Cotinus

Sarağan (lat. Cotinus)[1] - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.[2]

Sarağan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree[3]

Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqustsentyabr aylarında meyvə verir.[3]

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır. Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 900 m qədər) bitir.[3]

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir. Əsasən quru, daşlı və qayalı yamaclarda bitir. Aran yerlərdə qırmızı ardıcla birgə seyrək meşələr əmələ gətirir.[3]

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Sarağanın tərkibində C vitamini, flavonoid, antosian, karotinoid, qlükozidlər, eləcə də efir yağları, steroidlər və aşı maddələri vardır.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərmanbitkisidir. Elmi və xalq təbabətində, eləcə də farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar,revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu, büzüşdürücü, yarasağaldıcı, iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalicə məqsədi ilə bitkinin yarpaqları, qabığı və budaqları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə, məhlul və mazlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Dekorativ, balverən,boyaq və efir yağlı bitkidir (yarpaqlarından alınan efir yağı ətriyyatda istifadə olunur).[3]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 3 4 5 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011