tərəfindən qorunur. Kampusun yaxınlığında Baltimor İncəsənət Muzeyi yerləşir. Homvudun ərazisində məşhur Deker bağı vardır. Əvvəllər Botanika bağı adlanan və biologiya kafedrasının əməkdaşları tərəfindən istifadə olunan bu bağ hazırda estetik məqsədlərə xidmət edir. Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu universitetin ən böyük rəsədxanalarındandır. Bu institut Habbl teleskopu vasitəsilə məlumatlar toplayır, onları analiz və idarə edir.
Cons Hopkins Universitetinin nəzdində aşağıdakı məktəb və institutlar fəaliyyət göstərir:
Universitetin Tibbi İnstitutlar kampusunda Tibb və Tibb Bacısı məktəblərindən başqa, Cons Hopkins Hospitalı, Cons Hopkins Beyvyu Tibb Mərkəzi, Cons Hopkins Sinqapur Beynəlxalq Tibb Mərkəzi, Hovard ümumi Dairə Hospitalı fəaliyyət göstərir. Universitetdəki elmi-tədqiqat mərkəzlərindən Dil və Nitq Mərkəzini, Cons Hopkins Siyasi Elmlər, Berman Biotexnika, Cons Hopkins İnformasiyanın Təhlükəsizliyi institutlarını qeyd etmək olar.
Cons Hopkins Universitetinin əsas xüsusiyyətlərindən biri burada təhsil alan tələbələrin önəmli tədqiqatlarda fəal iştirak etməsidir. Tələbələrin 80%-i oxuduqları 4 il ərzində öz sahələri üzrə müstəqil tədqiqatlar aparır. ümumiyyətlə, bu ali təhsil ocağı ABŞ-də tədqiqatlara ən çox sərmayə qoyan universitetlərdən biridir. Xüsusilə, universitet mədəniyyət, musiqi, tarix, biologiya və təbii elmlər, biotibbi texnika, yaradıcılıq, ingilis dili, roman dilləri, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, tibb, nevrologiya, xəstələrə qulluq, səhiyyə, siyasi nəzəriyyə sahələri üzrə əldə etdikləri nailiyyətləri ilə fəxr edir. 1999-2009-cu illər ərzində Cons Hopkins Universiteti dünyada ən çox məqalələri çap olunan tədqiqat mərkəzləri siyahısındadır (Harvard Universiteti və Maks Plank Cəmiyyətindən sonra üçüncü yerdə).
2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
24 | 22 | 19 | 20 | 19 | 20 | 19 | 18 | 18 | 17 | 17 | 17 | 16 |
2015/16[18] | 2014/15[19] | 2013/14[20] | 2012/13[21] | 2011/12[22] | 2010/11[23] |
---|---|---|---|---|---|
16 | 14 | 16 | 16 | 16 | 17 |
2015/16[24] | 2014/15[25] | 2013/14[26] | 2012/13[27] | 2011/12[28] | 2010/11[29] |
---|---|---|---|---|---|
11 | 15 | 15 | 16 | 14 | 13 |
Cons Hopkins Universitetinin kitabxana sistemi 3,6 milyon cilddən çox kitaba malikdir. Universitetin əsas kitabxanaları Homvud kampusunda yerləşən Şeridan və Milton Eyzenhaver kitabxanalarıdır. Milton Eyzenhaver kitabxanası (tələbələr tərəfindən "MSE" adlandırılır) 2,6 milyon cilddən çox kitaba, 20 min jurnala malikdir. Kitabxanaya ABŞ-nin sabiq prezidenti DVayt Eyzenhaverin qardaşı, universitetin prezidenti olmuş Milton Eyzenhaverin adı verilib. Qeyd edək ki, Miltonun Cons Hopkins Universitetində prezidentliyi zamanı təhsil ocağı sürətlə inkişaf edib, universitetin gəlirləri üç dəfə artıb, geniş tikinti-quruculuq işləri aparılıb. Universitetin inkişafı üçün gördüyü işlərə görə Milton Eyzenhaver "fəxri prezident" adına layiq görülüb.
Universitetin başqa kampuslarında yerləşən kitabxanalardan tibb sahəsi üzrə Uiliyam Velç, Tibb Tarixi İnstitutu, Adolf Meyer, Beyvievdə Harold Harison, Cons Fridenvold Memorial (Uilmer Göz İnstitutu), Karol Qrey Tibb Bacısı Resurs Mərkəzi, Abraham Laylinfild, Keri Biznes Məktəbinə aid Kolumbiya,Vaşinqton, Dauntaun Mərkəzi, Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin R.Sidney və V.Elza Mason, Boloniya Mərkəzi, Con Vork Cerret, JSkolarşip kitabxanalarını, Alan Mason çisni Tibb, Ferdinand Hamburger Universitet, Pibodi İnstitutu arxivlərini qeyd etmək olar.
Dünyanın başqa universitetlərində olduğu kimi, Cons Hopkins Universitetinin tələbələri də buradakı yataqxanalarda yaşayaraq təhsil alırlar. Lakin bu təhsil ocağında yataqxanalarla tam təminat əsasən I-II kurs tələbələri üçün nəzərdə tutulub.
Cons Hopkins Universitetində təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirilir, elektriklə işləyən nəqliyyat vasitələri yaradılır, suya qənaət edilir, təbii qidalara üstünlük verilir və s. Tələbələr nəqliyyat vasitəsi kimi velosipedlərdən istifadə edirlər.
Cons Hopkins Universitetində hazırda 19000-dən çox tələbə təhsil alır. Onların 4744-nü bakalavr, 14275-ni doktorant və magistrlər təşkil edir. Universitetdə 15000 nəfərdən çox professor-müəllim heyəti çalışır. Cons Hopkins Universitetinin missiyası tələbələrə elm öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək, müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli töhfələr verməkdir. Bu qədim ali təhsil ocağının dünya elminin inkişafında əldə etdiyi mühüm və əlamətdar yeniliklər danılmazdır.