Cvanenq almaz yatağı

Cvanenq almaz yatağı

Cvanenq almaz yatağı (ing. Jwaneng) — Botsvanada, Qaboron şərqdən 110 km qərbdə almaz yataqları qrupu. Ehtiyatına və hasil edilən almazın illik dəyərinə görə dünyada ən iri yataqlardan biridir.[1]

1970-ci ildə kəşf edilmiş, 1982-ci ildən açıq üsulla istismar olunur. Karxananın dərinliyi 273 m-dir (2004); 600 m dərinlikdən sonra yatağın yeraltı istismarı nəzərdə tutulur. 720 m dərinliyədək yatağın ümumi ehtiyatı 428 mln. kar-dır (1,65 mm-dən böyük almazlar üçün). Yataqlar kimberlit tiplidir; Arxeyin Kalahari kratonunun mərkəzi hissəsinə aid edilir. 12 kimberlit borusu aşkar olunmuşdur, yalnız biri (Erkən Trias yaşlısı) sənaye əhəmiyyətlidir. Yan süxurlar Paleozoy-Trias daykaları ilə yarılmış Proterozoy yaşlı dolomit və gil şistlərindən ibarətdir. Örtük çöküntülərinin qalınlığı 65 m-dir.

Ən böyük borunun sahəsi (Dördüncü dövr çöküntüləri altında) 52 ha-dır. Dərinliyə getdikcə borunun ölçüsü kiçilir və Şimalı, Mərkəzi (almazın maks. Konsentrasiyası buradadır), Cənub və Dördüncü borulara parçalanır. Boruların yan divarları dikdir; 600 m dərinliyədək yalnız krater fasiyası süxurları ilə dolmuşdur, hipabbisal və diatremfasiyalar hələ aşkar edilməmişdir. Şimal borusunun mərkəzi hissəsində, digər borulardan fərqli olaraq, piroklastik əmələgəlmələr aşkar olunmuşdur. Süxurlarda almazın orta miqdarı 1,20–1,35 kar/t-dur. Dərinliyə getdikcə almazın miqdarı artır.

2005-ci ilədək 15,6 mln. kar almaz hasil olunmuşdu. 25–35%-i zərgərliyə yararlıdır; 2 və daha çox kar almazın payı yüksəkdir. İndiyədək hasil olunmuş almazlardan ən böyüyünün kütləsi 350 kar-dır. Almazlar əsasən rəngsiz və şəffafdır, nadir hallarda sarı və açıq-yaşıl rənglərinə rast gəlinir.  [1]

  1. 1 2 Cvanenq almaz yatağı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 418.