Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı.
Dünya Azərbaycanlılarının IV Qurultayı | |
---|---|
Keçirilmə tarixi | 3-4 iyun 2016 |
Keçirildiyi yer | Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan |
İştirakçılar | dünya azərbaycanlıları |
Müzakirə edilən məsələlər |
|
Nəticələr | Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi |
Ardıcıllıq | |
İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı.[1] Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib.[2]
İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi.[1]
2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir.[3] Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.[3]
Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir. Daha sonra qurultay gənclər , informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam etdirilmişdir. "Müasir dövrdə informasiya müharibəsi — müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə — Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında da panel iclasları keçirilmişdir.
Həmçinin iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri" mövzusunda panel sessiyası da keçirilib.[1]
İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etmişlər.[4]
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib. "Gülüstan" sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Dövlət başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 41 nəfər "Tərəqqi" medalı, iki nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[1]
Qurultayın yekununda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunmuşdur. Qurultay iştirakçıları növbəti dəfə prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçmişlər.
Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqlənmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçilmişdir.
Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin plaketləri təqdim olunmuşdur.[4]