Dövlət quruluşunun forması — dövlətin və ya birliyi təşkil edən dövlətlərin ərazi təşkili metodu. Dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir.
Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi quruluşu" termini daha çox istifadə olunur, çünki bu, dövlətin ərazi hissələri arasında müəyyən müstəqilliyin mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, unitar dövlətə münasibətdə vahid dövlətin dövlət orqanlarının ərazi quruluşunu xarakterizə edən "inzibati-ərazi quruluşu" termini daha çox istifadə olunur. Bu terminlərin hər ikisi "idarəetmə forması" termininin sinonimidir və ona eyni məna ilə tətbiq olunur[1].
Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Dövlətin tərkib hissələri arasında suverenliyin mövcudluğundan və ya olmamasından asılı olaraq dövlət quruluşu aşağıdakılara bölünür:
Dövlətlərarası birliklər, birliklər və dövlətlərin icmaları idarəetmə formalarına aid deyil, eyni zamanda, dövlət və hüquq nəzəriyyəsinə dair əksər kurslarda[2][3] bu qurum çərçivəsində nəzərdən keçirilir və öyrənilir.
Unitar dövlət (latın dilində "unitas" — "vahid", "tək" deməkdir) — sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati-ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda, milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Ayrıca, unitar dövlətin inzibati-ərazi vahidlərinin mərkəzi hakimiyyət orqanlarına tabe olmaq dərəcəsindən asılı olaraq bunlar var:
Federativ dövlət (latın dilində "fedus" — "ittifaq" deməkdir) — mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının — federasiya subyektlərinin birliyinin nəticəsidir. Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər. Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə — federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara — federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.
Konfederasiya (latın dilində "konfederasio" — "birlik" deməkdir) — federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur. Lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya hüquqi müddəaların da əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin — ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul dövriyyəsi mövcud deyil. Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri məxsusdur.