Dünya Azərbaycanlılarının III Qurultayı

Dünya Azərbaycanlılarının III QurultayıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı.[1][2]

Dünya Azərbaycanlılarının III Qurultayı
Keçirilmə tarixi 5-6 iyul 2011
Keçirildiyi yer Azərbaycan Heydər Əliyev Sarayı, Bakı, Azərbaycan
İştirakçılar dünya azərbaycanlıları
Müzakirə edilən məsələlər
  • Azərbaycan diasporunun qarşısında duran vəzifələr
Nəticələr Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi
Ardıcıllıq

"Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir.

İştirakçılar

[redaktə | mənbəni redaktə et]

Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28[3], İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir.[4]

Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır[3]. Bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak etmişdi.[4]

Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, axısqa türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də olmuşdur[3].

Qurultaydan başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.[2]

Daha sonra qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad edirlər. Qurultay nümayəndələri həmçinin şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət edib, əklil qoyublar.[2]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı "Dostluq" ordenini"Tərəqqi" medalını təqdim etmişdir.[4]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli Sərəncamı oxunduqdan sonra, Prezident Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömürə, Azərbaycan Universitetinin fəxri doktoru Ertan Demirtaşa, "Azİs" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqala, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Mehmet Akkan Suverə, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günselə, Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Kolesnikova "Dostluq" ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə "Tərəqqi" medalını təqdim etdi.[4]

Qurultayda "Gücümüz birliyimizdədir!" sənədli filmi nümayiş etdirilmişdi.[5]

Qurultay zamanı iştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti və qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti yekdilliklə qəbul etdilər. Qurultayda, həmçinin 2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etməsi və şuranın icra katibliyinin yaradılması qərara alındı. Qurultay iştirakçıları Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə şuranın icra katibi vəzifəsinə seçdilər. Qurultayda qərara alındı ki, Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırıldı.[4]

Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb[6].

  1. "Qurultaylar" (az.). https://www.azerbaijans.com. Archived from the original on 2023-02-22. İstifadə tarixi: 22 fev 2023.
  2. 1 2 3 "İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında iştirak etmişdir" (az.). https://president.az. Archived from the original on 2023-03-01.
  3. 1 2 3 "BAKIDA DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.
  4. 1 2 3 4 5 "Dünya Azərbaycanlılarının III Qurultayı" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2022-12-07. İstifadə tarixi: 3 mart 2023.
  5. "Dünya azərbaycanlılarının III qurultayı" (az.). http://anl.az. Archived from the original on 2023-07-07. İstifadə tarixi: 3 mart 2023.
  6. "PREZİDENT İLHAM ƏLİYEV YENİDƏN DÜNYA AZƏRBAYCANLILARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ SƏDRİ SEÇİLİB". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]